Amansız xəstəlik yaşamağına imkan versəydi, bu gün doğmalarını başına yığıb 63 yaşını qeyd edəcəkdi. Ad günü keçirməklə arası olmasa da, iki oğlu – Yusiflə Rüstəm bu axşam Böyükağa Hacıyevi mütləq ki, masanın yuxarı başında əyləşməyə məcbur edəcəkdi...
Alınmadı, vaxtsız getdi. 60 yaşının tamamına düz 1 ay qalmış – 2018-in martın 16-da gözlərini işıqlı dünyaya birdəfəlik yumdu.
O mənim üçün təkcə bacarıqlı futbolçu və məşqçi yox, dayı dediyim böyük qardaş idi. Ölümünə saatlar qalmış Mərkəzi Klinikada yatdığı palataya baş çəkəndə Hacıyevi halsız və huşsuz vəziyyətdə görəndə belə, yenə aramızda olacağına ümid edirdim.
Dünən gecə yenə yuxuma girmişdi nədənsə. Ad günü olduğunu hiss etmişdi, övladlarına görə narahat idi, yoxsa başqa nə, amma ürəyi dolu idi. Suallar içini yarırdı. Hamıdan, hər şeydən nigaran idi. Danışmaq keçirdi könlündən. Etiraz etmədim. Amma bu dəfə “Neftçi”nin bazasındakı məşqçi otağında yox, indi rahat uyuduğu Keşlə qəbirstanlığının yaxınlığındakı adını unutduğum kafedə, çay süfrəsi arxasında.
- Dədə, niyə görünmürsən?
- Nə bilim, Böyük. İş-güc, ailə, problemlər, qayğılar. Sən də uzaqdasan artıq, gəlib-getmək olmur. Bura gələndə də adam bir həftə özünə gəlmir.
- Uşaqlardan nə xəbər var? Yusif, Rüstəm...
- Yaxşıdırlar, sükürlər olsun. Yusiflə tez-tez danışıram, Rüstəmi də stadionlarda görürəm. Sən gedəndən onlar da qanadsız quş olublar, səni istəyirlər, darıxırlar.
- Həbib, mən ölüm, uşaqların vəziyyəti yaxşıdır? Dolana bilirlər?
- Vallah, hər şey yaxşıdır. İkisi də işləyir, ailələrini dolandırırlar. Yusif köhnə işindədir, Rüstəm də Cüdo Federasiyasındaydı, gəldi AFFA-ya. Sevdiyi peşə ilə məşğuldur, fotoqraflıq edir.
- Alparslanla balaca Böyükağanı (nəvələri – H.) gör neçə vaxtdır görmürəm. Onlar da uzaqlaşıb məndən.
- Uzaqlaşmayıblar, Böyük. Gəlib-gedirlər, sadəcə, sən görmürsən. Çox vaxt yatırsan deyə, gəlib səni öpüb gedirlər. Uşaqdırlar da, ağılları tam kəsmir hələ. Narahat olma, hər yerdə babalarının Böyükağa Hacıyev olduğunu deyirlər. Az gördülər axı səni.
- Eşidirsən?
- Ay can, buyur.
- Sadıq necədir, Tahir neyniyir, Güloğlan haralardadır?
- Hamısı yaxşıdır. Sadıq Sadıqov bildiyin işindədir, başı cüdoya qarışıb. Tahir Süleymanov o vaxtdan evdə oturub, Güloğlan Cabbarov da kikboksun inkişafı ilə məşğul olur. Hamısının salamı var sənə.
- O boyda Tahir hələ də işsiz qalıb, hə?
- Elədir. Nə etsin? Gedib kiminsə qapısını döyməyəcək ki.
- Mənə bax, Böyükağa sağlam olardı, Tahir işsiz qalardı?
- Çətin.
- Qurbandan danış, vəziyyəti necədir?
- O da yaxşıdır, maşallah, çempionluqları sıralayır, “Qarabağ” hər il Avroliqanın qrupunda oynayır.
- Bəs yazıq iki işi necə çatdırır?
- Hansı iki iş?
- Həm millidə, həm “Qarabağ”da.
- Millidə işləmir ki.
- Nə danışırsan?
- Vallah. Cəmi 1 il işlədi. Sən xəstələnəndən sonra 7-8 ay iş başında oldu, ayrıldı.
