Bir neçə gün əvvəl Canni De Byazi qarşıdakı yoldaşlıq görüşləri üçün millinin 29 nəfərlik heyətini açıqladı.

Bəzi dəyişiklikləri nəzərə almasaq, çoxu martdakı oyunlara dəvət alanlardır. Bu dəfə müxtəlif səbəblərdən Şahruddin Məhəmmədəliyev, Amin Seydiyev, Tellur Mütəllimov, Xəyal Nəcəfov, Mahir Emreli və Amin Seydiyev olmayacaqsa, əvəzində Höccət Haqverdi ilə Rüstəm Əhmədzadə debüt imkanı qazanacaq.

Seçim baş məşqçinindir, özü bilər. Payızdakı seçmə mərhələ oyunları üçün əlinə düşdüyü fürsətdən maksimum yararlanmağa çalışır. Bu dəfəki sınaq matçlarında bəzi futbolçuları da sınamaq qərarına gəlibsə, məsələ aydındır.

Aydın olmayan məsələ “Sumqayıt”lıların indiki toplanışda da çoxluq təşkil etməsidir. De Byazi bürünc medallara sahib olan komandadan 8 nəfəri yığmaya dəvət edib. Bu isə cari mövsümə qədərki son 7 ilin çempionu olan, elə bu sayda avrokubokların qrup mərhələsində çıxış edən “Qarabağ”dan cəmi 1 nəfər azdır. Yəni bu iki komandadan milliyə 17 nəfər çağrılıb. Çempion “Neftçi”dən sevinənlərin sayı isə 3 nəfərdir – Namiq Ələsgərov, Emin Mahmudov və Anton Krivotsyuk.

Hansısa jurnalist baş məşqçiyə bununla bağlı sual ünvanlasa, hansı cavabı alacağı indidən məlumdur. Seçimin özünə məxsus olduğunu deyib, futbola yanaşmasının bu cür olduğunu bildirəcək. Sualı verməyə peşman olacaqsan. “Sükan” əlindədirsə, istədiyi yerə “sürmək” imkanı və bacarığı var.

İtalyan mütəxəssisə və havadarlarına səslənərək bildirmək lazımdır ki, “Neftçi”də şanlı formanı geyməyə layiq olanların sayı kifayət qədərdir. Çempionluqda böyük pay sahibi olmuş Aqil Məmmədov, sağ cinahın dəyişməz ağasına çevrilən Ömər Buludov, hücumçu keyfiyyətləri yığmada oynamağa imkan verən Mirabdulla Abbasov. “Zirə”nin özündə də Sərtan Taşqınla Elvin Camalovdan başqa milli potensialına sahib futbolçuları görmək olar.

Ola bilsin, De Byazinin gözləri "Sumqayıt"dakı sevimlilərindən başqa heç kimi görmür. Ola bilsin, "Neftçi"nin yerlilərini bəyənmir. Ola bilsin, bilmədiyimiz başqa nələrsə var. Amma futbolla maraqlanan istənilən biri adama "Sumqayıt"dan 8, çempiondan 3 nəfər?" sualını verəndə, cavab verməyə söz tapmaq olmur. Yəqin ki, millimizin italyan məşqçisi tapar...

HƏBİB