“Bu gün “Səbail” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
Əvvəlcə gündəlikdə duran məsələlər haqda məlumat verilib. Daha sonra klub rəhbərliyi üzvlərə ötən mövsümdə görülən işlər, maliyyə göstəriciləri və nəticələr haqqında hesabat təqdim edib. Həmçinin yeni futbol ili ilə bağlı planlar və görüləcək işlər haqqında da danışılıb.
Üzvlər görülən işləri qənaətbəxş hesab edib və yeni mövsümlə bağlı fikirlərini səsləndirib. İclasın sonunda əsas komandanın baş məşqçisi məsələsi müzakirəyə çıxarılıb. 3 ildir baş məşqçi vəzifəsini icra edən Aftandil Hacıyevin namizədliyi təsdiqlənib. Ona və komandaya yeni mövsümdə uğurlar arzulanıb” – “Səbail”in bugünkü iclasından sonra klubun saytında yer alan məlumatdır.
Yazının ilk cümləsindəki “Səbail” sözünü təsadüfən gözdən qaçırsan, adama elə gələr ki, məlumatı “Neftçi” yayıb. Yeni futbol ili ilə bağlı planlar, görüləcək işlər, qənaətbəxşlik, baş məşqçi məsələsi, fişəng, atəşfəşanlıq, şampan…
Elitanı sonuncu pillədə başa vuran komandanın rəhbərliyinin ictimaiyyətə bu cür məlumat təqdim etməsinin özü bir istedaddır. Komanda mövsümboyu turnir cədvəlinin zirzəmisində çabalayıb, baş məşqçi hər mətbuat konfransında imkansızlıqdan gileylənib, futbolçular fevralın maaşını aprelin sonunda alanda seviniblər, komandanın işıqlı gələcəyi hələ də sual altındadır, amma adamlar çıxıb hesabatdan, görüləcək işlərdən danışırlar. Bu adamlar nə yeyib, nə içir, hansı havadan udurlar görəsən?
Başqa ölkədə yaşasaydıq, Aftandil Hacıyevə keçmişdəki xidmətlərinə görə uğurlar arzulayıb, qapını göstərərdilər. Bizdə əksinədir. Çünki Hacıyev pulsuzluğa baxmayaraq, mövsümboyu dişini-dişinə sıxıb işlədi, komandada xaosun yaranmasına imkan vermədi, jurnalistlərin klubla bağlı suallarını “malaladı”. Qısası, “Səbail”in həqiqətən futbol klubu olduğunu göstərmək üçün əlindən gələnin ən yaxşısını etdi. Rəhbərlik də bunun qarşılığında “daha 1 il yola davam” mesajını verdi. Ki, bundan sonra da işlər rəvan getsin.
Müşahidə Şurasında, lap elə klub rəhbərliyində təmsil olunanlardan kimin nə danışdığını bilmirəm. Bildiyim odur ki, iclas formallıq prinsiplərinə arxa çevirməmək üçün baş tutub. Bunun özü bir faciə imişkən, ikinci faciəyə - nəticələri və görülən işləri qənaətbəxş hesab etdiyinizi bildirməyə nə gərək vardı?
Mütləq ki, məlumatı Qvatameladan olan azarkeşlər üçün hazırlanıb. Ki, binəvalar “Səbail”in peşəkar klub olduğunu düşünüb, həmyerliləri Hagenin böyük komandada oynadığının təsəvvür etsinlər. Amma bir şeyi unudublar – məlumatın altına turnir cədvəlini kəlləsiüstə yerləşdirməyi. Qvatamelalılar üçün onu da etsəydilər, deyərdim, əsl işgörəndirlər.
HƏBİB