Rəşad Sadıqovun ona “karyeranı bitir, ailənə vaxt ayır” mesajına verdiyi cavab birmənalı qarşılanmadı. Əksəriyyət Rəşadın cavabına haqq qazandırdısa, bəziləri azarkeşə cavab yazdığına, bəziləri isə karyerasını bitirməsinin vaxtı olduğuna diqqət çəkdi.
Dünya futbolunda azarkeşlərin futbolçular, məşqçilərə bu kimi, hətta daha sərt mesajlarına, pankartlarına vaxtaşırı rast gəlirik. Əksər vaxtlarda tənqid olunan tərəf sussa da, bəzən əsəblərini cilovlaya bilməyənlər də olur. Azərbaycan futbolunda da belə hallar az olmur. Azarkeşlər futbolçunu zəif çıxışına görə tənqid edə bilərlər. Ancaq istər bizdə, istərsə də dünyada futbolçular onların ailəsinə qarşı olan tənqidlərə haqlı dözümsüzlük göstərirlər. Son günlərdə bizdə bu məsələdə səssiz qalmayan Rəşad Sadıqov idisə, qısa müddət əvvəl “Arsenal”ın kapitanı Qranit Caka da eyni, hətta daha sərt reaksiya göstərmişdi, nəticədə isə kapitanlıq sarğısı əlindən alındı.
Offsideplus.az bir neçə oxşar hadisəni və nəticələrini təqdim edir:
Mahir Emreli
Yazıya yerli futbolçularımızdan Mahir Emreli ilə başlayırıq. Komanda necə çıxış etməsindən asılı olmayaraq, qolla nəticələnməyən hər hücumuna görə, azarkeşlər tərəfindən tənqid olunur. Son günlərdə bu hallar azalsa da, “Qarabağ” ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının qrup mərhələsində futbolçunun topa hər toxunuşu azarkeşlərin fit səsi ilə müşahidə olunurdu. Oyunların keçirildiyi Bakı Olimpiya Stadionunun azarkeş tutumunu (rəqiblər məşhur klublar olduğundan stadion da tam dolurdu) nəzərə alanda futbolçu üçün bunun nə qədər çətin olduğunu təsəvvür etmək çətin olmaz. Millətlər Liqasında da ən çox tənqid olunan futbolçu yenə də Mahir idi.
Avroliqa qrupunda "Qarabağ" - "Arsenal" oyunundan sonra Mahirin paylaşdığı fotoya yazılan rəylərdən bir neçəsini nəzərinizə çatdırırıq:
"Göstərdiyin oyun “Arsenal”a bir ömür boyu bəsdir"
"VALLAH Sənin oyununa baxanda Əfranın ölənlərinə rəhmət oxuyuram"
"Mahir, Özil oyuna girəndə hər kəs onu alqışladı, ancaq sən oynayanda bütün azarkeşlər səni fitə basdı".
"65 min insanın hisləri ilə oynamağa haqqın yoxdur, xalqı belə aşağılama".
"Hardasan, ay Əfran".
"Fantastik oynadın, qaqaş"
"Brat, "ştrafnoy"a qədər Messi kimi oynayırsan, ora girəndə isə içinə Əfran girir".
"0-3 uduzmusan, şəkil niyə paylaşıb, camaatla məzələnirsən?"
"Nə qədər ki, futbolumuzda tapşırıq var, elə ən böyük uğurumuz xarici oyunçularla əllə görüşmək olacaq"…
Hücumçu millinin Maltaya qarşı Millətlər Liqası oyunundakı (1:1) çıxışına görə tənqid hədəfinə çevrilmişdi. O, əvəzlənərkən azarkeşlər tərəfindən fitə basılmışdı. Matçdan sonra həm də "Qarabağ"ı çalışdıran yığmanın baş məşqçisi Qurban Qurbanov təzyiqlərə görə gənc oyunçunun paltardəyişmə otağında ağladığını bildirmişdi. Həmin vaxt futbolçular ona dəstək olmuşdu. Futbolçu özü isə məyusluğunu gizlətməmişdi:
"Bir az məyus olmuşam. "Arsenal”la oyundan öncə Qurban müəllimlə söhbətimiz oldu. Ondan sonra sosial şəbəkəyə girişimə qadağa qoyuldu. Heç bir azarkeşlə problemim olmayıb. "Arsenal”la oyunda nəyə görə fitə basıldığımı anlamadım. Həmin oyunda epizodları qaçıran tək mən deyildim. Malta ilə oyunda isə fitə basılmağımı haradasa başa düşürəm. Çünki Kosovo ilə oyundan sonra azarkeşlərə demişdim ki, stadiona gəlib dəstək olmalıdırlar. Bəlkə də, ona görə əsəbləşiblər. Yəqin ki, məndən nəsə gözləyirlər ki, fitə basırlar”.
