Kriştiano Ronaldo futbol tarixinin ən məhsuldar oyunçularından biri olmasına baxmayaraq, uzun müddətdir bunu penalti zərbələrinə borclu olmaqda ittiham olunur.
Portuqaliyalı ulduz, 2015-ci ilin 9 dekabrında "Malmö"yə qarşı oyunda vurduğu dörd qolun ardından Çempionlar Liqasında iki rəqəmli qol sayına çatan ilk futbolçu olmaqdan məmnun idi.
"Santyaqo Bernabeu"dakı oyundan sonra mediaya danışarkən də xoşbəxt görünürdü.
Ancaq qollarının çoxunun penaltidən olması barədə nə düşündüyü sualı soruşulanda əhvalı anidən və anlaşılan tərzdə dəyişmişdi.
O axşam vurduğu qolların heç birinin penalti zərbəsi olmadığını nəzərə alsaq, belə bir sualın verilməsi, həqiqətən də, yersiz idi.
Üstəlik, qrup mərhələsində vurduğu 11 qolun da sadəcə ikisi 11 metrlik cərimə zərbəsindən vurulmuşdu.
Ronaldo isə sərt şəkildə "Statistikalara baxmalısınız", "Real Madrid" üçün neçə qol vurmuşam? Və onların hamısı penaltidən vurulmayıb" dedi.
Əleyhinə danışanlar tərəfindən "Penaldo" ləqəbini isə çoxdan almışdı.
Ronaldonun da səhvləri ola bilər. Ancaq futbolun indiyə qədər gördüyü ən böyük hücumçularından biri olmadığını düşünmək çox insafsızca davranışdır...
Portuqal futbolçu 2009-cu ilin yayında "Mançester Yunayted"dən "Real Madrid"ə keçdikdən qısa müddət sonra "kral klubu"nun hücumunun mərkəzi nöqtəsinə çevrilmişdi.
Qonsalo İquain, onunla birlikdə yaxşı mövsüm keçirmiş və iştirak etdiyi bütün turnirlərdə meydana çıxdığı 40 oyunda 29 qol vurmuşdu
Ronaldo, "Real"ın həm penalti vuruşlarını, həm də məsafədən asılı olmayaraq cərimə zərbələrini yerinə yetirən oyunçusu idi. Cənubi Afrikada keçirilən Dünya kubokundan sonra komandaya daxil edilən Məsut Özil və Anxel Di Mariya isə daha çox aralıq və orta ötürmələrlə Ronaldonu bəsləyirdilər.
Bu səbəblə Ronaldonun göstəriciləri İspaniyadakı ikinci ilində partlayış təsiri yaratmış və komandanın oyunu onun güclü tərəflərinə görə qurulmuşdu.
2010-2015-ci illər arasında 50-dən az qol vurduğu mövsüm olmamışdı.
Yenə də, penalti vuruşlarına həddən artıq bağlı olduğu iddiaları ortaya atılmağa davam edirdi, bəlkə də "Real Madrid"in 2014-cü ildəki Çempionlar Liqası finalında "Atletiko Madrid"ə qarşı 4-1 hesablı qələbənin son saniyələrində penaltini yerinə yetirmək məsələsində olduqca həvəsli olması da buna öz təsirini göstərmişdi.
Ronaldonun son on ildəki göz oxşayan statistikasının penalti qolları ilə dəstəkləndiyi inkar edilə bilməz.
2009-10 mövsümünün əvvəlindən indiyə qədər bütün klub turnirlərində ən çox penalti zərbəsini vuran futbolçu odur: 107 zərbə, 93 qol.
"Barselona"nın argentinalı ulduzu Lionel Messinin hər 2 göstəricidə (penalti zərbəsi və qolu) ikinci olsa da, heç vaxt buna görə "tək biri işi bacarmaq"da günahlandırılmadığını da unutmayaq.
Keçdiyimiz 11 ildə 503 qol vuran Ronaldo bu qolların cəmi 18%-ini penalti zərbəsindən vurub.
Şübhəsiz, bu əzəli rəqibi Messininkindən çox yüksək faizdir - argentinalı forvardın eyni dövrdə "Barselona"da vurduğu 545 qolun sadəcə 12%-i penalti vuruşlarından idi.
Yenə də Ronaldo ikili standartlara məruz qaldığını düşünməkdə haqsız deyil. Xüsusilə də, Zlatan İbrahimoviçin 2008-09-dan bəri vurduğu 267 qolun beşdə birini penaltidən vurduğu düşünüldüyündə. Buna baxmayaraq, isveçli ulduz penaltilər olmadan məhsuldar olmadığı ittihamlarına cavab vermək məcburiyyətində deyil. İbrahimoviç həm yaxşı hücumçu, həm də möhtəşəm qolların müəllifi kimi tanınmağa davam edir.
Ronaldo da elə olmalıdır. "Real Madrid" tarixinin ən çox qol vuran oyunçusundan və "Yuventus"da ardıcıl 11 oyunda fərqlənərək Seriya A rekorduna şərik olan adamdan bəhs edirik.
Əlbəttə, oyunu bu illər içində dəyişmiş ola bilər - 35 yaşında diqqətini qol vurmağa yönəltmək yerinə, sürətli cinah oyunçusu olaraq davam etməsi imkansız olardı.
Ronaldonun eyni zamanda özündənrazı forvard olduğu düşünülür. Ancaq 2009-2010 mövsümündən bəri Sesk Fabreqasla birlikdə bütün turnirlərdə ən çox assist edən altıncı oyunçu olduğu da unudulmamalıdır. David Silva, Kevin De Bruyne və Eden Hazard kimi futbolçuları qabaqlayır.
Təbii ki, futbolsevərlər istədikləri futbolçunu sevməməkdə sərbəstdirlər. Ancaq "Penaldo" ləqəbi doğru olmamaqla yanaşı, həm də təhqir edicidir.
Fərqli düşünən hərkəsin isə sadəcə "statistikalara baxması" lazımdır...
Mənbə: Goal.com