Bir qədər öncə əfsanəvi Anatoli Banişevskinin saatının Rusiya saytlarının birində satışa çıxarıldığını xəbər vermişdik. Saatın şəkillərini elan şəklində verən Yekaterina adlı xanım “Orient Special” markalı saatın ərəb şeyxləri tərəfindən hazırlandığını xüsusi şəkildə qeyd edərək qol cihazına 57500 rub, yəni 1250 manat qiymət qoyub.

Offsideplus.az-ın əməkdaşı olaraq xəbərin izinə düşüb, həm jurnalist, həm də vətəndaş maraqları cəhətdən saatın kim tərəfindən və niyə satıldığını öyrənmək üçün Yekaterina xanımla əlaqə saxladım. 3 dəqiqəlik telefon danışığı ilə siz də tanış olun.

- Salam, xanım. Elana görə narahat edirəm.

- Hansı elan?

- Anatoli Banişevskinin qol saatı.

- Aha, buyurun, eşidirəm.

- Saat satılıb?

- Qalır hələ. Niyə soruşursuz?

- Almaq istəyirəm.

- Lap yaxşı.

a460d97e 9d2b 459a 9a56 1d5633ab5f3c

- Saat sizdədir? Siz satırsız?

- Bəli, bizdədir.

- Məni narahat edən bilirsiz nədir? Saatın həqiqətən Anatoli Andreyeviçə məxsus olması. Düzünü desəm, şübhə edirəm.

- (gülümsəyir) Şübhəyə ehtiyac yoxdur. Onun saatıdır.

- Bəs siz rəhmətliyin kimisiz?

- Uzaq qohumu.

- Sirr deyilsə, saat sizdə hardandır?

- Saatı bizə Banişevskinin yaxın qohumu verib.

- Saatın və ya qabının üzərində cihazın Anatoli Andreyeviçə məxsus olduğunu sübut edən nəsə var?

- Mən bu işdə sizə tam köməklik göstərə bilməyəcəm. Gəlin belə edək. Nömrənizi yoldaşıma verim, o sizinlə əlaqə saxlasın.

- Olar.

Çox keçmədən həmin şəxs özü əlaqə saxlayır.

3f97c902 c466 4898 a427 d308dd96ee82

- Salam, Banişevskinin saatı ilə bağlı yoldaşımla əlaqə saxlamışdız. Nə lazımdırsa, soruşun, cavablandırım.

- Məni maraqlandıran saatın rəhmətliyə aid olması ilə bağlı sübut və cihazın satılma səbəbidir.

- Vəziyyəti izah edim sizə. Valideynlərim bakılıdır. Atam 12 qat Azərbaycan çempionudur. Banişevskinin yaxın dostu olub.

- Kimdir ki, atanız?

- Adı vacib deyil, Azərbaycanda kifayət qədər tanınan şəxslərdən olub. Bakıda tez-tez oluruq. Saata gəlincə, “Special Odition”dur, hansısa ərəb şeyxi tərəfindən xüsusi olaraq SSRİ yığması üçün hazırlanmışdı. O vaxt hamı kimi, Anatoliyə də hədiyyə olunmuşdu.

- Sizə necə gəlib çatıb?

- Anatoli sağ olanda bu saatı bacısı Lidanın həyat yoldaşına hədiyyə edib. O şəxs də saatı bizim ailəyə hədiyyə edib. Mən sizə sübut üçün bütün məlumatları verirəm. Çünki saatın nə qutusu var, nə də üzərində hansısa yazı. Fikrimcə, bu məlumatları dinlədikdən sonra hansısa şübhəniz qalmaz.

- Bəs niyə satırsız?

- Saat uzun illərdir bizdəydi. Sadəcə, indi məlum böhrana görə evdəki bəzi qiymətli əşyaları satırıq. Qeyri-adi saatdır. İnanırsız, indiyə qədər heç vaxt sırf bu saatdan görməmişəm. Oxşarı ola bilər, amma sırf bundan yox. Çünki xüsusi sifarişlə hazırlanıb.

- Qiyməti bizim pulla 1250 manat yazmısız. Aşağı yeri var?

- Müəyyən güzəştə getmək olar... Sizə indidən bir şey deyim ki, sonradan narazılıq olmasın. Saat xeyli vaxt qolda “gəzib”, yeni deyil. Üstəlik, neçə illərdir evdə qalıb. Ona görə də üstündə yüngül cızıqlar var. Hə, bir də tarixi nizamlayan yan düyməsi yaxşı işləmir. Belə edək, mən indi saatın şəkillərini çəkib sizə göndərim, hər tərəfinə diqqətlə baxın.

- Oldu, gözləyirəm...

HƏBİB

de8efa10 70a1 434c 91e8 bcee1d55cf8c

dff774f9 592d 48c2 aae3 4c13f9909240