İnsan hayatında olduğu kimi futbolda da məyusluğun ən böyüyü gözləntilərin yüksək olduğu zamanlarda ortaya çıxır. Andrey Şevçenkonun "Ada futbolu"ndakı hekayəsi də belə başlayır.

Ukraynanın qızıl oğlanı Kiyev "Dinamo"sunda başlayan yüksəlişini "Milan"la zirvəyə çatdırmışdı. 2012-ci ildə karyerasını bitirdikdən sonra "əfsanə" kimi xatırlanmasında "Milan"da keçirdiyi günlərin rolu böyükdür.

İlk mövsümdə - 1999-cu ildə 32 oyuna 24 qol vuraraq bombardir olmağı bacarır. Həmin dövrdə A Seriyasında "qol kralı" olmağın, bəlkə də, ən çətin olduğu vaxtlar idi. Düşünün, rəqibləriniz arasında Del Piero, İnzagi, Bagio, Ronaldo, Salas var... Qarşılıqlı mübarizə apardığınız müdafiəçilər Maldini, Blanç, Kouto, Nesta, Stam kimi ulduzlardır.
Bütün bunların fonunda, Şevçenko elə ilk mövsümündəcə fırtına kimi əsdi. "Milan" karyerası boyunca da bu tempi saxladı. FİFA-nın müəyyənləşdirdiyi "Ən yaxşı 100 oyunçu" siyahısında yerini aldı.


Qazana bildiyi hər kuboka adını yazdıran Şevçenko, ayrılma vaxtının gəldiyini düşünərək, bəlkə də, həyatının ən çətin və şanssız qərarını verir. Şevçenkonun Londonun "mavi" tərəfinə gedişi İtaliya futbolunda enişin, İngiltərə futbolunda yüksəlişin başladığı dövrə təsadüf edirdi...

Milyarderlərin klubları alaraq pula boğmaq dəbini, Roman Abramoviç "Çelsi"ni satın almaqla başlatmışdı. Menecerlik oyununu gerçək həyatda oynayan rusiyalı biznesmen 2005-2006-cı illərdə qazanılan çempionluqların ardınca gözünü Çempionlar Liqasına dikmişdi.
Bu kubok üçün yüksək məbləğ ödəməkdən çəkinməyən Abramoviçin hədəfində "Milan"ın ulduzu Andrey Şevçenko var idi. Əslində, "Çelsi"nin Şevçenko istəyi transferinin reallaşdığı 2006-cı ildən 1 il əvvəl gerçəkləşmişdi. 2005-ci ilin yazında "Çelsi"nin "Milan"a Şevçenko üçün Ernan Krespo ilə yanaşı kifayət qədər yüksək məbləğ təklif etdiyi barədə çox mətbuatda çox yazılmışdı.

Klubun CEO-su Peter Kenyon "inkişaf etmək üçün böyük oyunçulara ehtiyacımız var. Şevçenko da bizim istədiyimiz kimi oyunçudur" açıqlaması ilə transfer dedi-qodularını gücləndirir.

Futbol hər zaman zəfərlərin, uğurların və kubokların oyunu olmur. Bu oyunun ən böyük hissələrindən biri də xəyal qırıqlığıdır. Bəzən azarkeşlər, bəzən oyunçular, bəzən  rəhbərlik məyusluq yaşayır. Bəzən isə hər kəs...

Image result for shevchenko chelsea transfer

Ən vacib oyunçusunu itirmək istəməyən "Milan" 2005-ci ilin yazında dirənməyi bacarır. Bu dirəniş cəmi 1 il çəkir. 2006-cı ilin yazında "Çelsi" Şevçenkonu 30 milyon funt-sterlinq qarşılığında transfer edir. Yazının girişində bəhs etdiyimiz kimi, gözlənti böyük olunca, xəyal qırıqlığı da böyük olur.
Şevçenko üçün "Çelsi"nin xərclədiyi məbləğ klub üçün rekord idi. Ukraynalı imza mərasimində 7 nömrəli formanı geyinərək, ən bahalı transfer kimi jurnalistlərə poz verirdi.

Gözləntilər yüksək idi. Şevçenko "Milan"da qazana biləcəyi hər şeyi qazanmışdı və yeni bir macəraya atılmalı idi. Liqa çempionluğu hədəfinə yüksələn "Çelsi" böyük gedişlər etməli idi və Şevçenko bu yolda görülən işlərdən idi. Bir çox mətbuat konfranslarında ulduz futbolçuya verilən sualların mərkəzində Çempionlar Liqası yer alırdı. Şevçenko daha əvvəl bu kuboku qazanan oyunçu idi və o mövsüm kubok qazanmağın gerçək hədəf olduğunu söyləməsi, azarkeşləri həyəcanlandırırdı.

Image result for shevchenko mourinho

Transferin digər tərəfində dayanan Joze Mourinyo isə olduqca xoşbəxt idi. Xəyallarının gerçək olduğunu deyən portuqaliyalı mütəxəssis yeni ulduzuna təriflər yağdırırdı. DÇ-2006-da Ukrayna ilə 1/4 final oynayan Şevçenko yeni komandası ilə girəcəyi sezonu gözləyirdi.
Ancaq işlər gözlənildiyi kimi getmədi. Mövsüm başladı, ancaq ulduz oyunçu istənilən performansı göstərə bilmədi ki, bilmədi. Gözlənən qol vurulmadıqca, üzərindəki təzyiq də artırdı. 10-cu Liqa matçında ilk qolunu vuran oyunçu, yaşadığı psixoloji sarsıntını qol sevincindən sonra aldığı sarı vərəqə ilə göz önünə sərdi.


Həmin gündən sonra ukraynalı oyunçunun davamlı qollar atacağına dair gözləntilər heç bir zaman gerçəkləşmədi. "Çelsi" forması ilə çıxdığı 48 oyunda sadəcə 9 qol vura bilən Şevçenko, meydandakı oyunu və hərəkətləri ilə "Çelsi"yə getdiyinə peşman olduğunu açıqca bəlli edirdi. 2008-ci ildə gözlənən baş verdi. Ukraynalı hücumçu icarə ilə, onu dünyanın ən yaxşı futbolçularından birinə çevirən "Milan"a qayıtdı.
Bəlkə "San Siro"ya bu dəfə addım atdıqda Avropanın ən yaxşı formada olan hücumçusu deyildi, ancaq gözlərindəki işıltı, qəlbindəki "Milan" sevgisini aşkar formada göstərirdi. O gündən sonra bir daha super ulduz səviyyəsinə yüksəlməyən Şevçenko, indi də yaddaşımızda "Milanlı Şevçenko" kimi yer alır.

 

Zeynəb Əliyeva