Yarandığı gündən qarşısında yüksək hədəflər duran “Sabah” hələ də arzuladığı yerə çatmaqda çətinlik çəkir. Elşad Əhmədov, İqor Ponomaryov, Jelko Sopiç və Visente Qomes kimi mütəxəssislərlə kifayət qədər uğurlu ola bilməyən “tələbələr” indi yeni “müəllim”in – Ramin Quliyevin keçdiyi dərslərə qulaq asır.
Son vaxtlar klub və komanda ilə bağlı yaranmış suallar çoxluq təşkil etdiyindən, rəhbər şəxlərdən biriylə danışmaq zərurəti yaranmışdı. Müsahib kimi klub prezidenti Maqsud Adıgözəlovla söhbətləşmək xoş olardı ki, “Sabah”ın əsas söz sahibi müraciətimizi yerə salmadı.
Odur ki, Maqsud bəyin Offsideplus.az saytına verdiyi özəl müsahibəni təqdim edirik.
- Klubun böyüməsi və ya inkişafı yolunda rəhbərlik olaraq nə kimi planlarınız var?
- “Sabah”ın əsası qoyulduğu ilk gündən əsas məqsədimiz klub kimi formalaşmaq, inkişaf etmək olub. Bura bir neçə sahə - akademiyanın qurulması, infrastrukturun yaradılması və s. daxildir. Bu istiqamətdə öz işlərimizi davam etdiririk və müəyyən irəliləyəşə nail olmuşuq.
- Zaqreb “Dinamo”su ilə əməkdaşlıq çərçivəsində nə kimi yeniliklər var və ya nələr nəzərdə tutulub?
- “Dinamo” ilə əməkdaşlıq müqaviləsi 2019-cu ilin avqust ayında bağlandı. Müqaviləyə əsasən, bu layihə 3 mərhələni əhatə etməli idi. İlk mərhələdə Xorvatiyadan olan əlaqələndiricimiz tərəfindən klubumuzun akademiyasında, həmçinin Azərbaycan futbolunda olan mövcud vəziyyətin qiymətləndirilməsi, ikinci mərhələdə bu qiymətləndirmə əsasında “Dinamo” Futbol Akademiyasının təcrübə və biliklərinin “Sabah” Futbol Akademiyasına tətbiq edilməsi, üçüncü mərhələdə isə bu istiqamətdə görülən işlərin təkmilləşdirilməsi nəzərdə tutulmuşdu. Təəssüf ki, ilk mərhələ bitdikdən sonra ikinci mərhələdə tam planlaşdırdığımız kimi irəliləyə bilmədik və bu istiqamətdə yalnız qismən irəliləyişə nail olduq. Bunun da əsas səbəblərindən biri bütün dünyanı əhatə edən COVID-19 böhranı idi.
- “Bank Respublika”, “Maxi.az”, “Sədərək” Ticarət Mərkəzi kimi şirkətlərlə əməkdaşlıq klubun ümumi büdcəsinin neçə faizini təşkil edir? Qarşıdakı dönəmdə yeni əməkdaşlıq müqavilələri gözlənilirmi?
- Klubun büdcəsi əsasən “Bridge Group of Companies” hesabına formalaşıb. Əlbəttə, sadaladığınız şirkətlərin də klubun büdcəsinin formalaşmasında müəyyən qədər payı var. Qarşıda yeni sponsorların cəlb edilməsi istiqamətində öz işlərimizi davam etdirəcəyik.
- Aşağı yaş qruplarından ibarət komandaların, orda çalışan məşqçilərin beynəlxalq təcrübə toplaması üçün xarici turnirlərdə iştirakı, məşqçilərin xarici klublara baş çəkməsi nəzərdə tutulubmu?
