Azərbaycan idmanının ağrılı yerlərindən biri ölkədə idman hüquqşünaslarının olmamasıdır. Daha doğrusu, dünənə qədər yox idi. Elə buna görə də "İnter"lə oyundakı hakim haqsızlığına görə "Qarabağ" rəhbərliyi klubun hüquqlarını qorumaq üçün azərbaycanlı yox, türkiyəli hüquqşünasa - Qürur Qayə Günala müraciət etmişdi.
Artıq bu baxımdan narahatlığa ehtiyac yoxdur. Klubların, futbolçuların, bir sözlə, idman sahəsində çalışanların hüquqlarını müdafiə edəcək Fərid Haqverdiyev var. Düzü, biz də onu yaxından tanımırdıq. Sadəcə, haqqında ümumi məlumatlar bilirdik. Odur ki, Fərid bəy offsideplus.az-a verdiyi müsahibədə özü haqda ümumi bilgilərdən başlayıb, suallarımızı cavablandırmaqla davam etdi.
- Sizi yaxından tanımaq xoş olardı...
- 1988-ci ilin 14 sentyabrında Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişəm. İlk magistr təhsilimi İngiltərənin Kent universitetinin Beynəlxalq Kommersiya Hüququ sahəsində almışam. İkinci magistr təhsilimi isə İspaniyanın Madrid şəhərində yerləşən İSDE universitetində Beynəlxalq idman hüququ ixtisası üzrə almışam. Uzun müddət beynəlxalq konsaltinq şirkətində hüquqşünas vəzifəsində çalışmışam. Hazırda əsas iş yerim Azərbaycan Dəmir Yolları QSC-dir. Bununla yanaşı Azərbaycan Voleybol Federasiyasında hüquqşunası kimi çalışıram. Eyni zamanda Beynəlxalq İdman Hüquqşunasları Assosiasiyasının və Azərbaycan Vəkillər Kollegiyasının üzvüyəm.
- Futbol oynamısızmı, futbola marağınız hardandır?
- Bir çoxları kimi, mən də uşaqlıqdan futbola həvəsli olmuşam. İlk dəfə 1997-ci ildə “Qarabağ”ın uşaq komandasında futbol məşqləri keçmişəm. Qısamüddətli olsa da xatirimdədir ki, qardaşımla birgə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən məşqlərə çox həvəslə qatılırdıq. Müəllimiz Əziz müəllim idi. Daha sonra təhsil almaqla paralel məşqlərə gedib-gəlmək yorucu və çətin olduğundan futboldan uzaqlaşdım. Buna baxmayaraq bundan sonra da məndə futbola olan həvəs itmədi, əksinə, daha da gücləndi.
- Niyə məhz idman hüquqşünası? Bu sahədə boşluq gördüyünüz üçün, yoxsa …?
- Bu sualı çoxları mənə ünvanlayır, nəyə görə ilk dəfə kommersiya hüququ ixtisası oxuduğumu soruşur. Mən ilk magistr təhsilimi aldığım dövrdə ölkəmizdə hələ mötəbər idman yarışları keçirilmirdi. Ona görə də həmin dövrdə daha çox perspektiv vəd edən kommersiya hüququna üstünlük verdim. Buna baxmayaraq daha sonra Avropa oyunları, İslam oyunları kimi yarışların keçirilməsi məni daha da ruhlandırdı. İdmanla, xüsusən də futbolla yaxından maraqlandığımdan mənim üçün daha çox idmanın, dəqiq desəm, futbolun“pərdəarxası” maraqlı idi. Yəni əksər tamaşaçılar üçün oyun, yarışın özü maraqlıdırsa, mənə hüquqşunas kimi o yarışların təşkilinin hüquqi əsası, oyunçuların sənədlərinin tərtib edilməsi, mübahisələr yaranan zaman onların harda həll ediləcəyi daha maraqlı gəlirdi. Vaxt tapdıqca çalışırdım ki bu sahədə biliklərimi artırım. Beləliklə, qərara gəldim ki, bu sahədə peşəkar təhsil alım. Vaxtilə “Qarabağ”ın “İnter”lə qarşılaşmasında çexiyalı hakimin yanlış idarəçiliyi də seçimimdə az rol oynamamışdı. Həmin oyundan sonra telekanallarda “Qarabağ” rəsmiləri hakimdən şikayət etmək üçün türk hüquqşünasa müraciət etdiyi açıqlanmışdı. Düşündüm ki, ölkəmizdə də bu sahədə hüquqşünas olsaydı, “Qarabağ” yerli hüquqşunaslarımızın xidmətindən yararlanardı. Yekunda qərarımı qətiləşdirdim və bu sahədə təhsil almaq üçün İspaniyaya yollandım.
