“Neftçi” qışboyu axtardığı hücumçunu Bolqarıstanda tapdı. Müqavilə ilə Sofiya ÇSKA-sına məxsus olan türkəsilli Əhməd Əhmədov cari mövsümün sonuna qədər icarə əsasında ölkəmizdə legioner həyatı yaşayacaq.
Hücumçu hələ Azərbaycana gəlməyib, nəyə qadir olduğunu görməmişik. Buna baxmayaraq, böyük əksəriyyət karyerasındakı rəqəmlərə baxıb haqqında mənfi fikirlər səsləndirir. Biz isə internet qaynaqlarında yazılanların əsasında onu sizlərə daha yaxından tanıtmaq qərarına gəldik.
Kimliyi
Əhməd 1995-ci ilin martın 4-də Burqasskaya vilayətinin Planinitsa kəndində anadan olub. Bolqarıstanda 600 minə yaxın türkün yaşadığını nəzərə alsaq, Əhmədovun bu ölkədə doğulması təəccüblü görünməməlidir. Düzdür, Əhməd Əhmədov ad-soyadında başqa millətlə qarışığın olmaması inandırıcı deyil. Üstəlik, 25 yaşlı futbolçu Əhmədovla yanaşı, Yalmazov soyadının da daşıyıcısıdır. Nədirsə, qarışıq məsələdir.
Təəssüf ki, Bolqarıstan mənbələrində bu sualın ən dəqiq cavabını tapmaq mümkün olmadı.
Futbola gəlişi
“Neftçi”nin yeni transferi futbolun sirlərinə 12 yaşından, yəni 2007-ci ildən yiyələnməyə başlayıb. İlk üz tutduğu yer Burqas “Çernomorets”i olub. Cəmi 1 il sonra “Çernomorets”i şəhərin başqa klubu “Neftoximik”ə dəyişib. 5 il bu komandada oynayandan sonra yenidən “Çernomorets”ə qayıdıb ki, peşəkar futbolda “siftə”sini də elə burda edib.
Peşəkar karyerası
18 yaş 8 aylığında, faktla deməli olsaq, 2013-cü ilin noyabrın 13-də ilk dəfə peşəkar futbolçu kimi oyuna çıxıb. Bu, ölkə kubokunun 1/16 final mərhələsi çərçivəsində baş tutan “Montana” – “Çernomorets” qarşılaşmasının 81-ci dəqiqəsində baş verib ki, Əhmədin komandası 1:3 hesabı ilə məğlub olub.
2014-in yayında Birinci Divizion təmsilçisi olan “Çernomorets”i həmin yarışda mübarizə aparan “Burqas”a dəyişib. 2015-18-ci illər aralığında yenə “divizion”da, bu dəfə “Pomorie”nin uğurları üçün tər töküb.
Nəhayət, 2018-ci ildə Premyer Liqa iştirakçısı “Dunav”la müqavilə bağlayıb və bu komandada ardıcıl 2 il elita həyəcanını hiss edib. Çempionatda 49 oyuna 14 qol və ÇSKA kimi köklü klubdan gələn təklif.
2019-20 mövsümünün ikinci yarısı ərəfəsində, yəni ötən ilin yanvarında “hərbçilər”lə anlaşan Əhməd, mövsümün sonuna qədər 2-si əsas heyətdə olmaqla cəmi 6 oyunda forma şansı qazanıb. Daha 3 görüşü isə ölkə kubokunda keçirib. Pandemiyaya görə mövsümün erkən başa çatması daha çox oynamasının qarşısını alıb.
Cari mövsümdən danışmalı olsaq, kubokda 1, Premyer Liqada 11 matçda şans qazanıb. Bu oyunların cəmi 2-də əsas heyətdə meydana çıxıb. 320 dəqiqə çempionatda, 28 dəqiqə ölkə kubokunda top dalınca qaçıb. Turnirlərin hər birində 1 qolla yadda qalıb. Bu yerdə Əhmədin sentyabrda koronavirusa yoluxduğunu və bu səbəbdən bir müddət yaşıl meydanlardan kənar qaldığını xatırlatmaq yerinə düşər.
