Fevralın 25-də “Zirə” – “Neftçi” qarşılaşmasında millimizin baş məşqçisi Canni de Byazini Zirədəki stadionda görməsəydim, elə bilərdim bu adamın belə bir adlı komandanın varlığından, çempionatdakı çıxışından, medallar uğrunda mübarizə aparmasından, cari mövsümdə “Neftçi”ni iki dəfə məğlub etməsindən, heyətində çox sayda azərbaycanlı futbolçunun top dalınca qaçmasından xəbəri yoxdur.

Amma həmin gün italyan mütəxəssisin pomidoru ilə məşhur qəsəbədə öz gözlərimlə gördüyümdən, onun da meydan sahiblərinin çempionluğa əsas namizədlərdən olan “Neftçi”ni məğlub etməsindən xəbər olduğuna əmin olduğumdan, yığmanın Portuqaliya, Qətər və Serbiya milliləri üçün dəvət etdiyi futbolçuların siyahısını görəndə təəccübləndim. Təəccüblənmədim, sanki cərəyan vurdu məni.

De Byazi cari mövsümdə adından söz etdirən “Zirə”dən cəmi bir nəfərə - Sərtan Taşkına dəvət göndərib. Bəli, cəmi bir nəfərə!

Siyahısındakı futbolçuların və çıxış etdikləri komandaların adlarını diqqətlə oxumasan, bəlkə də üstündən keçmək olar. Adları gördükcə adamın başından tüstü çıxır.

“Sumqayıt”dan 7 nəfər – Mehdi Cənnətov, Elvin Bədəlov, Vüqar Mustafayev, Xəyal Nəcəfov, Tellur Mütəllimov, Rəhim Sadıxov və Əli Qurbanov hazırda millinin düşərgəsində olan adlardır. 30 nəfərdən 7-si, yəni ümumi sayın 23 faizini “Sumqayıt”ı təmsil edir. Bu, hazırda turnir cədvəlinin 4-cü pilləsində yer alan, rəqib qapılarına 23 top vurub, öz qapısından 24-nü buraxan, “Zirə”dən 4, lider “Neftçi”dən 16 xal geri qalan, prezidenti AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın dostu olan Riad Rəfiyevin prezidenti olan “Sumqayıt”dır.

Daha 6 nəfər – Ramil Şeydayev, Bəhlul Mustafazadə, Amin Seydiyev, Aleksey İsayev, Coşqun Diniyev və Təmkin Xəlilzadə “Sabah”ın futbolçusu qismində təxminən 3 həftəlik toplanışda baş məşqçinin sərəncamında olacaq. Bu da bilirsiniz hansı “Sabah”dır? Bütün Azərbaycanı özünə güldürən, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “tələbələr” ləqəbli komanda.

Əlavə 2 futbolçu da “Keşlə”dəndir – Azər Salahlı ilə Şəhriyar Əliyev. Başqa adlar olsaydı, bəlkə də üstündən keçmək olardı. Lakin söhbət çempionatda qapısında ən çox top görən iki komandanın birindən, bərbad müdafiə xətti ilə seçilən kollektivdən gedirsə, belə vəziyyətdə “Keşlə”dən 2 müdafiəçinin milliyə dəvət alması ürək ağrıdır.

Adlardan və rəqəmlərdən də göründüyü kimi, bu gün düşərgədə olan 30 futbolçudan 15-i, yəni tən yarısı 3 komandanı təmsil edir. Həmin komandalar ki, çempionatda qeyri-adi heç nə ilə fərqlənmir. Həmin komandalar ki, “Sumqayıt” xaric, digər 2-si cari mövsümdə biabırçı vəziyyətdədir.

Lakin son illər ölkəyə bəxş etdiyi futbolçularla alqış qazanan “Qəbələ”dən bir nəfər də yoxdur. Halbuki həvəsləndirmək xatirinə Rüfət Əhmədov, İdris İnqilablı, Rövlan Muradov, Yusif Nəbiyevdən birinə əsas millinin sıralarında olmaq xoşbəxtliyi yaşatmaq olardı.

“Zirə”dən isə azı 3-4 futbolçunu çağırmaq lazım idi. Kimləri? Ağabala Ramavanov, Riçard Almeyda, İlkin Muradov, Qismət Alıyev, Hacıağa Hacılı, Musa Qurbanlını... Hamısına dəvət göndərməyə gərək yoxdur, 3-4-ü mütləq olmalıydı. Mütləq!

Çağırmadısa, deməli, bu, baş məşqçinin futbol fəlsəfəsi deyil, bu, nədirsə başqa şeydir. O "şey"in nə olduğunu hamıdan yaxşı de Byazi ilə dostları bilir. Şəxsən mən Albaniya millisini Avropa çempionatının final mərhələsinə aparan məşqçinin futbol savadının "Sumqayıt", "Keşlə" və "Sabah"dan 15 nəfəri milliyə dəvət edəcək qədər dayaz olduğunu düşünmürəm.

HƏBİB