Yayda futbol ölkəsi hesab olunan uzaq İspaniyadan “Sabah”ın başına gətirilən Visente Qomeslə yollar ayrıldı. Klub rəhbərliyinin bu qərarı vermək üçün hansı zəhmətə qatlandığını demək çətindir. Əcnəbiyə “get” demək asan olsaydı, çoxdan deyərdilər.

Bilbao “Atletik”ində, Moskva “Spartak”ında, Kiyev “Dinamo”sunda köməkçi, Donetsk “Olimpik”ində baş məşqçi işləyən biri üçün “Sabah”da baş çıxarmaq asan olmalıydı məntiqlə. Amma alınmadı, bacarmadı. Yekunda ona qapını göstərənlərə “baş üstə, gedirəm” deyib, özü ilə gətirdiyi bir dəstə köməkçisini də başına yığıb hava limanının yolunu tutdu.

Sual yaranır: Qomesin CV-sinə baxıb onu “Sabah”a təklif edənlər guya baş məşqçinin nəyə qadir olduğunu bilmirdilər? Bilmirdilərsə, ən böyük səhvdir. Yox, bilirdilərsə, ispanın komandaya qazandırmalı olduğu uğur hanı? Onu kluba calayanların və ya “Sabah”da işləməsinə razılıq verənlərin deyə biləcəyi söz, göstərə biləcəyi əsas hanı?

Növbəti sual: Qomes buna qədər adlarını yuxarıda sadaladığım kifayət qədər samballı komandalarda işləyib təcrübə qazanmışdısa, həmin təcrübə sayəsində uğur qazanmasına kim və nə mane oldu? Cavab sadədir: ya ona normal çalışmaq imkanı yaratmadılar, ya komanda daxilində hansısa oyunlar oynanıldı, ya da bacardığının maksimumu elə bu imiş – “Sabah”ı sonuncu pilləyə yuvarlamaq.

Və ən vacibi. Qomes köməkçiləri ilə gəldi, 7-8 say işlədi, komandaya heç nə qazandırmadan özü üçün pul qazanıb getdi. Belə deyim, ona və ətrafındakılara verilən yüzminlər havaya sovruldu. Bəs bu təyinatın, Jelko Sopiçdən sonra növbəti dəfə böyük pulların küçəyə atılmasının səbəbkarı kimdir? Sponsorların ayırdığı yüzminləri zibil qutusundan götürüb kim yerinə qoyacaq? Növbəti uğursuz seçimə görə kim cavab verəcək?

Məntiqlə klubdakı əsas söz sahib(lər)i də ispan məşqçinin ardınca istefa verməlidir. Çünki əsas təhlükə mənbəyi onlardır. Dünən Sopiçə pul qazandırıb bir müddət sonra yola salanlar bu gün eyni münasibəti Qomesə göstərdisə, eyni hal davam edəcək. Sabah növbəti birini tapıb gətirəcək, ona da hansısa maraqlar naminə yüzminlər verib, sonra gülə-gülə yola salacaqlar.

Odur ki, “Sabah”ın bu qədər şəraitin qarşılığında ardıcıl 3 ildir titul üzünə həsrət qalmasının klubdakı əsl səbəbkar(lar)ı (cinayətkarlar) tapılmalı və yumşaq dillə desəm, yola salınmalıdır. Kluba ayrılan pullar rəhbər bacarıqsızlığı və ya şəxsi maraqlar ucbatından göz görə-görə əcnəbi məşqçi və futbolçuların cibinə axıdılırsa, bunun qarşısı alınmalıdır. Çünki bunun adı cinayətdir. Bunun adı etibardan sui-istifadə etməkdir. Bunun adı bacarıqsızlıq, səriştəsizlikdir.

HƏBİB