Bu gün yenə ağır döyüş günüdür. Ötən aydan başlayan qarşılıqlı atışmalar nəticəsində Lüksemburq torpaqlarını ələ keçirə bilməsək də, Azərbaycanın mərd oğulları Cənubi Kipri özəlləşdirməyi bacardılar. Kiprlilərin sıralarında kifayət qədər müharibə təcrübəsinə sahib döyüşçülərin olmasına baxmayaraq, “Qarabağ”lı Maksim Medvedevin savaşın 29-cu günündə rəqibin sonuncu əsgərini düzgün hədəf seçməsi qələbəmizin rəsmiləşməsi demək idi. Və beləcə Azərbaycanın üçrəngli bayrağını Nikosiyaya sancmağı bacarmışdıq.

İndi ordumuz iki yerə bölünüb. Düz iki həftədir Qarabağın işğaldan azad olunması yönündə ağır döyüşlər davam etməkdədir. Torpaqların bir qismini geri qaytarmışıq, düşmən əsgərlərini əsir götürmüşük, əlimizdə ermənilərin xeyli sayda silah-suratı, texnikası var. Cəbhədə canından keçməyə hazır olan oğulların qarşısında nə qədər baş əysək də, azdır.

Könül istər ki, bayrağımızı öncə Monteneqroya, daha sonra Tiranaya sancacaq qardaşlarımızın qarşısında da baş əyək, bu cür həssas məqamda qazandıqları qələbə münasibəti ilə onları ayaq üstə alqışlayaq. Bunun üçün onlardan yeganə xahişimiz bu gün 17.00-da başlayacaq müharibədən başıuca ayrılmaqdır. Bilirəm, düşmən ordusunun heyətində kifayət qədər müharibə təcrübəsinə sahib əsgər və zabitlər var. Üstəlik, onlar müdafiə edən tərəfdir, biz hücum edən. Ona görə işimiz heç də asan olmayacaq. Amma əsl qəhrəman çətin durumdan çıxmağı bacarandır.

Dünənə kimi sıralarımızda kökən azərbaycanlı olmayan Riçard Almeyda, Dmitri Nazarov, Aleksandr Çertoqanov kimilərin olduğuna görə ordumuzun ürəklə savaşmadığını iddia edirdik. Bu gün onların heç biri yoxdur. Savaşa sırf Azərbaycan oğulları, bir-iki nəfər də özlərini bizlərdən seçməyən Dağıstan balaları ilə gedirik. Monteneqro nə Braziliyadır, nə İngiltərə, nə İspaniya. Yaxın keçmişdə Ermənistanla Kosova onları udmağı bacarıb, bir neçə gün əvvəl də Latviyanın müqavimətini qıra bilmədilər.

Gündüz Abbaszadənin “Qarabağ”ın “Legiya” üzərində parlaq qələbəsindən sonra futbolçuları necə təqdim etdiyini eşitmişdiz? Əsgər Qara Qarayev, əsgər Kevin Medina, əsgər Maksim Medvedev, əsgər Uroş Matiç... Bu gün Pərviz Musayev əcnəbi adlar olmadan eynisini təkrarlamalıdır: əsgər Elvin Camalov, əsgər Ramil Şeydayev, əsgər Namiq Ələsgərov, əsgər....

Bu axşam Monteneqronu alırıq, oktyabrın 13-də Tiranada kiprliləri əzişdirib vətənə başıuca qayıdırıq. Qələbə istəyiriksə, fərli-başlı oynaya bilmədiyimiz futbolu kənara qoymalıyıq. Yeganə məqsəd döyüşmək, savaşmaq, meydanda ürək qoymaq olmalıdır . Cəbhədə canından keçən qardaşlarımızı göz önünə gətirərək!

HƏBİB