Gənc yaşlarında Türkiyənin U-15, U-16, U-17 millilərinin şərəfini qorumasına baxmayaraq, 17 yaşında ölkəmizin əsas yığmasında debüt etməklə çoxlarını sevindirmişdi. “Fənərbağça”nın əsas komandasında rəsmi matçlarda debüt edə bilməsə də, ordakı 4 illik təcrübə Qurbanova çox şey qazandırmışdı.
Sonradan “Sivasspor”, “Boluspor”, “Mersin İdmanyurdu”, “Olimpik-Şüvəlan”, “Qarabağ”, “Qəbələ”, “Sumqayıt”ın şərəfini qorusa da, bu gün futbolsuz qalıb. Offsideplus.az-ın əməkdaşı İlqar Qurbanova gələcək planlarını öyrənmək, ölkə futbolunun hazırkı durumundan söz açmaq üçün zəng vursaq da, söhbətin axarı milli mövzusuna qədər apardı.
- Xeyli vaxtdır səs-sorağın gəlmir. Haralardasan? Nə işlə məşğulsan?
- Evdəyəm, vaxtımı ailə-uşaqlarımla keçirirəm, təhsilləri ilə maraqlanıram. Bəzi işlərim var, onlarla məşğul oluram. Futbol oynamayan hamı necə, mən də elə.
- Niyə futbolsuzsan?
- Futbolsuz qalmışam (gülür).
- Niyə?
- Yəqin ki, futbolda xidmətləri daha çox olanlalara ehtiyac var. Görünür, bizim xidmətimiz lazımi qədər olmayıb.
- Yayda “Sumqayıt”dan ayrılmağın müəammalı göründü. Klub istəmədi, yoxsa sən şərtlərlə razılaşmadın?
- Hər iki tərəf olaraq ümumi razılığa gələ bilmədik.
- Maaşa görə?
- Hər tərəfli.
- Başqa təklif yox idi?
- Xeyr.
- Türkiyədə legioner həyatı yaşamısan, Super Liqa təcrübən var, əlaqələrin genişdir. Nə əcəb ora getmədin?
- Açığı, bir ara o barədə də düşündüm. Amma alınmırdı. Övladlarım burda məktəbə gedir, öz işlərim var. Bu yaşda birdən-birə hər şeyi atıb ora getmək də düşünülməmiş addım olardı.
- Gələcəyini necə görürsən?
- Qış fasiləsində təklif olsa, futbol oynamağa davam edərəm, olmasa, karyeramı başa vuraram.
- İçindən gələn səs səni hara səsləyir: futbolçu formasında yaşıl meydana, yoxsa məşqçi geyimində texniki zonaya?
- Bu gedişlə texniki zona olacaq. Gənclərlə işləmək lazımdır. Baxırsan ki, uşaqlar necə gəldi böyüyür, futbol savadları aşağı səviyyədədir. Bu gedişlə Azərbaycan futbolu məhv olub gedəcəm. Tək mən yox, neçə-neçə futbolçu var ki, futbolçu vaxtı sözlərini desələr də, bu gün kənardadılar, Amma qeyri-futbol adamları futbolun içindədilər. Ona görə də futbolumuz bu gündədir.
- Məşqçi lisenziyan var?
- Yığmanın formasını geydiyim üçün C kateqoriyası avtomatik verilməlidir. Amma mən B-ni oxumaq istəyirəm. Həvəsim də var.
- Milli noyabrın 10-17-si aralığında 3 oyuna çıxdı. Matçların hamısına baxdın?
- Yalan danışmaqla aram yoxdur. Olanı deyəcəm. Tsiklın ilk oyununa baxmışdım. Milli evdə Lüksemburqla oynayırdı. Elə həmin gün başa düşdüm ki, bu komandanın oyununa baxmağa dəyməz. Futbola baxmaq adıyla boş-boş əsəbləşirsən. Ondan sonra heç birinə baxmadım. Son olaraq Sloveniya ilə qarşılaşmanın ilk hissəsini izlədim.
- Nəyə əsəbləşirsən?
