Duman çökməsə, qar yaşıl meydanı ağ yorğana bürüməsə, yəni, oyun təxirə salınmasa, fevralın 25-də Zirədəki Olimpiya Kompleksində sözün futbol mənasında qiyamət qopacaq. “Neftçi” növbəti sınaq çərçivəsində bu dəfə pomidoru ilə məşhur qəsəbədə yerli komandanın qonağıdır.
Açığı, meydanda nələrin yaşanacağı o qədər də maraqlandırmır. Rəşad Sadıqovun gəlişindən sonra “Zirə”nin özündən güclü rəqiblərə qarşı müdafiə futbolu sərgilədiyini bu oyunla qismən maraqlananlar görür, bilir. Yığmanın sabiq kapitanı ciddi sınaq qarşısında qalanda, baxımlı futbolu kənara atıb, rəqib həmkarları ilə taktika savaşı aparır. Bu dəfə də elə olacaq.
Bu oyunun prinsipial tərəfi Samir Abasovla Rəşad Sadıqovun duelidir. Abasov məşqçiliyə özündən yaşca kiçik həmkarından illər əvvəl başlasa da, cari mövsümdə Sadıqovu(n komandasını) məğlub edə bilməyib. 1-i çempionatda, 2-si kubokda olmaqla komandalar 3 dəfə üz-üzə gəlib ki, 2 matç qolsuz bərabərliklə sonuclanıb, 1-də isə zirəlilər qələbəyə sevinib – 1:0.
Samir Abasov nəinki qələbəyə sevinib, hansısa futbolçusunu bu rəqibə qol vurduğuna görə bağrına basmaq imkanı da olmayıb. Bu isə o deməkdir ki, “Neftçi”nin heyət və təcrübə baxımından “qartallar”ı hər nə qədər üstələməsinə baxmayaraq, Rəşad Sadıqov vaxtilə şərəfini qoruduğu komandanı dayandırmağın yolunu tapıb. Qısası, taktika mübarizəsində Samir Abasova uduzmayıb.
Odur ki, çempionluğu hədəfləyən “Neftçi” və Samir Abasov yekunda sevinci göz yaşları axıtmaq istəyirsə, “Zirə” əmmasına çarə tapmalıdır. Əks halda, həm “qızıl” şansını çətinə salacaq, həm də son 7 oyundakı məğlubiyyətsiz oyunlar seriyasının şirin dadını qaçıracaq. Sadıqovun kollektivi isə arxasında “Sumqayıt”ın nəfəsini hiss etməkdədir.