Alf-İnq Holand bu günlərdə oyunundan zövq aldığımız Erlinq Braut kimi bir oyunçu deyildi.
Qremi Sounessin qısa müddət əvvəl yazdığı kimi "Erlinqin anası futbolçu olmalıdır, çünki atası yararsızın biri idi"...
Yenə də Holand karyerasının çox hissəsini "Nottingem Forest", "Lidz Yunayted" və "Mançester Siti"də keçirəcək qədər yaxşı futbolçu idi.
Bundan əlavə, Holand Premyer Liqa azarkeşlərinin hafizəsində futbol tarixinin ən məşhur qayda pozuntusuna məruz qalan oyunçu kimi yer alır.
Bir çox insan Roy Kinin Holandın karyerasını bitirdiyinə inanır.
Sözügedən hadisə 2001-ci ilin 21 aprelində "Mançester Yunayted"in "Old Trafford"da "Siti"ni qəbul etdiyi oyunda yaşanmışdı.
Hadisənin kökü isə Kinin dörd il əvvəl zədələndiyi epizoda gedib çıxırdı.
1997-ci ilin 27 sentyabrında Kinin formasını geyindiyi "MY" rəqibləri "Lidz Yunayted"lə qarşılaşmaq üçün "Elland Roud"a getmişdi.
İrlandiyalı futbolçu sonradan etiraf etdiyi kimi, iki gün əvvəl oteldə içib sərxoş olmuşdu və meydana çıxmaq üçün hazır vəziyyətdə deyildi.
Yenə də axşamdan qalma sərxoş kimi meydana çıxmış və Holand ilə təəccüblü formada mübarizə aparmışdı.
Kin 2002-ci ildə yazdığı bioqrafiyasında "Məni oyun başlayandan davamlı olaraq özümdən çıxarırdı. Beş dəqiqə sonra Holanda doğru irəlilədim. Ona təpik atmaq istəmirdim, sadəcə yıxmaq istəyirdim. Buna görə vərəqə alacağımı bilirdim, ancaq vecimə deyildi".
Buna baxmayaraq, Kin özünü zədələyir və sol ayağındakı çarpaz bağlar qopur.
Oyunçuların heç biri o vaxt bunu bilmirdi, amma Holand - komanda yoldaşı Devid Veteralla birgə - Kinin yanına gedib onu zədələnmiş kimi davranmaqda ittiham etdi.
Və sonra məsələ bağlandı. Ya da belə görünürdü. Holand və Kin sonrakı dörd il boyunca bir neçə dəfə qarşı-qarşıya gəlirlər. Holandın "Siti"yə gəlişindən sonrakı matçlar da ikili arasında mübahisə olmadan keçir.
Ancaq 2000-2001 mövsümünün son oyunlarında Kin anidən intiqam almağa qərar verir.
"Yetərincə gözlədim" deyə yazmışdı sonradan...
Derbinin bitməsinə dörd dəqiqə qalmış "Qırmızı şeytanlar"ın kapitanı Holandın dizinə qorxunc zərbə vurdu.
"Onun dizinə çox sərt vurdum. Top ordaydı (məncə). Ürəyimdə "al o zaman axmaq" deyə düşündüm.
Matçın hakimi Devid Elleray, meydanı vecsiz şəkildə tərk edən Kinə qırmızı vərəqə göstərdi. Ancaq Kinin meydanı tərk etməzdən əvvəl Holanda söyləyəcəyi sözlər var idi: "Bir daha heç vaxt zədələrlə bağlı zarafat etmə. Və dostun Vetreala onun üçün də bir sürprizim olduğunu söylə"...
Dediklərini sonradan açıqlayan Kin idi. Holand bu barədə susmağı seçmişdi.
"Gülməlidir, 1997-ci ildən bəri heç gözlərimə baxmamışdı" Holand oyundan sonra jurnalistlərə bunu demişdi. "Belə oyunlarda hər zaman sərt qayda pozuntuları olur. Ancaq bu həddindən artıq sərt idi. Mənə nə dediyini sizə deməyəcəyəm. Çox da xoş sözlər söyləmədi. Ayağımın yerdən qalxdığına sevindim, əks təqdirdə, mənə daha çox zərər verərdi. Növbəti derbiyə qədər sağalmalıyam".
Roy Kin etdiyi hərəkətə görə 5 min funt sterlinq cərimələnir, 3 oyunluq cəzalanır. Daha sonra, bioqrafiyasında bunu intiqam almaq məqsədilə etdiyini yazır və Futbol Federasiyası (FA) tərəfindən 150 min funt cərimə, beş oyun diskvalifikasiya cəzası alır.
Ancaq o zaman belə etdiyi hərəkət üçün peşmanlıq hissi keçirmədiyini bildirirdi.
2014-cü ildə çap etdirdiyi ikinci kitabı "Second Half"da (İkinci hissə) Halandı zədələmək istəmədiyini bildirir: "Haland dəyəri beş qəpik etməyən biri idi. Axmaq və hiyləgər. Onu cəzalandırmaq və bunu niyə etdiyimi söyləmək istədim. Sonra başının üstündə dikilib "al, bu da sənin payın" demək istəyirdim. Buna görə peşman deyiləm. Ancaq onu zədələmək istəməmişdim".
Hadisə ilə bağlı danışılanlar arasında Kinin Holandı sadəcə zədələmədiyi, eyni zamanda onun karyerasını bitirdiyi fikri geniş yayılıb.
Ancaq gerçək budur ki, Holand sözügedən oyunu tamamlamış və dörd gün sonra baş tutan oyunda 68 dəqiqə meydanda olmuşdu.
Ardınca əməliyyat olunmuşdu, ancaq Kinin zərbə vurduğu sağ deyil, sol dizindən.
Ardınca isə Holand 2003-cü ildə zədə probleminə görə karyerasını bitirmək məcburiyyətində qalmışdı. Ona Kinin qayda pozuntusunun buna təsiri barədə soruşulduqda "Daily Mail"ə "Dizim hələ də ağrıyır və heç vaxt getməyəcək. Bunu qəbul etməkdən başqa çarəm yoxdur".
"Bu müdaxiləsi karyeramı sonlandırdımı? Bir daha heç vaxt 90 dəqiqə oynaya bilmədim, düzdür? Möhtəşəm bir təsadüf kimi görünür, nə deyirsiniz?".
Məhkəməyə vermək məsələsindən bəhs olunmasına rəğmən, Holand heç vaxt qanuni yollara baş vurmadı. 2014-cü ildə "BBC Radio 5 Live"ə bunları söyləmişdi: "Məni təpiklədiyi üçün onu günahlandırmıram. Narahat olduğum şey, ilk kitabında bunu intiqam aımaq üçün etdiyini söyləməsi idi. Bunun bir oyun epizodu olduğunu düşünmürəm".
Və əlavə etmişdi: "Onu heç vaxt karyeramı bitirməkdə günahlandırmamışam. Ancaq bu mənim İngiltərədəki son 90 dəqiqəm idi, bəlkə də, o qayda pozuntusunun da təsiri vardı".
Hər nə olursa olsun, Kin bir çox hərəkətinə görə günahkar olsa da, Holandın karyerasına son qoymaq onlardan biri deyil.