Avrokuboklar və yığma
Hər nə qədər qəribə görünsə də, əsas heyət üzvü sayılmayan hücumçu ÇSKA-nın cari avrokubok mövsümündə 7 qarşılaşmada şans qazanıb. Düzdür, bütün oyunlara ehtiyat oyunçular skamyasından başlayıb, meydana əvəzetmədən daxil olub. 7 oyun və vur-tut 73 dəqiqə.
Və bu 73 dəqiqənin qarşılığında vurulan 2 qol. Fərqləndiyi hər 2 qarşılaşmada komandası meydanı məğlub tərk etsə də, Əhmədov “Bazel”lə “Sirens”in qapısına yol tapmağı bacarıb. “Roma”ya qarşı 17 (2 oyunda), “Yanq Boyz”a qarşı 18 (2 oyunda), “ÇFR Kluj”a qarşı 19 dəqiqə mübarizə aparsa da, rəqib qapıçıları məyus etməkdə çətinlik çəkib.
Yığma karyerasından ağız dolusu danışmaq mümkün deyil. Çünki 1 dəfə cəlb olunduğu Bolqarıstanın U-21 millisində oynamaq imkanı qazanmayıb. Bu sevinci 2015-ci ildə yaşasa da, baş məşqçi Əhmədi oynatmayıb və bir daha yığmaya dəvət olunmayıb.
Uğurları və qolları
“Neftçi”nin forvardı ilk medalına 2015-16 mövsümünün yekununda qovuşub. “Pomorie” Birinci Divizionu 2-ci pillədə başa vuranda gümüş müdallardan Əhmədova da pay düşüb. Daha 2 sevindirici məqam isə ötən mövsümlə və ÇSKA-nın adıyla bağlıdır. “Hərbçilər” çempionatı 2-ci yerdə bitirib, ölkə kubokunun finalına qədər irəliləmişdi. Hər iki halda yazının səbəbkarına “gümüş” qismət olmuşdu.
Bir hücumçu üçün 7 il ərzində 47 qolu əla göstərici saymaq olmaz. Əhmədin karyerasının 5 ilinin Birinci Divizionla bağlı olduğunu nəzərə alsaq, məsələ bir az da ağırlaşır. Yeri gəlmişkən, qollara sevindiyi oyunlar da həmin dönəmlərə təsadüf edib. Elə isə komandaların və turnirlərin adlarına əsasən nəzər yetirək.
Birinci Divizion 103 oyun 27 qol
Premyer Liqa 66 oyun 15 qol
Ölkə kuboku 17 oyun 3 qol
Avrokuboklar 7 oyun 2 qol
Meydanda necə görünür?
“Neftçi”də necə oynayacağını və nə ilə yadda qalacağını zaman göstərəcək. Hələliksə Bolqarıstanın yüksək dəstəsində “Dunav” və ÇSKA-nın oyunların videogörüntülərinə əsasən mülahizələr yürüdə bilərik.
Əsasən sol ayağının işlək olması vurğulanması vacib məqamdı. Bu amil hücumçular üçün hər kəsin bildiyi üstünlükdür. Başla oynamağı bacarır, son zərbələri dəqiq yerinə yetirir. Mövqe seçiminə görə də öyünə bilər.
Mənfi keyfiyyətlərindən ikisini qeyd etməklə yazını başa vurmaq olar: sürət baxımından “axsayır”, topla rəftarı ürəkaçan deyil.
Yeri gəlmişkən, bolqarıstanlı futbol mütəxəssisləri Əhməd Əhmədovun "qızıl əvəzləyici" kimi daha faydalı olduğunu düşünür.
HƏBİB