Mənə hələ də çatmır ki, Kamran Ağayev, Rahid Əmirquliyev, Əfran İsmayılov, Rauf Əliyev kimi adlı-sanlı futbolçular niyə “Səbail”in marketinq menecerinin yaxasından yapışıb, “ay qardaş, sən nə edirsən?” sualını vermir. Bəlkə də verirlər, xəbərsizik, bəlkə də vermirlər, bəlkə də verə bilmirlər, bəlkə də...

Premyer Liqada çıxış edən bir klubun hansısa ortabab qvatamelalıdan bu dərəcədə asılı qalması acı faciədir. “Feysbuk”u açırsan, Nikolas Hagen, bağlayırsan, Nikolas Hagen, sağa baxırsan, Hagen, solda Hagen. Hagen, Hagen, Hagen...

Hər şey dərəcəsində gözəldir. Dərəcəni aşdısa, apar tulla. “Səbail”in sosial şəbəkə hesabları konkret qvatamelalılara “işləyir”. Nə var ki, şərh yazırlar, “layk” qoyurlar və bununla da səhifənin aktivliyi artır, izləyici sayı çoxalır. Məgər bunu daha parlaq şəkildə etmək üçün başqa vasitə yoxdur? Kreativ başqa nəsə etmək olmaz?

Niyə qələbə anonsunu əks etdirən fotoda “Sabah”la oyunun taleyini vurduğu 2 qolla həll edən Amil Yunanov yox, Hagen yer almalıdır? Niyə Məqsəd, ya da Rahid olmamalıdır o şəkildə? Həmin qvatamelalılara azərbaycanlı futbolçuları tanıtdırmaq, gözlərini qanı qanımızdan, canı canımızdan olan futbolçuların şəkilləri ilə yormaq olmazmı?

Klub sizin, siyasət sizin, ağıl sizin, baş sizin. Biz isə sizə ən yaxşı halda dost məsləhəti verə bilərik. Onsuz da nə “Səbail”də Bayıllıq əlamət var, nə də Bayılda “Səbail”lik cizgi. Dəyişin o klubun adını. Bunu edə bilmirsizsə, onda qəsəbənin adını. Ya Qvatamelanın “Səbail” klubu olsun, ya da Bayılın “Qvatamela” klubu. İnanın, izləyici sayı daha da artacaq, səhifənin aktivliyi göz oxşayacaq. Siz o qırmızıyanaq Hagenin canı, edin bunu.

HƏBİB