OFFSİDE millimizin baş məşqçiləri haqqında silsilə yazılarını davam etdirir. Bu dəfə milli komandamızın Qurban Qurbanovla Millətlər Liqasında favoritdən, Nikola Yurçeviçlə AÇ seçmə mərhələsində autsayderə çevrilməsindən bəhs ediləcək.

Azərbaycan millisi 2018-19-cu illərdə yeni təşkil olunan UEFA Millətlər Liqasında D divizionunun 3-cü qrupunda mübarizə aparıb. Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında yekun turnir cədvəlində 2-ci olan komanda 2020-ci ildə təşkil olunacaq Avropa Çempionatına qatılmaq şansını qaçırıb.

Q.Qurbanov millinin heyətinə, ümumilikdə, 31 futbolçu  daxil edib ki, onların da 21-i müxtəlif vaxtlarda meydana çıxıb. Maksim Medvedyev, Bədavi Hüseynov və Qara Qarayev bütün oyunlarda 90 dəqiqə mübarizə aparıb. Anton Krivostyuk, Rəşad Əzizli, Bəhlul Mustafazadə, Şahruddin Məhəmmədəliyev, Şəhriyar Əliyev, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Mirabdulla Abbasov ilk dəfə milliyə onun dövründə dəvət alıblar. Q.Qurbanov 4 milliləşdirilmiş oyunçu - Riçard Almeyda, Ramil Şeydayev, Anton Krivostyuk və Şahruddin  Məhəmmədəliyevi yığmanın iştirak ərizəsinə daxil edib. R.Almeyda və R.Şeydayev müntəzəm meydana çıxsa da, sonuncular Millətlər Liqasında debüt edə bilməyib.

16

Azərbaycan yığması Millətlər Liqasında 9 xal toplayıb və çıxışını +1 top fərqi ilə yekunlaşdırıb. Bu, millinin müsbət top balansı ilə başa vurduğu, hələlik yeganə qrup təsnifat turniridir.

Rəsmi oyunlarda ən böyükhesablı səfər qələbəmiz də Millətlər Liqasına təsadüf edir:

1

Azərbaycan millisi qrup raundunun ən intizamlı komandaları sırasında da yer alıb. 6 oyunda cəmi 8 sarı vərəqə alan komanda, 2 oyunda ümumiyyətlə referi tərəfindən cəzalandırılmayıb. Bunlar Azərbaycan - Kosovo (0:0) və Azərbaycan - Malta (1:1) qarşılaşmalarıdır. Q.Qurbanovun komandası keçirdiyi 5 oyunda (Kosovo - Azərbaycan oyunu istisna) topla oynama faizinə görə rəqiblərindən üstün olub. Malta - Azərbaycan (1:1) qarşılaşmasında millimiz 67% topa sahib olmaqla bu göstəricidə turnirdəki ən yaxşı nəticəsinə imza atıb.

UEFA Millətlər Liqasında milli komandanın statistikası

Komandamız qrupun 3 oyununda qapısını toxunulmaz saxlamağa nail olub: Azərbaycan 0-0 Kosovo, Farer Adaları 0-3 Azərbaycan, Azərbaycan 2-0 Farer Adaları. Son oyunda Avropanın ən gənc yığması Kosovodan buraxılan 4 cavabsız qol rəqibin qrupu lider kimi başa vurması ilə nəticələnmişdi.

UEFA Mİllətlər Lİqasında mİllİnİn qol statİstİkası

Millimizin müsbət top fərqinə malik yeganə baş məşqçisi Qurban Qurbanov açıqlama verməkdən imtina etdiyinə görə, onun hazırki fikirlərindən xəbərdar deyilik. Bununla belə, 47 yaşlı mütəxəsisin UEFA Millətlər Liqasında Kosovoya məğlubiyyətdən (0-4) sonra mətbuat konfransında bir ifadəsinə diqqət yetirmək məqsədəuyğun olardı. Q.Qurbanov "çempionatımızın səviyyəsi və oyunçu potensialını yaxşılaşdırmalıyıq" deməklə, bir növ, Nikola Yurçeviçin sözlərini təsdiqləmişdi. O, milli komandanın baş məşqçisi postundan göndərildikdən sonra "Qarabağ" və yığmada paralel iş apamağın çətinliyini vurğulamışdı.

2

"Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət çoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. İnkişaf istəyiriksə, mütləq dəyişikliklər və daha yaxşı təkliflər olmalıdır... AFFA İcraiyyə Komitəsinin iclasına gələndə, bilirdim ki, milli ilə vidalaşacağam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olundu. Gördülər ki, iki yerdə çalışmaq çətindir".

