İki gün əvvəl AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra 2 vacib qərar qəbul etdi;

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün bu klublara lisenziya verilsin: "Qarabağ" FK, "Neftçi" PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK.

2. Premyer Liqa yarışlarında iştirak etmək üçün bu klublara lisenziya verilməsin: “Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK.

İşin birinci tərəfi ilə işim yoxdur. Onsuz da “Səbail”lə “Qəbələ” qarşıdakı 2 turda əlləri ilə göyə dırmaşsalar da, avrokuboklarda iştirak şansları mümkün deyil.

Əsas siqnal 2-ci qərarın altındadır - Birinci Divizion klublarına növbəti mövsümdə elitada iştirak imkanının verilməməsi. Yəni son bir neçə ayda ürəyinin dərinliyində Premyer Liqanı arzulayan bölgə futbolsevərləri vardı ha, tovuzlu, zaqatalalı, gəncəli fanatlar, AFFA-nın saytındakı bu xəbər birbaşa onlara ünvanlanmışdı. Ki, gedin əkin-biçinlə məşğul olun, 3-5 manat pulunuzu qazanıb, həyatınızı yaşayın. Böyük futbol ölkənin digər şəhər və rayonları üçün yox, sırf Bakı üçün nəzərdə tutulub.

Düzü, belə vəziyyətdə sırf AFFA-nın yaxasından yapışmaq da olmur. Kimi dindirsən, deyəcək, Premyer Liqada bu qədər klub saxlayırıq, beynəlxalq yarışlara, turnirlərə “en” qədər pul xərcləyirik, yüksək dəstədə əlavə 2 kluba da sponsorluq etmək mümkün deyil.

Klubları divara dirəsən, biri çıxıb deyəcək ki, hər cür şəraitimiz var, gələcəyin messiləri, ronaldoları Premyer Liqada oynamaq üçün alışıb-yanır, di gəl, bir pullu kişi çatmır arxamızda dayansın.

Yəni problemlər zəncirvari bir-birinə bağlıdır. Ona görə də hesabat tələb etmək üçün konkret adam yoxdur. Sudan quru çıxmaq üçün hər bir şəxsin deyəcək sözü var. Olsun, nə deyirik? Onsuz da öyrəncəliyik.

Vəziyyət illərdir bu cür davam edirsə, yaxşıya doğru dəyişiklik yoxdursa, Birinci Divizionda mübarizə aparmağın mənası nədir? Nədir o çempionatı keçirməkdə məqsəd? Kimə, nəyə, lazmdır, kimin maraqlarına xidmət edir? Bir halda ki, elitadan “aşağı” komanda düşmür, əks marşrutla aşağı dəstədən “yuxarı” komanda yüksəlmir. Avrokuboklara vəsiqə qazanmayacağını əvvəldən bilər Premyer Liqa komandalarını narahat edən heç nə yoxdur. Həmçinin elitada olmayacağını hələ çempionat başlamamış bilən Birinci Divizionun iştirakçıları taleyləri ilə əvvəldən barışmış kimidirlər. Qısası, ssenarisi əvvəldən yazılmış, izləyici kütləsi 300-500 nəfər olan serialdır. Sonda nələrin baş verəcəyini bilə-bilə oturub baxırıq.

Hərdən qulağıma “dəli şeytan” pıçıldayır: “Görəsən, Birinci Divizionda çıxış edən klublar mübarizədən çəkilsələr, nə olar, AFFA-dakılar nə edər?”

Hə, AFFA-dakılar, nə edərsiniz? Çəkilməzlər, çəkilə bilməzlər, deyilmi?

HƏBİB