"Şəkidə elə bir ab-hava yaratmışıq ki, bu gün futbol var deyəndə hamı soruşur, qızlar yoxsa oğlanlar?"
Bu sözləri Şəkinin qadınlardan ibarət "Marxal" klubunun təsisçisi Elgün Hüseynov Offsideplus.az-a müsahibəsində deyib.
- Nə zaman klubu yaratmaq qərarına gəldiniz?
- Futbola uşaqlıqdan həvəsim olub. Bir neçə il stadiona ayaq döysəm də, nəticəsi olmadı. O zamanlar rayonumuzun heç Həvəskar Liqada belə komandası yox idi. Ancaq uşaq və yeniyetmələr arasında ildə bir-iki dəfə keçirilən yarışlar olurdu. Sonra da hərbi xidmət. Böyüdükcə problemlərin də çoxalması mənim kimi yüzlərlə uşağın futbolçu olmaq istəyini gözündə qoyurdu. Futbolçu ola bilməsəm də, bu istəyimdən vaz keçə bilmədim. Həmişə özümü qınayırdım niyə olmadı, niyə alınmadı? Bu dəfə qarşıma daha çətin məqsəd qoydum ki, mənim komandam olacaq və mənim kimi həvəslə məşqlərə gələn uşaqların oynamağa peşekar bir komandası olacaq. Tez tez stadiona gəlib məşqlərə baxırdım. Qızlar da məşqə gəlirdi. Bizim rayonda qızların məşqə gəlməsi, futbol oynaması möcüzə idi...
- Komandanı yaradarkən hansı çətinliklərlə üzləşdiniz?
- Ötən mövsüm qızlar aşağı yaş qruplarındakı yarışlarda çıxış edirdilər, ancaq 16 yaşı keçənlər kənarda qalırdı və daha oynaya bilməzdilər. Mütləq şəkildə Yüksək Liqada komanda olmalı idi. Məşqçiyə Yüksək Liqaya komanda çıxarmağımızı və bunu bacara biləcəyimi dedim. İnanırdım ki, bunun öhdəsindən gələcəm. Necə yəni, bu boyda rayonda bir komandanı saxlamaq üçün dəstək olmayacaq?! Düzü, AFFA səfər oyunlarının yol xərclərini qarşılayırdı, ancaq komandanı dahada gücləndirmək, yeni oyunçular gətirmək üçün mütləq sponsor lazım idi. Rayonda nə qədər idarə, təşkilat, zavod, iş adamı kim varsa hamısına müraciət etdim. Bəli, 180 minlik rayonda bizə sponsorluq edəcək, dəstək olacaq adam yox idi. Diqqət cəlb edən nəsə etməli idim. Şəkidə fəaliyyət göstərən "Marxal Resort" otelin inzibatçısına zəng edərək, "bizim qızlardan ibarət komandamız var adı Marxaldır, bizə dəstək olarsınız?" dedim. Maraqlı gəldi və görüşdük. Komandamızın heyətində internat evinin uşaqları olduğunu da bildikdən sonra dəstək olacaqlarına söz verdilər. Gözləntimiz böyük olsa da, yenə də sağ olsunlar idman geyimləri almağa maddi dəstək oldular, həm də səfər oyunlarına getməyə avtobus verdilər. Çətin idi, amma bacardım. Təkbaşına komandanın bütün xərclərini qarşılayırdım. Daha peşekar bir komanda olması üçün əlimdən gələnin artığını edirdim. Artıq Şəkidə iki qız komandası fəaliyyət göstərəcək. Biri biz, digəri əvvəllər stadionda məşq edən komanda. İdmanda rəqabət gözəl bir şeydir, hər iki tərəf güclənir. İdman rəqabətdir düşmənçilik yox!
- Hazırda klubunuza sponsor olmaq istəyən hansısa şirkət varmı?
