Vüsal Məsiyevin final fitindən sonra meydanın ayrı-ayrı hissələrində fərqli ab-havaya şahidlik etməyimiz normal idi. “Qarabağ”ın sanki dünya tərsinə fırlanırmış kimi şoka düşən futbolçuları, təmkinini pozmayan Qurban Qurbanov, bizdən sağ tribunada azsaylı ağdamlı azarkeşlər və gördüklərinə inana bilməyən jurnalistlər...

“Neftçi”lilər isə olduqca sevincliydi. Heç vaxt olmamış və bir daha olmayacaqmış kimi. Sonuncu dəfə 2013-cü ildə əldə olunan çempionluğun üstündən düz 8 il keçirdi. Bu müddətdə bakılıların əsas rəqibi “Qarabağ” çempionluqları sıralamış, avrokuboklarda qrup mərhələsində çıxış etmədiyi il olmamışdı. Odur ki, “ağ-qaralar”ın sevinci təkcə mövsümü birinci pillədə başa vurmağa görə yox, həm də “Qarabağ” boyda klub-komandanı qabaqlamağa görəydi. O coşqu daşının altında “div”i yerə sərmək sevinci gizlənirdi.

“Neftçi”nin çempionluğunu Məsiyevin “köhlən atlar”ın qapısına təyin etmədiyi penaltilərlə əsaslandıranlar da tapıldı, Patriklə Mahirin zədələnməsində, Abdullahın əvəzlənməsində görənlər də. Bəlkə də bu və digər məqamlar yekun nəticəyə hansısa mənada təsir etdi. Bəlkə də “Qarabağ” rəqibini bütün statistik göstəricilərdə üstələdi. Bəlkə də qələbəyə layiq olan tərəf idi. Amma...

“Amma”sı elə bir faktdır ki, ona diqqət yetirəndə dilin-matın quruyur. Başa çatan mövsümdə “Qarabağ”la “Neftçi” arasında keçirilən 4 oyunun 3-də bakılılar sevinən tərəf olub – 2:1, 2:1, 1:0. Ağdamlılar yalnız bir dəfə - Füzuli Məmmədovun dönəmində “ağ-qaralar”ı meydana çıxmağa peşman edib – 6:0.

Dünənki mətbuat konfransında Qurban Qurbanov da məhz bu məqamla bağlı suala konkret cavab verməkdə çətinlik çəkdi. Sırf buna görə deməyə söz tapmadığını bildirib, həmin yenilgilərin möcüzəyə bənzədiyini açıq şəkildə dilinə gətirdi. Dolayı yolla “Neftçi”nin çempionluğa layiq olduğunu etiraf etmiş oldu. Bəli, iki rəqibin 4 qarşılaşmasının 3-nü bir komanda qazanırsa, orda şübhədən, qərəzdən, başqa hansısa amillərdən danışmaq insafsızlıq olar.

Növbəti avrokubok mövsümündə “Avropa fatehi”miz olan “Qarabağ”ı Çempionlar Liqasında görməyəcəyik. Əvəzində ad olaraq hələ yarım əsr bundan öncə özünü sevdirməyi bacaran “Neftçi” ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edəcək. “Qarabağ” isə Konfrans Liqasında uğur qazanmaq üçün savaşacaq. Əsl mübarizə bundan sonra başlayır. Uğurlar, “Neftçi”! Uğurlar, “Qarabağ”!

HƏBİB