- Azərbaycanda idman hüquqşünaslığına maraq yoxdur. Sizcə, niyə?
- İcazə verin, sizinlə razılaşmayım. Hesab edirəm ki, artıq Azərbaycanda da bu sahəyə kifayət qədər maraq yaranıb. Xüsusilə Formula-1 kimi yarışların keçirilməsindən sonra bu sahəyə maraq nəinki hüquqşünaslar arasında, eləcə də sıravi tamaşaçılar arasında artmışdır. Təsadüfi deyil ki, artıq 2 ilə yaxındır Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində magistr səviyyəsində İdman Hüququ” ixtisası üzrə fənnlər tədris olunur. Həmin ixtisas açıldıqdan sonra mənə də tədris üçün dəvət gəldi və mən böyük məmnuniyyətlə bu sahədə olan biliklərimi gələcək idman hüquqşünaslarımız ilə bölüşürəm. Sevindirici hal odur ki, tələbələrimiz arasında nəinki oğlanlar, qızlar da var. Bu isə artıq idman hüquqşünaslığına marağın artdığını göstərir. Sosial şəbəkələrdə izlədiyim qədəriylə bir çox gənc hüquqşünaslarımız bu sahədə araşdırmalar, paylaşımlar edirlər. Ona görə də, bu sahəyə maraq yoxdur demək doğru olmaz. Klublarımız, futbolçularımız daha da peşəkarlaşdıqca bu sahəyə olan tələb daha da artacaq və bu sahənin peşəkar hüquqşünaslarına ehtiyac olacaq.
"Sevilya"nın idman direktoru Monçi ilə...
- İndiyə qədər futbol (idman) sahəsində hansısa idmançının və ya klubun maraqlarını qorumusuzmu?
- Məxfilik və maraqların müdafiəsi baxımından ad çəkə bilməsəm də, kifayət qədər tanınmış yerli və xarici futbolçu, idmançı, müxtəlif klublar, agentlər (menecer), təşkilatlara bu sahədə hüquqi dəstək göstərmişəm. Müəyyən məsələlərdə istiqamət vermişəm. Bizim işimiz daha çox hüquqşünaslarla olduğundan əksər hallarda idmançıların, futbolçuların özləri ilə deyil, onların hüquqşünasları ilə təmasımız olur. Dopinq işlərində, yerli futbolçuların xaricə transferində hüquqi sənədlərin hazırlanmasında, iddia ərizələrinin yazılmasında və başqa işlərdə əməkdaşlıq etmişik. Əməkdaşlıq etdiyim şəxslər arasında müxtəlif ölkələrdən futbolçular, agentlər, idmançılar var. Bunlara misal olaraq Braziliya, Fransa, Portuqaliya, Bosniya və Hersoqovina, İngiltərə, Türkiyə, Rusiya, Hollandiya, Uruqvaydan olan idmançıları, hüquqşünasları göstərə bilərəm. İdman dünyasında hüquqşünaslıq sahəsi dar olduğundan və bu sahədə hüquqşünaslar az olduğundan, hamı demək olar ki bir-birini tanıyır.
- İş prosesində üzləşdiyiniz hansısa qeyri-adi, təəccüblü məqamı bölüşə bilərsiz?
- Bir il bundan öncə klublarımız təlim-məşq toplanışında olarkən klublarımızdan biri rəqibin heyətində bir futbolçunu bəyənmişdi. Daha sonra həmin futbolçunun hüquqşünası mənimlə əlaqə saxlayıb, həmin klub və burdakı yerli qanunvericilik barədə məlumat almışdı. Bizim klubun isə bundan xəbəri yox idi. Oxucular üçün maraqlı olan tanınmış şəxslərlə bağlı deyə bilərəm ki, Dieqo Qodin, Tyaqo Silva kimi məşhur futbolçuların vəkili ilə, eləcə də PSJ-nin hüquqşünası ilə və adlarını çəkmədiyim digərləri ilə yaxından dostluq edirik və qarşılıqlı əməkdaşlıq münasibətlərimiz var. Adətən həmin hüquqşünaslar az tanınmış futbolçuları da təmsil etdiyindən, elələrinin Türkiyə, Rusiya, Azərbaycan klublarına keçidi gündəmə gələndə sual doğuran məqamlarla bağlı fikir mübadiləsi aparırıq.
- "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovun məsələsi açıq qalıb. Maraqlıdır, gələcəkdə veriləcək yekun qərarda buna görə "Qarabağ" cəzalandırıla bilərmi?
- ...
(davamı olacaq)