"Məsut Özil çox yaxşı "Fənərbağça"lıdır. Lakin "Fənərbağça" həmin maliyyə şərtlərini qaldıra biləcək vəziyyətdə deyil. Bizim üçün çox gözəl xəyaldır. Gerçəkləşsə əla olardı, amma gerçəkləşməsi üçün çətin xəyaldır".
Vaxtilə bu sözləri “Fənərbağça”nın prezidenti Ali Koç Məsut Özilin mümkün keçidi barədə danışarkən demişdi/ Bu açıqlaması ilə 32 yaşlı yarımmüdafiəçinin “sarı-lacivərtlər”ə transferinin nə qədər əlçatmaz olduğunu futbol mediasına və azarkeşlərə aşılamışdı.
Nəticə nə oldu? Mümkünsüz görünən gerçəkləşdi. Futbolsevərlərin gözləməkdən gözünün kökü saraldığı transfer reallaşdı, hətta Özilin İstanbula gəlişini göz yaşları içində izləyənlər oldu.
Hər şey belə pozitiv şəkildə davam edərkən insanın ağlına bu sual gəlir: 8 aydır yaşıl meydan üzü görməyən futbolçunun “Fənərbağça”dəkı gələcəyi nə vəd edir?
Nə qədər şablon səslənsə də, qeyd edək ki, o adi futbolçu deyil, Məsut Özildir. O Özil ki, klub karyerası boyunca 600-dən çox oyuna çıxaraq 105 qol və 216 assistə imza atıb. Hücumameyilli yarımmüdafiəçi “Real” formasında meydana çıxdığı 159 matçda 27 qol, 88 ötürmə, sonuncu dəfə 2020-ci ilin martında formasını geyindiyi “Arsenal”da isə 254 oyunda 44 qol və 77 məhsuldar ötürmə ilə yadda qalıb.
Özilin “Fənər”in heyətindəki mövqeyinə gəlincə, hücumameyilli yarımmüdafiəçi olaraq komandada bu adlar var: Dmitrios Pelkas, Mert Hakan Yandaş və Ömer Beyaz. Mourinyonun “ən yaxşı 10 nömrə” adlandırdığı Özilin komandadakı mövqeyinin cavabını verəcəyinə şübhə yoxdur.
Bundan əlavə, uzun müddətdir futboldan uzaq qalsa da, Məsut “Arsenal”ın ikinci heyəti ilə, həmçinin komandadan kənar məşqlər edərək formasını saxlayıb. Odur ki, təcrübəli futbolçu bir neçə oyuna çıxandan sonra yenidən əvvəlki formasına qayıtmağa çətinlik çəkməz. Yəni fiziki durumu qaydasındadır, sadəcə, "əl gəzdirmək" lazımdır.
“Fənərbağça”nın dünya ulduzunu heyətinə qatarkən ən çox müzakirə olunan məsələ ona veriləcək milyonlar idi. İndiyə qədər klub tərəfindən rəsmi açıqlama verilməsə də, mediada yazılanlara əsasən, “Fənərbağça” ilə 3,5 illik razılığa gələn Özilin illik maaşı 5 milyon avro olacaq. Bir müddət öncə isə klubun idman direktoru Emre Belözoğlu jurnalistlərin suallarını cavablandırarkən bu sözləri ilə diqqət çəkmişdi:
“Məsut “Arsenal”la istədiyimiz şərtlər altında razılığa gələrsə, bu ilki limitlərimiz üçün bir yük olmayacaq. “Fənərbağça” və ya digər klublar artıq 4-5 milyon avro maaşla futbolçu gətirəcək gücdə deyil. “Fənərbağça” nın tarazlığını pozacaq maaş istəyən oyunçulara gücümüz çatmaz”.
Bu sözləri nəzərə alsaq, Özil transferinin İstanbul təmsilçisi üçün yaradacağı problem maaş məsələsi ola bilər.
Ulduz futbolçular üçün ən böyük problem uyğunlaşma ilə bağlı olur ki, Mesut bu baxımdan rahat olacaq. Əvvəla, tarixi vətəninə gəlib, digər tərəfdən ətrafındakılardan daim sevgi və diqqət görəcək. Üstəlik, dil problemi də yoxdur. Bütün bunları nəzərə alanda meydanda istədiyi futbolu göstərmək üçün fiziki durumunu qaydaya salmaq kifayət edəcək.
Sonda bir “fənərli” olaraq yeni transferin kluba böyük qatqılar sağlayacağına ümid edir və Məsut Özilin illərdir çempionluq üzünə həsrət qalan “Fənərbağça”nın liderliyini qorumağa yardım edəcəyinə inandığımı bildimək istəyirəm. Neçə belə Məsutlu illərə, "Fənərbağça"!
Günay XƏLİL