Millinin martın 24-də Portuqaliya, martın 30-da Serbiya ilə DÇ-2022-nin seçmə mərhələ oyunları, martın 27-də Qətərlə sınaq matçı üçün heyəti açıqlandı.
Offsideplius.az xəbər verir ki, 30 nəfərlik siyahıda cəmi bir legioner yer alıb. O da Azərbaycan pasportuna yenicə qovuşan Ukrayna "Minay"ının üzvü Anatoli Nuriyevdir. Halbuki ölkə xaricində top qovanlarının sayının bir yox, bir neçə nəfər olacağı gözlənilirdi.
Siyahının başında duranlardan biri Nuriyevin "Minay"dakı komanda yoldaşı Rüstəm Əhmədzadədir. Canni de Byazi fevraldakı Antalya səfəri zamanı "Minay"ın hər iki futbolçusu ilə görüşüb danışmışdı. Belədə onun da milli pasportuna sahib olacağı və oyunlara cəlb olunacağı gözlənilirdi. Qeyd edək ki, Rüstəm sonuncu matçına martın 13-də "İnqulets"lə qarşılaşmada çıxıb və 22 dəqiqə meydanda olub. Bundan 6 gün öncə isə Kiyev "Dinamo"suna qarşı 55 dəqiqə mübarizə aparmışdı.
Bir başqa futbolçu İspaniya Sequndasında top dalınca qaçan Eddi İsrafilovdur. "Albasete"nın uğurları üçün tər tökən 28 yaşlı futbolçu komandasının əsas heyət üzvü hesab olunur. Cari mövsümdə 25 oyunun 22-də forma geyinməsinin bunun əyani sübutudur. Sonuncu dəfə meydana dünən "Tenerife"ylə oyunda çıxıb.
Milli formasında 43 görüşdə 7 qola imza atan Dmitri Nazarov da kənardan qalanlardan biridir. 2-ci Bundesliqada "Erzgebirge"nin formasını geyinən cari mövsümdə 21 oyunda meydana çıxıb ki, 2 qoll və 3 məhsuldar ötürmə ilə fərqlənib. Martın 13-də "Sarmstadt 98"ə, ondan bir həftə əvvəl "Hannover 96"ya qarşı çıxış edib. Yəni, onun da sağlıq durumunda hansısa problem yoxdur.
Renat Dadaşovla bağlı məsələ məlumdur, xeyli vaxtdır oynamır. Böyük qardaşı Rüfət Dadaşov isə həm uzaq ABŞ-da çıxış edir, həm də 2021-də rəsmi oyuna çıxmayıb.
Odur ki, əsas üç futbolçu - Rüstəm Əhmədzadə, Eddi İsrafilov və Dmitri Nazarovun hansı səbəbdən millidən kənar qalmasını aydınlaşdırmağa çalışdıq. Bunun üçünsə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq: "Bu, baş məşqçinin seçimidir. Canni de Byazi sərəncamında kimləri görmək istəyibsə, hamısına dəvət göndərilib. Adlarını çəkdiklərinizi niyə çağırmadığını isə mətbuat konfransında özündən soruşsanız yaxşı olar. Məsələ ilə bağlı bundan artığını deyə bilməyəcəyəm".
Sualın cavabı böyük ölçüdə məlumdur. De Byazi millidə olduğu müddətdə - bəlkə ondan sonra da - İsrafilovla Nazarova dəvət göndərilməyəcək. "Niyə"sini dəqiq demək çətindir...
HƏBİB