- Qeyd etdiyiniz məsələ Zaqreb “Dinamo”su ilə əməkdaşlıq müqaviləsində nəzərdə tutulub. “Dinamo” ilə əməkdaşlığın bir neçə istiqamətdə həyata keçirilməsi planlaşdırılır. Bura təşkilati məsələlərlə yanaşı, məşqçilərin təhsili, futbolçu seçimi, məşqlərin modeli və oyunçuların fərdi inkişafı daxildir. Məşqçilərin təhsilinin artırılmasının bir hissəsi olaraq onların uşaq, yeniyetmə və gənc futbolçularımızla birlikdə Zaqrebə getməsi və “Dinamo”nun Futbol Akademiyasında təcrübə toplaması, orada çalışması planlaşdırılırdı. Bundan əlavə, “Dinamo” Futbol Akademiyasının məşqçiləri də Bakıya gəlməli, gənc məşqçilərin və oyunçuların yetişməsində yaxından iştirak etməliydilər. Lakin təəssüf ki, COVID-19 hələ ki, bunun qarşısını alıb. Dünyada pandemiya ilə bağlı vəziyyət sabitləşən kimi bu istiqamətdə əvvəlcədən nəzərdə tutduğumuz kimi irəliləməyi planlaşdırırıq.
- ”Sabah”ın hazırkı nəticələri rəhbərlik olaraq sizi nə dərəcədə razı salır?
- Əlbəttə, hazırkı vəziyyət bizi razı sala bilməz.
- Əcnəbi mütəxəssislərlə bağlı uğursuzluqdan sonra baş məşqçi postu ilə bağl; gələcək planlar nədən ibarətdir? Ramin Quliyev uğurlu olacağı təqdirdə növbəti mövsümdə komandaya rəhbərlik edə bilərmi?
- Ramin Quliyev hazırda komandada baş məşqçi funksiyasını yerinə yetirir. Ancaq o daha öncə də klubdaydı və buna görə komandanı yaxşı tanıyır. O ki qaldı Quliyevin növbəti mövsümdə də komandanı çalışdırmasına, əlbəttə, mümkündür.
- Milli üzvlərinin çoxluq təşkil etdiyi klublar yığmaların oyunları zamanı yaranmış fasilələrdə hazırlıqla bağlı çətinlik yaşayır. Bu məqam sizi nə dərəcədə narahat edir? “Sabah” gələcəkdə yığma üzvlərinin transferində maraqlı olacaqmı?
- Hazırda “Sabah”da milli komandanın bir neçə üzvü çıxış edir. Əlbəttə, bu amil yığmanın oyunları zamanı komandanın hazırlığına təsir edir. Lakin, fikrimcə, hər birimiz üçün milli komanda öncəlik olmalıdır. Yəni bunu normal hal hesab edirəm. O ki qaldı gələcəkdə milli üzvlərinin transferinə, komandaya futbolçu transfer ediləndə millinin üzvü olması yox, onun komandaya, məqsədlərimizə uyğun olub-olmaması əsas götürülür.
- “Sabah” avrokuboklara vəsiqə verə biləcək dördüncü pillədən 10 xal geri qalır. Çempionatın başa çatmasına cəmi 7 turun qaldığını nəzərə alsaq, avrokuboklara vəsiqə nə dərəcədə real görünür?
- Kağız üzərində mümkündür. Bunun reallaşıb-reallaşmayacağını mövsümün sonunda görəcəyik.
- Allah eləməsin, avrokuboklara vəsiqə qazanılmasa, növbəti mövsümdə klubun büdcəsində hansısa mənada azalma ola bilərmi?
- Klubun yeni mövsüm üçün büdcəsi cari mövsüm başa çatdıqdan sonra müəyyənləşəcək. Lakin bunda avrokuboklara vəsiqə qazanılıb-qazanılmaması rolu oynamayacaq.
- Büdcə demişkən, koronavirusun yaratdığı çətinlik “Sabah”a hansısa mənada öz təsirini göstəribmi? Maaş, mükafat və s. məsələlərdə.
- Maddi planda heç bir təsiri olmayıb. Təsir yalnız idman planında olub. Məsələn, cari mövsümün gedişində bir neçə oyunda koronavirus səbəbindən əsas heyət üzvlərinin xidmətindən məhrum olmuşduq.
HƏBİB