"Zirə" komandasının kapitanı Cavid Hüseynovun "Report"a müsahibə verib.
Offsideplus.az həmin müsahibəni təqdim edir:
- Birinci dövrədə 7 oyuna 8 xal toplaya bildiniz. Komandanın çıxışını necə dəyərləndirirsiniz?
- İlk dövrə barədə fikirlərim müsbət deyil. 8 xal toplaya bildik. Bu, çox da ola bilərdi. Özümüzü iddialı komandalar sırasında görürüksə, çox xal toplamalı idik. Təəssüf ki, nəticəmiz elə də yaxşı olmadı, fikirləşdiyimiz kimi alınmadı. Çalışacağıq ki, ikinci dövrədə yaxşı çıxış edək və maksimum nəticə qazanaq.
- Birinci dövrədəki uğursuz çıxışın səbəbini nədə görürsünüz?
- Düzü, bu nəticələrin səbəbkarı biz futbolçularıq. Amma turnir cədvəlinə baxanda ilk dövrədəki çıxışımızı tam uğursuz adlandırmaq da olmaz. Sadəcə, istədiyimiz xalları toplaya bilmədik. Turnir cədvəlində isə ikinci və üçüncü yerlə aramızda 3 xallıq fərq var. Bu isə bir oyunluq nəticə deməkdir.
- "Zirə" dövrənin sonunda baş məşqçi Samir Abasovla yollarını ayırdı...
- Samir müəllimin getməsi ilə bağlı heç nə deyə bilmərəm. O, özü də bilir ki, biz qərara çox pis olduq. Bu barədə geniş müsahibələr verib, hər şeyi danışıb. Mənim fikir bildirməyim isə düzgün deyil.
- Komanda sizə "Qəbələ"dən tanış olan mütəxəssisə həvalə olunub. Zaur Həşimovun təyinatı barədə nə deyə bilərsiniz?
- Həşimovu əvvəldən tanıyıram. Meşqçi kimi münasibətimiz "Qəbələ" klubunda başlayıb. Gənc mütəxəssisdir. Bu təyinatın həm onun özü, həm də "Zirə" üçün uğurlu olacağına inanıram.
- "Zirə" Avropa Liqasında çıxış etməyi qarşıya məqsəd qoyub. Sizcə, bu heyətlə və yeni baş məşqçi ilə bunu bacarmaq mümkün olacaq?
- Komandanın yeganə məqsədi Avropa Liqasına vəsiqə qazanmaqdır. Amma bu, asan deyil. Belə bir ifadə dildə yüngül səslənə bilər. İndidən nəsə demək çox çətindir. İstəyimizə nail olacağımıza ümid edirik. Düşünürəm ki, komandaya əlavə 1-2 futbolçu lazımdır.
- Hansı mövqeləri yetərli hesab etmirsiniz?
- Bütün mövqeləri (gülür - T.Q.).
- Qarşıda "Neftçi" ilə görüşünüz var. Rəqib çempionata yaxşı start verməsə də, ardıcıl iki qələbə qazanıb...
- Çox çətin oyun olacaq. Düşünürəm ki, bizi maraqlı qarşılaşma gözləyir. "Neftçi"ni ilk dövrədə məğlub etmişik. Onlar da bunun əvəzini çıxmaq istəyəcəklər.
- Çoxları düşünür ki, Premyer Liqada artıq çempionluq yarışı başa çatıb. Bəs özünüz necə düşünürsünüz: "Qarabağ"ı hansısa komandanın büdrətməsi mümkündür?
- İlk dövrədəki bütün oyunlarda qələbə qazanan "Qarabağ", ola bilər ki, 2 dəfə büdrəsin. Amma bu, o demək deyil ki, çempion olmayacaqlar. Fikrimcə, Premyer Liqanın qalibi "Qarabağ" olacaq.