Rusiyanın "MATÇ TV" telekanalının azərbaycanlı şərhçisi Elvin Kərimov iyulun 12-sində Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonunda yaşanan hadisələrə münasibət bildirib.

Müharibənin əleyhinə olan Kərimov bu mövzulu təbliğata da qarşı olduğunu bildirib: “Sülh şəraitində insanların həyatlarını itirməsinin əleyhinəyəm. Mən əleyhinəyəm. Bacımın oğlu indi Azərbaycan ordusunda xidmət edir. Ümid edirəm onun durumu yaxşıdır. Müharibə pisdir. Azərbaycan mənim tarixi vətənim və sevgimdir. Ümid edirəm, bir gün siyasətçilər məsələni danışıqlar masasında həll edəcəklər”.

Bu statusuna aldığı iradlarla razılaşmayan Elvin Kərimov ardınca daha geniş paylaşım edərək, özünün pasifist olduğunu xüsusi vurğulayıb: “Mövqeyimi başa düşməyənlər üçün bir daha. Birincisi, 21-ci əsrdə ərazi mübahisələrinin həlli üçün bir prinsip olaraq müharibəyə qarşıyam. Qanlı müharibəyə girməkdənsə 100 il danışıq aparmaq daha yaxşıdır. Mən pasifistəm. Düşünürəm ki, müharibə çağırışı edən insanlar, xüsusən də ictimai insanlar hərbi əməliyyatlar zamanı canlarını verən digər insanların ölümünə görə məsuliyyət daşımalıdırlar. İkincisi, işimi itirməkdən qorxduğum üçün belə paylaşım etdiyimi, qorxaq olduğumu və eyni ruhda digər cəfəngiyatları yazanlar, gedin işinizlə məşğul olun. Düşüncələriniz barədə danışdığınız üçün fikirlərinizə əhəmiyyət vermirəm. Mənim üçün maraqlı deyil və reallıqla heç bir əlaqəsi yoxdur. Üçüncüsü, bəli, mən müəyyən mənada qorxaqam, çünki müharibədən qorxuram. Özüm üçün qorxuram, çünki müharibə olanda özümü çağırışçıların yerinə qoyuram və ya qohumlarımı onların yerinə qoyuram (və yaxın qohumlarım Qarabağda döyüşürdülər və ümumiyyətlə heç nəyi təsəvvür etməyə ehtiyac duymuram). Dördüncüsü, mənim mövqeyimi bəyənməyə bilərsiniz, amma bu təhqirlərə keçmək üçün bir səbəb deyil”.

Müsahibələrində tarixi vətənini unutmadığını hər zaman dilə gətirən şərhçinin hadisəyə 2 statusluq reaksiyasında bir dəfə Ermənistan adı çəkməməsi, Azərbaycan torpaqlarının işğalı məsələsinin yer almaması diqqət çəkir.

Təbii ki müharibə arzulanan hadisə deyil. Kimisə pasifizmdə (Pasifizm - Hər cür müharibəni, o cümlədən milli azadlıq, inqilabi və b. ədalətli müharibələri inkar edən və əbədi sülhü kapitalizm münasibətlərinin mövcudiyyəti ilə bağlayan siyasi cərəyandır – müəllif) günahlandırmaq, müharibə və günahsız insanların ölümünü istəmədiyi üçün tənqid və ya iddia olunduğu kimi təhqir etmək yolverilməzdir. Müharibə və onun fəsadları ilə illərdir yaşayan, ailə üzvlərini, evini, torpağını itirənlər, ən böyük arzusu ölmədən öncə doğulduğu torpağa getmək, ata-anasının məzarını ziyarət etmək olanlar, ərinin, atasının, qardaşının gözü qarşısında təcavüzə uğrayanlar, qarnının süngü ilə deşiləcəyindən xəbərsiz hamilə qadınlar, insan beyninin almayacağı vəhşətləri yaşayanlar, sağlamlığını itirənlər də, əmin olun ki, sizin kimi müharibə istəməzdi...

60+ yaşı olan, arzusu doğulduğu torpaqda, valideynlərinin yanında dəfn edilmək olan biri(lər)nə “100 il gözləyin” deyə bilməzsən. Ədalət də öz-özünə bərqərar olan məhfum deyil, buna can, qan bahasına nail olurlar. Danışıqlar yolu ilə torpağın işğaldan azad olunması faktı da indiyədək müşahidə olunmayıb.

Heç vaxt Azərbaycanda yaşamasa da, azərbaycanlılar kimi emosional olduğunu bildirən Kərimovun humanizmi pasifist olduğunu deməklə kifayətlənməməli idi. Gələcəkdə mümkün müharibədən əziyyət çəkəcəkləri düşünən, keçmişdə bu fəlakətləri yaşayanlar barədə də bir kəlmə deyə bilərdi...

Elvin Kərimov yerli mətbuata verdiyi müsahibələrin birində Azərbaycan klublarının iştirakı ilə keçirilən oyunlar barədə danışarkən bu fikirləri işlətmişdi: “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsində görmək əlavə motivasiyadır, başqa hisslərdir. Amma “Qarabağ”ın oyunlarından sonra məni çox qıcıqlandırırlar, ünvanıma söyüşlər söyürlər. Bir dəfə hardasa yazı oxudum ki, guya mən Azərbaycana, “Qarabağ”a qarşıyam. Bilmirəm niyə, amma bəzi insanlarda belə fikir formalaşıb. Halbuki “Kopenhagen”lə oyunu şərh edəndə, matçın sonlarında göz yaşlarımı saxlaya bilmədim, rəsmən ağlayırdım. “İnter”lə Bakıdakı oyunda hakim qolu qeydə almayanda xeyli müddət özümə gələ bilmədim. Onda da Riçardın qolunun qeydə alındığını zənn edib, sevincdən ağlamışdım. Bizimkilərin oyununu şərh etmək, əlbəttə, xüsusi hisslərdir”.

“Qarabağ”a görə ağlayan Elvin Kərimov Qarabağa görə Tovuz hadisələri barədə danışarkən müharibədən əziyyət çəkənlər və çəkdirənlər barədə, heç olmasa, 1-2 cümlə yaza bilərdi.

2

110837280 313459483124095 7214404704002569536 n