Yığmanın DÇ-2022-nin seçmə mərhələ oyunları öncəsi Canni de Byazinin Antalya səfəri boşuna deyildi.
Offsideplus.az xəbər verir ki, italyan mütəxəssis Türkiyənin kurort şəhərində hazırlıq keçən komandaların yoldaşlıq oyunlarını izləməli, gələcəkdə milliyə fayda verə biləcək namizəd futbolçuları iş başında görməliydi. Əslində izlədi və bəyəndi də. Lakin son söz futbolçularındır.
De Byazi Antalyaya tək getməmişdi. Yanında olanlardan biri də yığmanın meneceri İlqar Qurbanov idi. Ötən mövsüm futbolçu karyerasını başa vuran Qurbanovu danışıqların aparılmasında yaxından iştirak edən şəxs hesab etmək olar. Çünki tutduğu vəzifə İlqardan bunu tələb edir. Odur ki, səfərdən qayıdan yığmanın sabiq futbolçusu ilə Türkiyə səfəri ilə bağlı danışdıq: "Əvvəldən planlaşdırılan 3 günlük səfər idi. Məqsəd azərbaycanlı futbolçuların yer aldığı "Minay"la "Ximki"nin məşqlərini və yoldaşlıq görüşlərini yaxından izləmək idi. Canni de Byazi üçün tək oyun yox, məşqlər də olduqca vacibdir. Deyim ki, plan üzrə hərəkət olundu və lazım olan bilgiləri toplamaq mümkün oldu. Və ən əsası, futbolçuların özləri ilə üzbəüz danışdıq.
Səfərlə bağlı danışırıqsa, Canni de Byazinin təcrübəsini və işə peşəkar yanaşmasını gördüm. Açığı, yığmaya və futbola münasibəti çox xoşuma gəldi. Həqiqətən çox həvəsli və istəklidir, böyük işlər görmək, millini inkişaf etdirmək istəyir. Bu faktın özü də mənim üçün faydalı oldu. Hər halda, 3 gün qısa müddət olsa da, müəyyən mənada təcrübə topladım. Daim futbolçularla bağlı müzakirələr edir, fikir mübadiləsi aparırdıq".
İlqar bəydən hədəfdə konkret futbolçuların olduğunu soruşanda, cavabı qısa oldu: "Bu barədə mətbuatda məlumat verilib artıq. "Minay"dan Anatoli Nuriyevlə Rüstəm Əhmədzadə, "Ximki"dən Kamran Əliyev - Antalya səfərində hədəfdə olan bu üç futbolçu idi, başqa heç kim".
Təbii ki, hər kəsi maraqlandıran sual. Qarşıdakı oyunlarda ölkə xaricində top qovan azərbaycanlıları yığmada görmək mümkün olacaq? Ümumiyyətlə, bu məsələ ilə bağlı özlərinin fikri necədir? Qurbanovu dinləyək: "Bəli, hər biri böyük məmnuniyyətlə yığma formasını geyinmək istəyir. Bunun nə demək olduğunu özləri də yaxşı bilir. Sadəcə, bəzi texniki məsələlər var ki, ilk növbədə onlar həll olunmalıdır. Əsas sual yığmada çıxış edəndən sonra klublarındakı vəziyyətin necə olacağıdır. İndi çıxış etdikləri liqalarda legioner sayılmırlar, lakin millidə oynayandan sonra sayılacaqlar. Bunu götür-qoy etməli, məsləhətləşməlidirlər. Digər tərəfdən, ailələrinin və valideynlərinin fikirləri də çox önəmlidir. Bu kimi suallar müsbət cavabını tapdıqdan sonra, fikrimcə, yığmada çıxış etmələrində problem olmayacaq".