Sonuncu dəfə 2019-cu ildə milliyə dəvət olunan Eddi İsrafilov artıq xeyli vaxtdır yığmada görünmür. Canni de Byazinin gəlişindən sonra ölkənin əsas komandasına dəvət olunmayan 28 yaşlı futbolçu “Albasete”də daim oynayır, aparıcı futbolçulardan sayılır.

Müxtəlif vaxtlarda haqqında müxtəlif şayiələr dolaşan Eddi ilə söhbətimiz La Liqa ilə əməkdaşlıq çərçivəsində baş tutdu. Dünən İsrafilovla “skype” vasitəsilə söhbətləşdik.

Azərbaycanlı futbolsevərlər üçün ilk müsahibəni Offsideplus.az saytına verən futbolçu ünvanladığımız bütün sualları həvəslə cavablandırdı.

- Klubundan başlayaq. Özünü “Albasete”də necə hiss edirsən?

- Burda özümü əla hiss etdiyimi deyə bilərəm. Şəhər əladır, insanlar mükəmməldir. İstiqanlı insanları var buranın. Küçədə, marketdə - harda görürlərsə, yaxınlaşıb hal-əhval tutur, hansısa köməyə ehtiyac duyduğunu soruşurlar. Sadəcə, Albasete soyuq şəhərdir. Belə deyim, əsl soyuğu sevənlərin yeridir (gülür).

- 2019-cu ildən şərəfini qoruduğun komandanın aparıcı üzvünə çevrilməyi bacardın. Belə tez uyğunlaşmağının kökündə nə dayanır?

- Bildiyiniz kimi, uzun illərdir burda oynayıram. Sequndada kifayət qədər təcrübəm var. “Albasete”yə gələndə futbolçuların çoxunu tanıyırdım. Çünki öncəki mövsümlərdə bir-birimizə qarşı rəqib qismində çıxış etmişdik. Ona görə də gəldiyim gündən mənə dəstək oldular, yanımda olduqlarını göstərdilər. Digər tərəfdən özüm də çox çalışdım. Məşqlərdə əlimdən gələni edirəm ki, baş məşqçinin etimadını qazanım.

IMG 3962

- “Albasete”də ən çox diqqətini çəkən nədir?

- Burdakı mehribanlıq, daha dəqiq desəm, kollektiv. Futbolçu yoldaşlarım, məşqçilərimiz, klubda, ofisdə çalışanlar olduqca mehribandırlar. Sanki neçə illərdir birlikdə çıxış edirik. Ailə mühiti var komandada. Bu da adama xoş gəlir.

- Sequndada gərgin mübarizənin şahidi olmaqdayıq. 16-cı sırada yer alan komanda ilə 22-ci sırada qərarlaşan komanda arasında cəmi 7 xal fərq var. Aşağı dəstədə bu cür rəqabətin səbəbi nədir?

- Klubların seleksiya qabiliyyəti, yəni futbolçuların səviyyəsi. Sequndanın adına baxmayın, çempionatda çox səviyyəli futbolçular top qovur. Başqa liqalardakı kimi çempionluq üçün 3-4 komanda oynamır. Yaxud da mövsümün sonuna 5-6 tur qalmış çempionatı hansı komandaların tərk edəcəyi bilinmir. Rəqabət güclüdür, bu da, dediiyim kimi futbolçuların səviyyəsinə görədir. Bu gün Sequndada “Real”, “Barselona”, “Atletiko” kimi komandaların akademiyalarında yetişmiş kifayət qədər futbolçu çıxış edir.

- Klubların maddi imkanları necədir?

- Səviyyəli futbolçular oynayırsa, deməli, maliyyə baxımından vəziyyət yaxşıdır. Dünyanın böyük ölkələrinin aparıcı klubları Sequndanı diqqətdə saxlayır. Yəqin ki, bu liqadan güclü çempionatlara gedən futbolçulardan xəbərdarsınız.

1616259204 753793 1616260056 noticia normal recorte1

- Millidə çiyin-çiyinə çıxış etdiyin futbolçulardan kimlər Sequndada oynaya bilər?

- Belələri çoxdur. Konkret kimlərinsə adlarını çəkə bilmərəm. Məsələn, Qara Qarayev, Dmitri Nazarov... Bir-bir ad çəkməyim doğru olmaz, Azərbaycanda bacarıqlı futbolçular çoxdur.

- Bəlkə legioner həyatı yaşamaları üçün köməklik edəsən, məsləhət verəsən?

- Bu barədə söhbətimiz olub. Mən də İspaniyada oynayan, buraları yaxşı tanıyan biri kimi onlara hansısa mənada yardım edə bilərəm. Sadəcə, Azərbaycanda rahatdırlar. Əvvəla ona görə ki, komandaları hər il avrokuboklarda çıxış edir. Digər tərəfdən ailələrinin, doğmalarının yanındadırlar. Bir başqa məsələ dil problemidir. Yəqin ki, bilirsiniz, İspaniya ingilisdilli ölkə sayılmır. İngilis dili burda istifadə olunmur. İspaniyada oynamaq istəyirsənsə, yerli dili öyrənməlisən. Müəyyən çətinliklər var.

- Yenidən La Liqaya qayıtmaq fikrin yoxdur?

- Futbolda sabah nə olacağını bilmək olmur. Düzdür, zəng edən, maraqlanan, soruşanlar var. Amma bu dəqiqə bütün diqqətimi “Albasete”nin çıxışına yönəltmişəm. Düşdüyümüz çətin durumdan birlikdə çıxmalıyıq. Ondan sonra gələcəklə bağlı düşünmək olar.