- Bə niyə?
- Yığma Millətlər Liqasının qrupundan çıxa bilmədi deyə.
- İndi kimdir baş məşqçi?
- Qurbanovdan sonra Nikola Yurçeviç gəldi, o da 1 il işləyib getdi. İndi də Canni de Byazidir.
- O çıxa bilir qrupdan?
- O da Millətlər Liqasında heç nə edə bilmədi. DÇ-2022-nin ilk iki oyununda da məğlub oldu.
- Ona görə gətiriblər, hə? Özümüzdə məşqçi yoxdur axı.
- Özləri bilər, onsuz da düzələn deyil.
- Mən ölüm, “Neftçi”dən nə xəbər var? Tərlanı çıxartdılar?
- Tərlan Əhmədov çoxdan gedib.
- Deyirəm də, Tərlan “Neftçi”də işləyə bilməzdi. O vaxta baxma, Böyükağa var idi, yığılmışdılar yanıma. Uduzan kimi də sinəmi verirdim qabağa ki, köməkçilərlə işiniz olmasın. İndi bilərlər qədrimi... “Neftçi” yenə “sürünür”?
- Yox, maşallah, xeyli düzəlib. Çempionluq uğrunda amansız mübarizə gedir. 23 turdan sonra “Neftçi” “Qarabağ”dan 1 xal geri qalır. Çempionat bu il gərgin keçir.
- Oynasınlar da, nə çatmır ki? Mən həmişə demişəm, “Neftçi”də uğur qazanmaq üçün lazım olan hər şey var. Ora ağıllı məşqçi lazımdır. Məşqçi də yox e, psixoloq. “Neftçi”nin ruhu elədir ki, topu at futbolçuların qabağına özləri oynayıb, udacaqlar. Məşqçi qaz verməlidir onlara. Mən o vaxt paltardəyişmə otağında qaz verib, çəkilib dururdum qırağda. İkimizin canı, oturub tamaşa eləyirdim... Məşqçiləri kimdir?
- Samir Abasov...
- Ləzgi balası?
- Aha.
- Samir yaxşı oğlandır. Xarakteri də var. Sadəcə, bir az tələskəndir. Mən ölüm, demirlər ki, Samir Böyükağaya oxşayır?
- Elə jurnalistlər də öz aramızda deyirik. Müəyyən oxşarlığınız var.
- Sənə bir söz deyim?
- Əlbəttə.
- Heç biri Böyükağa ola bilməyəcək. Gördün, Avroliqada heç kimin bacarmadığını edib çəkilib durdum qırağda.
Kafeni işlədən şəxs yaxınlaşıb Böyükağa müəllimdən üzr istəyə-istəyə obyekti bağlamalı olduğunu deyir. Hacıyev özünü saxlaya bilmir: “Nə oldu, məni görmüşdüz elə?”
Şirin dilimə salıb vəziyyəti izah edirəm ki, gələrəm, başqa vaxt yenə oturarıq. Artıq gecdir, kafe bağlanır, mən evə getməliyəm, siz də dincəlməlisiniz.
- Həbib, eşit məni, Nazlıya (həyat yoldaşı – H.), uşaqlara heç nə demə, sən öl, üzünə baxmaram.
- Yox əşi, o nə sözdür? De, gəlsin.
- Darıxıram burda. Danışmağa adam yoxdur, canım da ağrayır. Uşaqlar, nəvələr üçün burnumun ucu göynəyir. İllərimi futbola verdim, bütün günü yollarda, bazalarda, meydanlarda. İndi rahatlıq istəyirəm. Oturum evdə, nəvələrimi oynadım, ayaqlarımı uzadıb futbola baxım. Daha əvvəlki Böyükağa deyiləm, ikimizin canı. Evə istəyirəm.
- Bir az özünə gəl, sağal, hər şey yaxşı olacaq.
Böyrəyini tutub axsaya-axsaya məndən uzaqlaşır. Mən isə sona qədər arxasınca baxıram. Və bu an gözlərim açılır, yuxudan ayıldığımı görürəm. Bütün bunlar yuxuymuş, yuxuda qaldı.
Allah rəhmət eləsin, sözün hər mənasında BÖYÜK!
HƏBİB