Millinin sabiq çalışdırıcısı Şahin Diniyev UEFA Millətlər Liqasında göstərdiyi nəticəni uğursuzluq kimi qiymətləndirir:

3

“UEFA Millətlər Liqasındakı nəticəni ciddi uğur kimi qiymətləndirmək olmaz. R.Prosineçki DÇ-2018-in təsnifat mərhələsində 10 xal toplamışdı. Bunun 6-sı San Marino ilə oyunlara aiddir. Qalan oyunlardan 4 xal yaxşı nəticədirmi? UEFA Millətlər Liqasındakı rəqiblərimiz - Kosovo, Malta, Farer Adaları millinin "dişinə uyğun" komandalar idi. Bu turnirlə Avropa və dünya çempionatı təsnifat mərhələsini qarşı-qarşıya qoymaq düzgün deyil”.

4

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov da eyni cür düşünür: “UEFA Millətlər Liqasında hamı millinin ilk pilləni tutacağına ümidli idi. Şans vardı, ondan istifadə olunmadı. AFFA tərəfindən məşqçilər heyəti və komandaya məqsədə çatmaq üçün lazımi şərait yaradılmışdı. Onlar da uğurlu çıxış üçün əllərindən gələni etməyə çalışdılar".

Antirekordun əcnəbi versiyası

AVRO-2020 seçmə mərhələ oyunlarına milli komandanı Nikola Yurçeviç çıxarıb. Xorvatiyalı baş məşqçi qrup oyunlarında ümumilikdə 32 oyunçunun adını iştirak ərizəsinə daxil edib. Meydanda isə 26 futbolçunun xidmətindən istifadə edilib. Mərhələnin bütün oyunlarında 90 dəqiqə mübarizə aparan yeganə futbolçu Ramil Şeydayev olub. Ömər Buludov, Əli Babayev, Aleksey İsayev, Mehdi Cənnətov, Vüsal İsgəndərli, Elvin Camalov ilk dəfə N.Yurçeviç tərəfindən milliyə dəvət alıb. Eddi İsrafilov uzun fasilədən sonra yenə yığmanın düşərgəsində görünüb. Xorvatiyalı mütəxəsis UEFA Millətlər Liqasının oyunlarına çağrılan Rahid Əmirquliyev, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov və Kamran Ağayev və Rəhman Hacıyevi isə diqqətdən kənar qoyub.

12

 

Yurçeviç təsnifat mərhələsində ümumilikdə 11 milliləşdirilmiş futbolçuya dəvət göndərib:

Bədavi Hüseynov (Rusiya), Mehdi Cənnətov (Rusiya), Aleksey İsayev (Rusia), Rüfət Dadaşov (Almaniya), Ramil Şeydayev (Rusiya), Anton Krivotsyuk (Ukrayna), Dmitri Nazarov (Almaniya), Əli Babayev (İsrail), Eddi İsrafilov (İspaniya), Riçard Almeyda (Braziliya), Emin Mahmudov (Rusiya)

AVRO-2020 seçmə qrup mərhələsində 8 oyun keçirən millimiz 1 xal qazanıb. Azərbaycan - Xorvatiya (1:1, 09.09.2019) qarşılaşmasında heç-heçə tsikldə məğlubiyyət almadığımız yeganə oyundur. Bununla da, yığma AVRO-1996 təsnifat mərhələsindən sonra ən pis nəticəsini təkrarlayıb.

AVRO 2020 təsnİfat mərhələsİ E qrupu

Milli komanda mərhələnin son 3 oyununda fərqlənə bilməyib. 8 matçda 23 sarı vərəqə alan komandada ən çox cəzalananlar Dmitri Nazarov (4), Anton Krivostyuk (3) və Cavid Hüseynovdur (3). N.Yurçeviçin rəhbərliyi altında millinin topla oynama faizləri də aşağıdır. Yalnız Azərbaycan - Macarıstan (1:3, 06.08.2019) qarşılaşmasında bu statistikaya görə rəqibdən üstün olmuşuq - 55 - 45%. Ən aşağı topa sahibolma Xorvatiya ilə səfər oyununda (03.21.2019) qeydə alınıb - 26 - 76%.

AVRO 2020 təsnİfat mərhələsİ mİllİnİn qol statİstİkası

Təsnifat mərhələsini 1 xalla başa vuran millimiz AVRO-1996 seçmə tsiklində müəyyənləşdirdiyi antirekordu bu dəfə əcnəbi məşqçi ilə təkrarlayıb.