Qeyd edək ki, Mahirin açıqlaması işə yaramışdı. Futbolçu növbəti oyunda meydana çıxarkən azarkeşlər ona alqışlayaraq dəstək olmuşdu.
Futbolçu ailəsində yaşananlardan sonra atasının adından və soyadından imtina etdikdə də, bu birmənalı qarşılanmamışdı. Sosial şəbəkələrdə buna görə futbolçunu dəstəkləyənlərlə yanaşı, qınayanların da sayı az deyildi.
Əfran İsmayılov
Daim tənqid olunan yerli futbolçular arasında ilk adı çəkiləsi futbolçulardan biri də Əfrandır. Ölkəyə gələn bütün xarici baş məşqçilərin heyətdə yer verdiyi, “Qarabağ”dakı çıxışı ilə xüsusi xatırlanan Əfranın tənqid olunmadığı oyun tapmaq çətin olar.
“Qarabağ”-“Kopenhagen” oyunundan sonra sosial şəbəkələrdə tənqid atəşinə tutulan Əfran tənqidləri belə cavablandırmışdı: “Hər oyuna çıxanda çalışıram ki, əlimdən gələni edim. Çalışıram ki, komandama xeyrim dəysin. Futbolçu hər zaman yaxşı oynaya bilməz. Bəzən oyunumuz alınmaya da bilər, zəif də təsir bağışlaya bilərik. Buna görə insanların məni təhqir etməsi və şər atması doğru deyil. Mən sosial şəbəkələrdə yazılanlardan xəbərdaram, məni söyənlərə demək istəyirəm ki, hər kəs öz tərbiyəsini göstərir. Mən tənqidi normal qarşılayan insanam, ancaq təhqirlər o adamların tərbiyəsini göstərir”.
Qranit Caka
İngiltərə Premyer Liqasının 10-cu turunun “Kristal Pelas”la oyununda (2:2) yerli azarkeşlər “Arsenal”ın yarımmüdafiəçisi və kapitanı Qranit Cakanın əvəzlənməsini sevinclə qarşılayıb. Oyunun 61-ci dəqiqəsində əvəzlənən London təmsilçisinin kapitanı azarkeşlərə cavab olaraq, “sizi eşitmirəm” işarəsi edib. Caka bundan sonra birbaşa paltardəyişmə otağına yollanıb. Futbolçu daha sonra açıqlama verərək azarkeşlərdən üzr istəmişdi: “Azarkeşlər tərəfindən düzgün başa düşülməmək, son vaxtlar sosial şəbəkə hesablarında və oyunlarda tez-tez təkrar olunan hərəkətlər məni təəssüfləndirdi. İnsanlar mənə “ayaqlarını qıracağıq”, “həyat yoldaşını öldürəcəyik”, “ümid edirik, qızın xərçəng olar” və buna bənzər ifadələr deyirdilər. Bunlar mənə çox təsir etdi. “Kristal Pelas”la oyunda özümü tək hiss etdiyim an bu hissi daha da gücləndirdi. O vəziyyətdə hisslərimə məğlub oldum və komandamızı dəstəkləyən insanlara, mənə yaxşı davrananlara qarşı hörmətsizlik etdim. Niyyətim bu deyildi və insanlar bunu belə başa düşüblərsə, üzr istəyirəm. Ümid edirəm ki, bu oyunu niyə sevdiyimizi xatırlayaraq, bir-birimizə qarşılıqlı hörmət göstərdiyimiz nöqtəyə geri qayıdarıq”.
Futbolçu üzr istəsə də, kapitanlıq sarğısı ondan alındı. Futbolçunun qış fasiləsində “Arsenal”ı tərk edəcəyi gözlənilir.
Antuan Qrizmann
Dekabrın 2-sində İspaniya La Liqasının XV turunda "Barselona" səfərdə "Atletiko"nun qonağı olub. Oyunu 1:0 hesablı qələbə ilə tamamlayan "Barselona"nın hücumçusu Antuan Qrizmann Madriddə keçirilən görüşdə sabiq klubunun azarkeşləri tərəfindən təhqir olunub. Yerli fanatlar "Qrizmann, öl!" şüarı səsləndirməklə yanaşı, "Hər zaman bir adın olmasını istədin, adı qazandın, amma insan olmağı unutdun!" yazılan pankart açıblar.
2014-2019-cu illərdə “Atletiko”da çıxış edən Qrizmann bu ilin yayında “Barselona”ya transfer olunub. “Atletiko” fanatları onu bur hərəkətinə görə bağışlaya bilmirlər.