- Düzdür, qadın futboluna maraq az olduğundan sponsor cəlb etmək çətin olur. Onların marağına səbəb olacaq və qane edəcək bir şeylər təqdim etməlisən. Hazırda bir neçə şirkətlə danışıqlar aparırıq. Adlarını açıqlaya bilməsəm də, bir bankın və enerji içkiləri şirkətinin diqqətini cəlb edə bilmişik. Həmçinin, sponsorluqla bağlı danışıq apardığımız şirkətlərdən biri türk şirkətidir.
- Gələcək məqsədləriniz nədən ibarətdir?
- Klub olaraq gələcək üçün əsas məqsədimiz uşaq futbolundan başlayaraq inkişaf etmək, əsas komandanı daha da peşekarlaşdırmaq, yetirmələrimizi milli komandada oynayacaq səviyyəyə çatdırmaqdır. Kəndlərdə yaşayan qızlarda futbola marağın artırılması, onların futbola cəlb olunması üçün bir neçə layihə hazırlayıb şirkətlərə təqdim etmişəm. Sözügedən layihələr onların da marağına səbəb olub və müsbət cavablar almışam. Pandemiyadan sağ-salamat çıxsaq, həyata keçirəcəyik. Ən ali məqsədimiz qadın komandaları arasında Çempionlar Liqasında ölkəmizi təmsil etməkdir.
- Qadın futbolçularla işləməyin çətin və asan tərəfləri nələrdir?
- Qadınlar idmanda da həyatdakı kimidirlər, hətta, deyərdim ki, bəzən kişilərdən daha prinsipial yanaşırlar. Kişi futbolunda öz qapısına qol vurub ağlayan futbolçuya çox az rast gəlirsən, amma qadın futbolunda əksinədir. Oyunun gedişində gərək onu motivasiya edəsən. Məğlubiyyəti də çətin həzm edirlər, zərifləri güclü görmək zövq verir adama. Möhtəşəm bir şeydir.
- Oyunlarınızı hansı stadionda keçirirsiniz?
- Oyunularımızı Şəki şəhərindəki stadionda. Yaxından baxanda, Paris dakar rallisindəki təpəciklərə oxşayır. Orada biz "Barselona"ya da qalib gələ bilərik (gülür).
- Komandaya neçə yaş üzərində futbolçular qəbul olunur və hazırda karantin rejimi ilə əlaqədar olaraq məşqləri necə keçirirsiniz?
- Hazırda məşq keçmirik. Pandemiya ilə əlaqədar olaraq insanlar narahatdır həmdə məsuliyyətdir. Komandaya yeni qadın baş məşqçi gətirmişik və məşq keçdiyimiz vaxtlarda belə bacardığımız qədər təbliğat aparmışıq. Özünün 6.7 yaşlı qızını futbola yazdırmaq istəyən cəsarətli valideynlərin sayı artıb.
- Şəki rayon İcra Hakimiyyəti və ya digər qurumlardan hər hansı dəstək almısınızmı?
- Xeyr, Şəkidən "Marxal Resort" otelinin bizə idman geyimləri alması və nəqliyyatla təmin etməsindən başqa heç bir qrum dəstək olmayıb.
- Klubun yeni loqosu diqqətimizi çəkdi. Şəkidə baş verən məlum olaydan sonra (Ayının şəhərə enməsi) bu qərara gəldiniz?
- Bəli, yeni loqomuzda ayının əks olunmasına Şəkidəki ayı olayının az təsiri olmadı və öyrənmiş olduq ki, qonur ayılar nəsli kəsilməkdə olan heyvanlardandır və sayı sürətlə azalmaqdadır. Bəlkə bizi sevən insanlardan hansısa ayı ovlamaqdan vaz keçər. Dünən "instagram" səhifəmizdə loqonu paylaşarkən, "ayı vəhşi heyvandır"- deyə irad tutanlar oldu, amma statistikaya nəzər salsaq, insan insanı daha çox öldürüb, nəinki ayılar...
"Marxal"ın vurduğu gözəl qol: