Azərbaycanlı futbolsevərlər Roberto Bordini unutmayacaq. İlk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində “Şerif”in baş məşqçisi kimi “Qarabağ”la oyun üçün ölkəmizə səfər edən italyan mütəxəssis, çox keçmədən “Neftçi”nin “sükanı” arxasında “əyləşdi”.
“Ağ-qaralar”ı çalışdırdığı müddətdə komandaya gümüş medal qazandırıb, Avroliqada “Arsenal” (Tula) səddinin keçilməsi ilə yadda qalsa da, bakılıların ardıcıl iki mövsüm ölkə kubokunda “Sumqayıt”a “ilişməsi” Bordinin nüfuzuna ciddi təsir etdi. Nəticədə bu ilin yanvarında, “Neftçi” turnir cədvəlində 2-ci pillədə qərarlaşan vaxt ölkəmizi tərk etdi.
Bordinlə çoxdan danışmaq istəyirdik. Lakin hər dəfə ortaya hansısa əngəl(lər) çıxırdı. Nəhayət, “vatsap” üzərindən olsa belə, bu dəfə offsideplus.az-a müsahibəyə razılıq verdi.
- Necəsiz? Haralardasız?
- Hər şey qaydasındadır. Evimdəyəm, ailəmin yanında. Əsas olan canımızın sağlığıdır. Təəssüf ki, koronavirus pandemiyası bir az narahatlıq yaradır.
- Nə əcəb işsiz qalmısız?
- Özüm üçün uyğun olan təklifi gözlədiyim üçün evdə oturmuşam.
- Bakı və “Neftçi” üçün darıxırsız?
- Azərbaycanda gözəl və unudulmaz vaxt keçirdiyimi deməliyəm. “Neftçi” isə ölkə futbolu adına vacib və tarixi bir klubdur.
- “Neftçi”ylə bağlı xatirələrinizdə nələr qalıb?
- Mən və köməkçilərim “Neftçi”də çalışdığımız müddətdə ən yaxşısını etmək üçün əlimizdən gələni edirdik. Yadınızdadırsa, ilk ilimdə çempionluğa kifayət qədər yaxınlaşmışdıq. “Qarabağ” kimi güclü rəqiblə sona qədər mübarizə aparmışdıq. Məni uzaqlaşdıranda komanda ikinci pillədə idi. Yenə çempionluğa oynayırdıq. Ümumi vəziyyəti nəzərə alsaq, günah məndə deyildi.
- Azərbaycan çempionatını diqqətdə saxlayırsız?
- Təbii ki. Çünki məni “Neftçi”yə bağlayan çox şeylər var. Ümid edirəm ki, komanda ən yaxın zamanda çempionluğu bayram edəcək. Yeni gələn baş məşqçinin uğurlu olacağına inanıram. Bacarıqlı məşqçidir.
- Yəqin ki, vaxtilə köməkçiniz olan Füzuli Məmmədovun aqibətindən xəbəriniz var. Nə deyə bilərsiz?
- Mən ancaq özümə aid olan suallara cavab verə bilərəm. Füzuli Məmmədovun işini mühakimə etmək mənlik deyil.
- Sizin vaxtınızda “Neftçi” “Qarabağ”a 0:6 hesabı ilə uduzsaydı, dərhal istefa verərdiz, yoxsa rəhbərliyin qərarını gözləyərdiz?
- 0:6 ağır məğlubiyyətdir. Görünür, bu, paltardəyişmə otağında işlərin qaydasında olmamasının siqnalı idi.
- “Qarabağ”ın Avroliqadakı matçlarını izləyirsiz?
- Mən öz peşəmi sevirəm. Peşəsinə hörmət edən məşqçi daim futbolla yaşamalı, hadisələrin axarını diqqətdə saxlamalıdır. Beynəlxalq oyunlara baxıram. Təbii ki, “Qarabağ”ın matçlarına da.
- “Neftçi”də kimlərləsə əlaqəniz qalıb? Kimlərlə danışırsız?
- Klubdan ayrılandan sonra prezidentlə, tərcüməçiylə danışmışam. Fürsətdən istifadə edib vaxtilə köməkçim olmuş İqor Getmana, o cümlədən adminstratorlara və fizioterapevtlərə təşəkkür etmək istəyirəm. Onların hər biri ilə əla münasibətim olub.
- “Neftçi”də baş məşqçi kimi işləmək çox çətindir, bunu hamı deyir. “Niyə”sini əcnəbi mütəxəssisin dilindən eşitmək maraqlı olar.
- Tarixi zəngin olan klubun baş məşqçisi olmaq hər bir məşqçi üçün böyük fəxrdir. Təzyiq isə təkcə köklü klublarda olmur. Hər yerdə belədir. Bu bizim işimizin tərkib hissəsidir. Təzyiq varsa, deməli, o yerdə hədəf var. Ona görə də “Neftçi”də müəyyən gərginliyin olması və olmaqda davam etməsi normaldır. Bu cür klubda çalışmaq imkanım olduğu üçün “Neftçi”yə minnətdaram.