Azərbaycan millisinin sabiq hücumçusu və məşqçisi Nazim Süleymanov komandamızın AVRO-2020 seçmə mərhələsindəki zəif çıxışını birbaşa yerli çempionatdakı rəqabətsizliklə əlaqələndirir:

5 1

“2020-ci il Avropa Çempionatına vəsiqəyə ümid etmək, onsuz da sadəlövhlük idi. Əsas məqsəd mümkün qədər çox xal toplamaq və güclü rəqiblərə layiqli müqavimət göstərmək olmalıydı. Amma slovaklar və macarlar Bakıda rahat qələbə qazandılar. Zəif çıxışın bir səbəbi baş məşqçidirsə, digər səbəbi yerli çempionatdır. Azərbaycan Premyer Liqasının səviyyəsi yüksəlməlidir ki, millinin də nəticələri yaxşılaşsın. N.Yurçeviçin yerinə başqası da olsaydı, turnir cədvəlindəki yerimiz dəyişməyəcəkdi. Xorvatiyadan xal aldıq, onlar qrupu lider kimi başa vurdular. Avropa Çempionatına vəsiqə qazanan Uelslə həm evdə, həm səfərdə pis oynamadıq. Elə problemlər var ki, onları daxildə axtarmaq lazımdır”.

6

AFFA rəsmisi Vaqif Sadıqov son seçmə mərhələdə qeyri-qənaətbəxş nəticəni N.Yurçeviçin işinə bağlayır:

“AVRO-2020-nin seçmə mərhələsində millinin zəif çıxışında hansısa amili xüsusi qabartmaq istəmirəm. Güclü qrupa düşdüyümüzü öncədən dərk edirdik. Heyətə yeni futbolçuların cəlb edilməsi də oyunumuzda müəyyən rol oynadı. Baş məşqçinin bu vəzifə üçün tam hazır olmadığı da ortaya çıxdı. O, Avropa səviyyəli, mübariz bir kollektiv formalaşdıra bilmədi”.  

Nikola Yurçeviç isə milli komandanın qrup sonuncusu olmasını qanunauyğunluq kimi qiymətləndirir. 

7

"İnsanlar realist olmalı və Azərbaycan millisinin dünya futbolundakı mövqeyini anlamalıdır. Məndən öncə Azərbaycan FİFA reytinqində 105-ci pillədə qərarlaşmışdı. Qrupdakı rəqiblərimizin hər birinin heyətində elə oyunçular vardı ki, bizim bütün heyətin toplam qiymətindən baha idi. Fakt və reallığı nəzərə aldıqdan sonra nəticələri və çıxışımızı daha düzgün təhlil edə bilərsiniz. Fikrimcə, baş məşqçi olduğum müddətdə komandanın oyununda irəliləyiş oldu. Əksər oyunlarda kompakt idik. Bizi məğlub etmək rəqiblərə asan deyildi. Dünya ikincisi Xorvatiyaya qarşı hər iki oyunda ciddi müqavimət göstərdik. Zaqrebdəki matçın sonlarında top buraxıb məğlub olduq. Bakıda onarla bərabərə qalmaqla turun ən böyük sensasiyasına imza atdıq”.

13

Xorvatiyalı mütəxəsis komandasının müəyyən oyunlarda layiqli mübarizə apardığını düşünür. 

“Beyl, Daniel Ceyms, Remsi kimi top futbolçulara malik Uels millisinə qarşı səfərdə yaxşı mübarizə apardıq. Rəqib yalnız 86-cı dəqiqədə qələbə qolunu vurdu. Budapeştdə Macarıstanın qapısına vurduğumuz təmiz qol sayılmadı və 1 xaldan olduq. Slovakiya ilə səfərdəki matçda Renat Dadaşovla 82-ci dəqiqədə yüzfaizli qol epizodunu qaçırdıq. Bəzi oyunlarda hakimlərin bizim əleyhimizə qərar verdyini deməliyəm. Slovakiya və Macarıstanla ev oyunlarında isə komanda obyektiv səbəblərə görə tam hazır deyildi. Bilirəm ki, 1 xal yaxşı nəticə deyil. Lakin oyun baxımından daha çox xala layiq idik. Azərbaycan liqasında cəmi 8 komanda var. Hər turda meydana 40 azərbaycanlı oyunçu çıxır ki, milli komanda üçün bunlardan 20-25-ni seçmək lazımdır. Ölkədən kənarda çıxış edən az yerli futbolçu var. Millinin ən yaxşılarından olan Ramil Şeydayevə Moskva "Dinamo"sunda az şans verildiyini də unutmayın. Yerli çempionat və futbolçularla bağlı parametrləri  qrup mərhələsindəki rəqiblərimizlə müqayisə etməyə çalışın. Üstəlik bir sıra görüşlərdə heyətin 3-5 üzvü zədəli və ya cəzalı olurdu”.