- Karyeranı Azərbaycanda davam etdirməyi necə, ağlından keçirirsən?

- Niyə də olmasın?! Nə vaxtsa mümkündür. Çünki nənəm və ana tərəfdən qohumlarımın çoxu Azərbaycandadır. Amma indiki vəziyyətdə İspaniyada, Avropada oynamaq istəyirəm.

eddi israfilov

- Nə vaxtsa Azərbaycan klublarından təklif almısan?

- Bəli, olub. Onda gənc idim, 22-23 yaşlarında. Həmin dövr üçün İspaniyanı tərk etmək istəmirdim.

- Keçək əsas məsələyə - millidən kənar qalmağına. Nə baş verir?

- Bilmirəm. Bunu baş məşqçidən, AFFA rəsmilərindən soruşmaq lazımdır.

- AFFA-yla aranda hansısa anlaşılmazlıq, problem olmayıb ki?

- Xeyr-xeyr. Əslində, ötən ilin sentyabr-oktyabr aylarında dəvət göndərmişdilər. Lakin həmin vaxt İspaniyanı tərk edib yenidən bura qayıtmağım problem idi. Getsəydim, qayıdanda testin cavabından asılı olmayaraq, 15 gün karantində qalacaqdım. Millinin düşərgəsində olduğum vaxtı da saysaq, 25 gün komandadan ayrı düşəcəkdim, məşqsiz qalacaqdım. Ona görə getməyə risk etmədim və bütün bunlar haqda AFFA-ya məlumat verdim. Həmin söhbətdən sonra dəvət gəlmədi.

- Kənardan elə görünür ki, sanki millidə oynamaqda həvəsli deyilsən.

- Bu cür fikirlər hardan yaranır, bilmirəm. Bir neçə dəfə mənə mətbuatda haqqımda mənfi yazıların dərc olunduğunu söyləyiblər. Düzdür, mən özüm azərbaycanca oxuya bilmirəm, amma Bakıdakı qohumlarım oxuyub, başa düşürlər. Guya mən yığmada oynamaq istəmədiyimlə bağlı açıqlama vermişəm, guya mən müharibədən qorxub Azərbaycana getməmişəm. Bunları kimlərar yazır, hardan yazırlar, bilmirəm. Bu illər ərzində Azərbaycan mətbuatına müsahibəni ilk dəfə sizə verirəm. İndiyə qədər heç vaxt danışmamışam. Mənim ağzımdan çıxmayan sözləri mənə məxsus imiş kimi təqdim edəndə, təbii ki, insanlar haqqımda pis düşünəcək. Mən heç vaxt müharibədən qorxmamışam. Sabah Allah eləməsin, müharibə başlasın, yenə gəlib oynayacağam. İnsanlardan xahişim budur ki, yazılanlara inanmasınlar. Mən hər zaman Azərbaycan yığmasının formasını geyinməkdən qürur duymuşam.

- Belə başa düşdüm ki, növbəti toplanışlar üçün dəvət gözləyirsən.

- Əlbəttə, buna ümid edirəm. “Albasete”də durmadan çalışıram ki, həm komandama fayda verim, həm də oyunumla millinin baş məşqçisinin diqqətini çəkim. Təklif gəlsə, buna yalnız sevinərəm.

- Millinin oyunlarına baxırsan?

- Əlbəttə.

thumb700 20190325210622981

- Elədirsə, yığmanın son oyunları haqda nə deyə bilərsən?

- Əvvəla onu deyim ki, öncəki illərlə müqayisədə millidə ciddi dəyişikliklər olub. Son matçlarda xeyli sayda yeni futbolçu gördüm. Onları şəxsən tanımasam da, meydandakı işgüzarlıqlarını, mübarizə əzmlərini, sürətli oyunlarını bəyənirəm. Nəticələrə gəlincə, qrupumuzda çətin rəqiblər yer alıb. Bu gün Portuqaliya ilə bacarmaq asan məsələ deyil. Serbiya millisi də kifayət qədər güclü rəqibdir. Ona görə də nəticələri müzakirə etməyimiz doğru olmaz.

- Sənin içində də martda Kriştiano Ronaldoya qarşı oynamaq həvəsi var idi?

- Yığmanın şərəfini qorumaq istərdim. Açığı, dəvət gələcəyini gözləyirdim. Amma sırf Ronaldoya qarşı oynamaq haqda düşünmürdüm. Çünki vaxtilə “Qranada”da, “Eybar”da çıxış edəndə La Liqada Ronaldolu “Real”a, Messili “Barselona”ya qarşı bir neçə dəfə oynamışam.

- Sonda azərbaycanlı futbolsevərlərə, səni tanıyanlara, futbolçu yoldaşlarına, qohumlarına nə demək istəyirsən?

- Bayaq müəyyən fikirlərimi söylədim. Bir daha demək istəyirəm ki, Azərbaycan mənə doğmadır, anamın vətənidir və bu gün qohumlarımın çoxu orada yaşayır. Belə olduğu halda Azərbaycan millisinin şərəfini qorumaq mənim üçün fəxrdir. Azərbaycanda olduğum dönəmdə daim özümə qarşı sevgi, diqqət görmüşəm. Və bu barədə hər yerdə danışıram. Bir daha deyirəm, kiminsə yazdıqlarına və ya mənim adımdan yazılanlara fikir verməsinlər. Mən heç vaxt “yığmada oynamaq istəmirəm” sözlərini işlətməmişəm.

HƏBİB