"Neftçi"nin yeni transferi Keysuke Honda artıq Bakıdadır. Ortaya ciddi problem çıxmasa, yapon futbolçu bazar ertəsi ictimaiyyətə təqdim olunacaq.
Honda azərbaycanlı futbolsevərlərə əsasən Moskva ÇSKA-sından, "Milan" və Yaponiya millisindən tanışdır. Lakin bir oyun var ki, Keysuke həm bizim, həm də milli futbolçularımızın yadında yaxşı qalıb.
Bu, 2012-ci ilin mayın 23-nə təsadüf edən Yaponiya ilə Azərbaycan yığmaları arasındakı yoldaşlıq görüşüdür. "Şizuoka" stadionunda keçirilən qarşılaşmada Honda qolunda kapitanlıq sarğısı start heyətində yer almışdı. Millinin o vaxtkı baş məşqçisi Berti Foqts idi. Alman çalışdırıcı "11-lik"də bu futbolçulara şans vermişdi: Kamran Ağayev, Elnur Allahverdiyev, Aqil Nəbiyev, Mahir Şükürov, Maksim Medvedev, Əli Gökdəmir, Ufuk Budak, Ruslan Abışov, Aleksandr Çertoqanov, Cihan Özkara, Rauf Əliyev.
Meydan sahibləri çətinlik çəkmədən Kamranın qapısına iki dəfə yol tapmağı bacarmışdılar. 43-cü dəqiqədə Şindzi Kaqavanın fərqləndiyi epizodda hücumun qurulmasında Hondanın daban ötürməsi müəyyn rol oynamışdısa, 58-ci dəqiqədə Aqil Nəbiyevin topu öz qapısına göndərməsi Hondanın topu başla komanda yoldaşına göndərməsindən sonra yaşanmışdı. Qısası, hər iki qolda "Neftçi"nin yeni transferinin payı olmuşdu.
Halbuki "4 nömrə"nin özü də fərqlənə bilərdi. İlk hissənin gedişində cərimə meydançasından bir qədər aralıdan cərimə zərbəsini yerinə yetirmiş, top öncə Kamranın əlinə, ardınca tirə, yekunda qapıçımızın belində dəyib meydanı tərk etmişdi.
Bir sözlə, nə Honda bizə yad simadır, nə də biz ona.