- Hücum yox, futbol yox, nəyinə baxasan? Əminəm ki, oyuna baxan hər kəs öz-özünə sual verir ki, bunların məqsədi nədi, nə etmək istəyirlər? Heç nə anlaya bilmirəm millinin çıxışında. Bütün ölkələrdə futbol strukturu var. Baxırsan, hamısında böyük əksəriyyət futbol oynamış, futbolda xidmətləri olmuş insanlardır. Bizdə mən milliyə məşqçiləri kimin gətirdiyini anlamıram. İndiyə qədər bir dəfə də olsun bu barədə açıqlamaya rast gəlməmişəm. Hər klubun, hər federasiyasının meneceri var və bunu ictimaiyyətə açıqlayırlar. Məsələn, filan futbolçunu filankəs gətirdi, filan məşqçini filankəs.
- Sanki millinin zəif çıxışına görə günahı futbolçularda görmürsən.
- Xeyr. Futbolçudur, dəvət ediblər, o da gəlib bacardığını göstərir. Onun bacardığı odur, artığını edə bilmir. Edə bilsə, inanın ki, edər.
- Kimdir günahkar?
- Onları ora gətirib oynadanlarda. Hələ də inana bilmirəm ki, o heyəti Canni de Byazi seçib. Adam A seriyasında məşqçi işləyib, Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə aparıb. Məşqçi nə qədər savadsız olmalıdır ki, bu cür seçim etsin, bu cür oyun sxemi qursun. İllərdir futboldayam, mən belə şey görməmişəm. Nə bilim, vallah, nə bilim.
- Tapşırıqla seçir heyəti?
- 100 faiz. Başqa adı yoxdur bunun.
- Layiq bildiyin kimlər kənarda qalıb?
- Layiq olub-olmamaqdan getmir söhbət. Mən Azər Salahlını illərdir tanıyıram. İndiyə qədər onu sil cinah yarımmüdafiəçisi kimi oynayan görməmişəm. Azər müdafiəçidir, yeri də müdafiədir. Bəlkə mən görməmişəm, siz görmüsüzsə, deyin. Bu, bilirsiz nə deməkdir? Sanki Namiq Ələsgərov sol cinah müdafiəçisi qismində oynayır.
- Yığmanın qələbəsizliklərini həzm edə bilmirsən.
- Qardaş, heç-heçə də olar, uduzmaq da. Guya bizim vaxtımızda bütün rəqibləri diz çökdürürdük? Bizim də məğlubiyyətlərimiz olub. Amma uduzanda da baxır necə uduzursan. Biz Bakıda 9 nəfərlə Portuqaliyaya 0:2 uduzanda bütün stadion komandanı alqışlayırdı. Çünki futbol oynamağa çalışırdıq, hücum edirdik, qapı qarşısına yığılmırdıq. İndi qrupda nə Portuqaliya var, nə Finlandiya, nə Serbiya. Lüksemburq, Cənubi Kipr, yeni-yeni formalaşan Monteneqro...
- Bir şey da var ki, milli italyan məşqçinin rəhbərliyi altında meydana çıxdığı 7 oyunun 5-də qol buraxmadı. Bəlkə zamanla hücum xəttindəki problem də aradan qalxar.
- Futboldur, hər şey ola bilər. Hazırkı durumda inandırıcı görünmür. Berti Foqtsun vaxtından bu yana “bəlkə”lər davam edir. Dünənə kimi yığmanın formasını geyinən legionerlər hanı? Gəlib oynasınlar da, niyə yoxdular?
- Dmitri Nazarov, Riçard Almeyda, Eddi İsrafilov, Renat Dadaşov, Pavel Paşayev – bunları nəzərdə tutursan yəqin. Bunlar pandemiyaya görə mövcud vəziyyətə görə gələ bilmirlər.
- Niyə? Canlarının qiyməti daha artıqdır? Maksim, Rahil, Təmkin koronavirusa görə Xorvatiyada, Lüksemburqa otellərdə qalıblar. Onlar adam deyil, ailələri, yaxınları yoxdur? Pandemiyadır deyə, Azərbaycanda oynayanları müxtəlif ölkələri gəzdirmək olar, amma legionerlərə toxunmaq olmaz? Həmin məntiqlə Maksim, Təmkin, Rahil də deyərdi ki, pandemiyaya görə xaricə getmək istəmirəm.
- Səncə, legionerlərin özləri bilə-bilə mlliyə gəlmir?
- ...
(davamı olacaq)