2020 başa çatır. Hamımız ikili hisslər yaşayırıq. Bir tərəfdən kədərlənir, digər yandan qürur duyuruq.

İlin əvvəlində hər birin(m)izin 2020 ilə bağlı böyük planları vardı. Biri nişanlanacaq, digəri ailə quracaq, bir başqası yubileyini qeyd edəcəkdi. Başıbatmış siçanın ilində koronavirus bütün planları pozdu, həyatımızın altını üstünə çevirdi.

Günümüz maskadan asılı vəziyyətə düşdü. Toya hansı paltarı geyinəcəyimizi düşündüyümüz an şadlıq evlərinin qapıları üzümüzə bağlandı. Saçımızı kəsdirmək üçün karantinin başa çatmasını gözləyəcək qədər acizləşdik. Bayram günlərində öz doğma torpaqlarımız olan Qəbələ, Qusar, Masallı kimi dilbər guşələrdə dincəlmək hüququndan məhrum olduq. Bir vaxtlar çimmək üçün dənizə getməyə ərindiyimiz halda, 2020-nin yayında Xəzərin suyu ilə bədənimizi isladıb, qaynar günəşin şüasını qəbul etməyə həsrət qaldıq. Ölənlərimizi torpağa basdırmaq üçün sms-icazədən asılı duruma düşdük. İnsanlar bir-birindən uzaqlaşdı, övladlarımız divarlar arasında qaldı,  evin içində bir-birimizin üzünü görməkdən bezdik.

Siçan ilində əsl siçan həyatı yaşadıq. Deşiyə girib ətrafdakı polislərə rast gəlməmək üçün gizlənmək həyat devizimizə çevrildi.

Koronavirus bəlası azmış kimi, sentyabrın 27-də cəbhədə başlayan fasiləsiz müharibədə neçə-neçə evlərin qapısına qıfıl vuruldu. Neçə-neçə anaların gözləri yaşlı qaldı, evlərin işıqları söndü, ailələrdən ata, qardaş səsi kəsildi. 44 gün ərzində ölkə qanlı yorğana büründü. Nə yaxşı ki, sonda zəfər bizim oldu. Üzümüzü az da olsa güldürən möhtəşəm qələbə xəbərinə sevindik.

Bu gün “siçanı” yola salırıq, bundan sonrakı 1 ildə ümidimizi öküzə bağlayacağıq. Öküz siçan kimi zəhlə tökən, qorxaq, deşikdə dayanıb növbəti deşiyi gözaltı edən heyvan deyil. İşləkdir, zəhmətkeşdir, cüssəsinə baxmayaraq özünü sakit aparmağı bacarır. Təki quyruğunu tapdamayasan. Tapdadınsa, qanına qəltan edəcək səni.

2021-lə bağlı nə arzu edə bilərik? Bağlı qalan iş yerlərinin qapılarının zəhmətkeş bacı-qardaşlarımızın üzünə açılmasını. Sakit və firavan həyat sürməyi. Qarabağ torpaqlarında gəzib-dolaşmağı, yallı getməyi. Övladlarımızın evdən bayıra çıxa bilmələrini. Yenə qohum-əqraba, dost-tanış bir yerə yığışıb xoş günləri birgə qeyd etməyi. Və ən əsası, yaşlı insanların xəstəlikdən, ölümdən yan keçməsini.

Arzular çoxdur. Təki 2020-dən qurtula bilək. Deşikdən boylandığını görəndə ayağımızın birini yerə çırpıb “kış” dediyimiz özü bir şey olmayıb ürək bulandıran heyvana birlikdə “rədd ol” deyib, zəhmətkeş, aram yerişlə bizə doğru yaxınlaşan öküzü “xoş gəlmisən”lə salamlayaq...

HƏBİB