Samir müəllim, müdafiəçilərin kobud səhvindən danışırsız. Amma unutmayaq ki, “Neftçi” məhz sizin rəhbərliyiniz altında dördüncü oyunda “Zirə”yə qol vura bilmədi. Qol buraxmağı başa düşdük, maraqlıdır, bu rəqibə qol vura bilməməkdə problem nədir?

“Zirə”ylə oyundan sonrakı mətbuat konfransında Samir Abasova ünvanladığım bu suala, açığı, məntiqli izah gözləyirdim. Ki, baş məşqçi hansısa mənada öz səhvini etiraf edər, fərqli taktiki gedişlər üzərində işləmədiklərini deyər və ya başqa nəsə. Lakin jurnalistlərin sevimli məşqçisi (şablon danışmadığına görə) topdan, meydandan, autdan, kornerdən – hər şeydən danışdı, amma sualıma konkret cavab vermədi.

Hə, onu dedi ki, qol vurmaq üçün hər şey edirdik, bəlkə də qola yaxınlaşırdıq, lakin müdafiə xəttindəki kobud səhv planları alt-üst etdi. Sözünün sonunda qapanan rəqibə qarşı çətinlik çəkdiklərini də gizlətmədi.

Abasov xarakterinə görə sevilən futbolçulardan olub, bu gün də məşqçi kimi rəğbət qazanmaqdadır. Ancaq bir məşqçinin komandası eyni rəqibin qapısına 3 ay ərzində baş tutan 4 oyunda yol tapa bilmirsə, burda əsas problem baş məşqçidədir. Bəli, məhz baş məşqçidə.

Demək ki, həmin baş məşqçi rəqibin müdafiə xəttini yarmağın yollarını tapıb, yetirmələrinə aşılaya bilmir. Bunu etsəydi, “Neftçi” meydan sahiblərini mərkəzə dəvət edər, ən pis halda 90 dəqiqə ərzində 3-4 real qol imkanı yaxalayardı. Bu baş verməyibsə, müdafiəçiləri qınamağın mənası yoxdur.

Lap deyək ki, Mboc mövqe səhvinə yol verməyib Volkovun qapıçı ilə üzbəüz qalmasına şərait yaratmazdı. Guya nə olacaqdı? Oyun böyük ölçüdə növbəti dəfə qolsuz bərabərliklə başa çatacaqdı. Bu isə çempionluğa oynayan komandaya sərf etmir, etməməlidir.

“Zirə”yə qol vura bilməyən komandanın, rəqib müdafiəsini yarmağın yollarını tapa bilməyən baş məşqçinin indiki halda çempionluqdan danışması şirin arzudur. Sabah bunu “Səbail” də edə bilər, “Sumqayıt” da, lap elə “Sabah” da. Ona görə də Samir Abasovun öz gözündəki çöpü görmədən, Mbocla Stankoviçin gözündə tir axtarması kreslosunu laxlatmaqdan başqa heç bir işə yaramır. Bunun adı cığallıqdır. Cığallığı isə futbolçular bağışlamır.

Daha çox işləmək lazımdır, Samir müəllim, daha çox. Çempionluğu tək “Qarabağ”la sonuncu oyundakı istək sayəsində qazanmırlar.

HAŞİYƏ: Qol vurmaq arzusunda olan komandanın baş məşqçisinin 60-cı dəqiqədə Ahmed Ahmedovu Sabir Buqrinlə əvəzləyib, meydanda ən zəiflərdən olan Stiven Jozef-Monrozu hücuma "atmasının" səbəbini hələ də anlaya bilmirəm. 

HƏBİB