Ramil Şeydayev… Futbolçu bacarığı bir yana, mənə görə son illər yığma formasını tərlədənlərin arasında vətənpərvərliyi ilə seçilən, ürəyinin üstündə Azərbaycan bayrağını gəzdirməsinin fərqinə varan bir əlin barmaqlarına sığmayacaq qədər azsaylı futbolçulardan biridir.

Aleksandr Səmədovdan fərqli Rusiya millisinin şərəfini qorumaq üçün nə gecə-gündüz əllərini göyə açıb Allahdan kömək dilədi, nə də AFFA-nın təklifi zamanı evinin küncündə gizləndi. 2016-cı ildə, DÇ-2018-in seçmə mərhələ oyunlarının startı ərəfəsində cəmi 20 yaşı vardı onun.

Rusiyanın aşağı yaş qruplarından ibarət millilərində parlaq çıxışla yadda qalmışdı, “Zenit”lə “Rubin”in əsas komandasında Rusiya Premyer Liqasının həyəcanını yaşamışdı. O vaxt hər şey onun üçün yeni başlayırdı, Şeydayev soyadı Rusiyada kifayət qədər tanınırdı. Orda qalmaqla bəlkə də az sonra Rusiyanın əsas komandasına çağrılacaq, bəlkə də Avropanın aparıcı klublarının diqqətini çəkəcəkdi. Amma gözləmədi, istəmədi. İrsinə, kökünə heç bir bağlılığı olmayan ölkənin futbol millisinin şərəfini qorumağı özünə yaraşdırmadı. Könlünü vətəninə, ürəyinin dərinliyində xüsusi yeri olan Azərbaycana verdi.

Buna görə Rusiyada arxasınca danışmayan qalmadı. Yanlış seçim etdiyini qabardanlar tapıldı, Rusiyada böyüdüyü halda başqa ölkənin yığmasına həvəs göstərdiyi üçün tənqid edənlər oldu, Azərbaycan millisini seçməklə həyatının ən böyük səhvinə yol verdiyi iddia edənlərə rast gəldi. Amma fikrindən daşınmadı. Gəldi, o şanlı formanı əyninə geyindi, zamanla Azərbaycan millisinin onun üçün nə demək olduğunu meydanda və ondan kənardakı hərəkətləri ilə göstərdi.

Bu, 2019-un payızında Slovakiya ilə səfər qarşılaşmasının fasiləsində Eddi İsrafilova zəif oynadığını irad tutub, “geydirmə” azərbaycanlı ilə əlbəyaxa davaya çıxan Şeydayevdir. Bu, millidəkilərin böyük əksəriyyəti meydanda ayaq sürüyəndə başı ilə sürüşmə fəndi edən Şeydayevdir. Bu, dünyaca ünlü Antonio Rüdigeri iki hərəkətlə yerə sərib Almaniyanın qapısına qol vuran Şeydayevdir. Bu, hər yerdə böyük fəxrlə “mən azərbaycanlıyam” deyən Şeydayevdir.

İndi onun “Sabah”ın əsas heyətində yer almaması, Birinci Divizionda meydana çıxması böyük müzakirələrə səbəb olub. Çoxları isti evində oturub yazır, danışır, tənqid edir, bildiyini deyir. Amma indiki məqamda edə biləcəyimiz bir şey var: Ramilin yanında olmaq. Ramilə durmadan dəstək vermək, Visente Qomesi Şeydayevə oyunundan asılı olmayaraq mütəmadi şans verməyə səsləmək və ən əsası Azərbaycan xalqının yanında olduğunu hiss etdirmək.

Odur ki, Ramil, sən bunu bacaracaqsan! Sən yenə əvvəlki Ramil olacaqsan. Sən sevilməkdə, alqış qazanmaqda davam edəcəksən. Çünki sən Azərbaycan oğlusan, əls azərbaycanlısan. Azərbaycan oğulları isə döyüşkən olur. Ruhdan düşmə! Ümidini üzmə!

Çalışqanlığın və əzmkarlığınla, yığmadakı oyununla Qomesə və səni siyahıdan silənlərə Xulio Sezar Rodrigezdən də, Tiemoko Fofanadan da üstün olduğunu göstərəcəksən. Axı sən “Zenit”, “Rubin”, “Jilina”,“Trabzonspor”, “Dinamo”, “Krılya Sovetov”un formasını geyinmiş Şeydayevsən. Axı sən kürdəmirli balası Ramilsən…

HƏBİB