Dünən saytımızda "İmkansız atanın fəryadı" başlığı altında yazı dərc olunmuşdu.
Hazırda 17 və 19 yaşa qədər futbolçular arasında Gənclər Kuboku və U-17 Kubokunun birinci mərhələsi davam edir. Bayram günlərində, yəni ictimai nəqliyyatın işləmədiyi dönəmlə belə bir turnirin keçirilməsi imkansız ailələrə müəyyən çətinlik yaradıb. Birinin maşını yoxdur, bir başqasının taksiyə verməyə pulu. Vəziyyətin bu cür olması isə bəzi valideynlərin narahatlığına səbəb olub.
Offsideplus.az məsələni diqqət mərkəzində saxladığından, yarışı keçirən qurumdan - AFFA-dan açıqlama almağı lazım bildik. Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb, mövzuyla bağlı suala aydınlıq gətirməsini xahiş etdik. Qurumun sözçüsünün cavabı belə oldu: "Dediyiniz məsələ ilə bağlı AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Vəliyevlə danışdım. Yusif bəy yarış günlərini müəyyən etməmişdən öncə klublarla əlaqə saxlanıldığını və fikirlərin dinlənildiyini bildirdi. Klub rəsmiləri futbolçuların oyunlara gəlib-getmə məsələsini özlərinin təşkil edəcəyini bildirib. Halbuki, ictimai nəqliyyatın işləməyəcəyi ilə bağlı məqam bizim tərəfdən nəzərə alınmışdı.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, mayın 20-dən sonra aşağı yaş qruplarından ibarət millilərin təlim-məşq toplanışları olacaq. Belədə turniri başqa vaxta keçirmək də mümkün deyildi. Yenə deyirəm, bəzi valideynlərin narazılığına səbəb olan məsələdə AFFA-nın günahı yoxdur".