Vaxtilə "Qarabağ"la millinin uğurları üçün tər tökmüş, hazırda "Zirə"nin şərəfini qoruyan Riçard Almeyda maraqlı açıqlamalarla yadda qalıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi "Tribunaexpresso"ya verdiyi müsahibədə koronavirusun Azərbaycana təsirindən, ölkəmizdəki insanlardan, həmçinin "Qarabağ"a keçidindən söz açıb: "Azərbaycanda demək olar ki, hər yer açıqdır. Amma restoran və bank kimi qapalı məkanlarda qaydalara əməl etməli və məsafə saxlamalıyıq. Məncə, virusa yoluxan insanların sayı gündəlik 700 civarındadır. Azərbaycan 10 milyon əhaliyə malik ölkə olduğundan virusla bağlı vəziyyəti idarə etməyi bacarır. Bu virusla oynamamalıyıq, çünki ölümə səbəb olur. Yalnız burada deyil, bütün dünyada insanlar vəfat edir. Braziliyada isə daha çox insan dünyasını dəyişir. Burada vəziyyətə nəzarət etməyi bacardılar. Ölkəyə peyvənd də gəlib, ilk olaraq daha yaşlı şəxslər peyvəndlənir. Daha sonra sıra gənclərə də çatacaq.
"Buradakı əhalinin hamısı müsəlman deyil. Çox sayda rus, ukraynalı və digər xalqların nümayəndələri var. Gündəlik həyat yaxşıdır, ailəmin və mənim sevdiyim ölkədir. Həyat yoldaşım da buranı bəyənir, qızım məktəbdə oxuyur. Hər kəs sənə hörmət edir və hamı insanlara köməklik göstərməyi sevir. Xüsusən də əcnəbilərə. Azərbaycanda insanlar mehribandır. Yaşamaq üçün çox yaxşı ölkədir. Cinayət yoxdur, sakit və dinc yerdir. Mənim üçün isə ən önəmli olan bunlardır. Ən çox dəyər verdiyim şey ailəmin təhlükəsizliyidir.
Menecerim "Legiya"dan təklif olduğunu demişdi. Həmin vaxt "Jil Visente"də oynayırdım. Tətil üçün Braziliyaya getmişdim. Səhv etmirəmsə, "Legiya" 2-3 illik müqavilə təklif etmişdik. Bu səbəbdən qəbul etdik. Gecəni yatdım, ertəsi oyananda "Qarabağ"dan təklif gəldi, fikrimizi dəyişdik.
Azərbaycan millisi? Öncə Azərbaycan vətəndaşı olmağı qəbul etdim. Bunun üçün pul almadım. Çünki yığmada oynamağı ürəkdən istəyirdim və beynəlxalq matçlarda ölkəni təmsil etdim".
Qeyd edək ki, Azərbaycan millisinin heyətində 22 oyunda 3 dəfə fərqlənən Almeyda 2012 - 2018-ci illər aralığında və 2019-cu ildə "Qarabağ"ın formasını geyinib. 2020-nin oktyabrından bu yana "Zirə"nin şərəfini qoruyur.