Kalidu Kulibali
Ötən mövsüm A seriyasının 18-ci turunda “Napoli”nin “İnter”ə (0-1) məğlub olduğu oyunda Neapolluların müdafiəçisi Kalidu Kulibali hakimi istehza ilə alqışladığına görə ikinci sarı vərəqəni alaraq meydandan qovulmuşdu.
Oyundan sonra baş məşqçi Karlo Ançelottinin açıqlaması ilə məsələyə aydınlıq gəlmişdi: “Kulibali bütün oyun ərzində azarkeşlərin təhqirinə məruz qaldı. Fanatların meymun səsindən qulaq tutulurdu. Kulibali hirsindən nə edəcəyini bilmirdi. Onu heç vaxt bu halda görməmişdim. Əslində çox sakit insandır. Həm təhqir olundu, həm də meydandan qovuldu. Çox pis vəziyyət yaranmışdı. Hakimdən 3 dəfə xahiş etdim ki, oyunu saxlasın. Diktor dəfələrlə azarkeşlərə müraciət etdi ki, təhqirə son qoyulsun. Hakim tədbir görə bilərdi. Amma etmədi. Növbəti dəfə belə bir şey baş versə meydanı tərk edəcəyik. Buna görə bizə texniki məğlubiyyət veriləcək. Olsun. Təki futbolçumuz dərisinin rənginə görə təhqir edilməsin. İtaliya futbolunu alçaldan hadisə təkrarlanmasın”.
Eşli Yanq
2017-ci ilin 17 aprelində "Mançester Yunayted" Çempionlar Liqasının 1/4 final mərhələsində "Barselona" ilə cavab oyununda 0:3 uduzaraq mübarizəni dayandırmışdı. Oyundan sonra “MY”nin kapitanı Eşli Yanq ingilis azarkeşlər tərəfindən "Tvitter"də irqçi təhqirlərə məruz qalmışdı. "Qırmızı şeytanlar"ın fanatları qaradərili futbolçunu "meymun" adlandırmış, onun haqqında "lənətə gəlmiş zənci" ifadələrini işlətmişdilər.
Bu hadisədən sonra müvafiq qurumlar qaradərili oyunçulara qarşı ayrı-seçkiliyin dayandırılması üçün "Tvitter" rəhbərliyini ciddi tədbirlər görməyə çağırmışdı.
Volkan Dəmirəl
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Xorvatiya (0:3) "play-off" matçı xoşagəlməz hadisə ilə bu gün də xatırlanır.
Yağışlı havada milli komandanı dəstəkləmək üçün stadiona gələn türk azarkeşlər, xorvatların 3-cü qolundan sonra baş məşqçi Quus Hiddink və köməkçisi Oğuz Çətini istefaya səsləməklə kifayətlənməmiş, qapıçı Volkan Dəmirələ “ilişmişdilər”.
Rəqibin qapıya doğru vurduğu rahat topu tutan Volkanın, xüsusən, "Qalatasaray"lı azarkeşlər tərəfindən kinayəli şəkildə alqışlanması qolkiperi özündən çıxarmışdı. Volkan da özünü və azarkeşləri alqışlamaqla buna qarşılıq vermişdi. Bundan hiddətlənən azarkeşlər qapıçının ünvanına təhqiredici ifadələr işlətmişdilər. Qapıçını sakitləşdirməyə çalışan Əmrə Bəlözoğlu da onları təhqir edən azarkeşlərə söyüşlə cavab vermişdi.
Volkan AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Türkiyə - Almaniya matçında da "Qalatasaray"lı azarkeşlər tərəfindən təhqir olunmuşdu.
İvan Bebek (hakim)
Futbol azarkeşləri tərəfindən təhqirlərə məruz qalanlar arasında hakimlər də yer alır. Bəzən oyun zamanı təhqir olunurlar, bəzən sosial şəbəkələrdə etdikləri yanlış idarəçiliyə görə haqqında mənfi fikirlər, söyüşlər yazılır. Məşhur xorvatiyalı hakim İvan Bebek isə azarkeşlərin qəzəbinə düçar olub. 2019-cu ilin avqustunda Xorvatiya Liqasında "Hayduk" - "Lokomotiv" matçındakı səhv qərarlarına görə tənqid olunan FİFA referisi gecə klubunun qarşısında hücuma məruz qalıb. 42 yaşlı hakim bir qrup azarkeş tərəfindən əvvəl təhqir olunub, sonra da döyülüb.
Fatih Terim
Hazırda “Galatasaray”ı çalışdıran Fatih Terim millini çalışdırdığı vaxt davamlı tənqid olunurdu. Fatih Terim AÇ-2016-da İspaniyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra sosial şəbəkələrdə ailəsini təhqir edən 21 nəfəri məhkəməyə verməsi ilə yadda qalmışdı. Oyundan sonra Fatih Terimin həmin vaxt hamilə olan qızı - Buse Terimi bəzi azarkeşlər "instagram" və "twitter" sosial şəbəklərində ağır şəkildə söymüşdülər. Bu səbəbdən Fatih Terim və ailəsi İstanbul məhkəməsinə şikayət ərizəsi yazaraq, onları təhqir edən şəxslərin cəzalandırılmasını tələb etmişdi.
Arda Turan
İspaniya – Türkiyə oyununda azarkeşlərin hədəfinə çevrilənlərdən biri də Arda Turan olmuşdu.
Türklərin məğlubiyyətinə tab gətirməyən azarkeşlərlərdən biri meydana çıxaraq baş məşqçi Fatih Terimlə ehtiyat oyunçular skamyasındakı futbolçuları təhqir edib. Tribunadakı azarkeşlər kapitan Arda Turana etiraz edərək, “Arda Turan kənara” şüarını səsləndirmişdilər. Oyunun 65-ci dəqiqəsindən etibarən top ayağına toxunan zaman Arda fitə basılmışdı. Təcrübəli futbolçu bu addıma alqışlarla cavab vermişdi. İspan azarkeşlər isə həmin oyunda “Barselona”lı Arda Turanın lehinə şüarlar səsləndirirdilər. Ardanın Barselona klubundakı komanda yoldaşı Alba türklərin kapitanına təsəlli verməsi ilə diqqət çəkmişdi.
Arda Turan “Başakşehir” tərəfindən icarəyə götürülərkən də “Qalatasaray” azarkeşləri onu təhqir etməkdən çəkinməmişdi”.
Məhəmməd Salah
İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salah ötən mövsüm İngiltərə Premyer Liqasının XXV turunda "Vest Hem"lə səfər oyununda təhqir olunmuşdu. Sosial şəbəkələrdə misirli oyunçunun dini mənsubiyyətinə görə təhqir olunduğu video da yayılmışdı.
"Vest Hem" rəsmiləri həmin şəxslərin ömürlük stadiona girişini qadağan etmişdi. “Liverpul” klubu isə futbolçuya dəstək nümayiş etdirmişdi.
Qonzalo Hiquain
Azarkeşlər tərəfindən davamlı tənqidlərə məruz qalan futbolçular arasında ilk sıralarda argentinalının aqı çəkilə bilər. 2016-cı ilin yayında Hiquainin 90 milyon avro qarşılığında "Napoli"dən "Juventus"a keçidi yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmamışdı. Futbolçu stadionda, sosial şəbəkələrdə təhqir olunur, keçmiş klubunun azarkeşləri tərəfindən fotosu tualet kağızına belə vurulmuşdu.
Qonzalo Hiqainin agenti və qardaşı Nikolas onun "Juventus"a pula görə gəlmədiyini deyir. "Napoli" tərəfi argentinalı hücumçunun gözlənilməz qərarını məhz iqtisadi səbəblərlə əlaqələndirir. Eyni zamanda Neapol klubu Hiquainə "Juventus"da alacağı qədər məvacib təklif etdiklərini də bildirirdi: "Söz-söhbət var ki, "Napoli" ilə yeni müqavilə barədə razılığa gələ bilməmişik. Bu razılıq heç vaxt olmamışdı. Məsələ pulda deyil, klubun özündədir. De Laurentis Qonzaloya "Juventus"dan daha çox məvacib təklif edirdi. "Juventus" 90 milyon buraxılış qiymətini ödəməyə razılaşan yeganə klub idi”.
Bir çoxları isə klubda keçirdiyi son mövsümdə fantastik çıxış üçün klubun rəhbərliyini onu yüksək məbləğə satmaqda günahlandırırdı. Argentinalı futbol əfsanəsi Dieqo Maradona da belə düşününənlər arasında idi: “Ötən mövsüm Hiquainin vurduğu 36 qol möcüzə idi. De Laurentis bu pula həyat yoldaşını belə satar. O görürdü ki, "Juventus"a hücumçu lazımdır. Buna görə Qonzalonu satdı”.
Qonzalo Hiquain argentinalı azarkeşlər tərəfindən millinin oyunlarında tam gücünü ortaya qoymamaqda ittiham olunarkən iradlara belə münasibət bildirmişdi:
"İnsanlar azaddır.Tənqid və təhqir etməkdən xoşbəxtdirlərsə, etsinlər. Bəzilərinə görə qol vuranda sən dahisən, pis oynayanda heç nə. Özüməinamı itirmədən yoluma davam edəcəyəm”.
Müəllif: Zeynəb ƏLİZADƏ