Misli Premyer Liqasında 6-cı tur geridə qaldı.

"Neftçi" yubileyində 3 xal qazandı

Turun ilk oyununda "Qəbələ" Premyer Liqada 1000-ci oyununu keçirən "Neftçi"ni qəbul etdi. Görüş qonaqların böyük üstünlüyü ilə keçdi. Hesab 0:1 olarkən mümkün qırmızı vərəqə epizodu mübahisəyə açıq olsa da, flaqman layiqli qələbə qazanaraq qış fasiləsinə liderlərdən biri kimi yollandı.

"Qarabağ"dan vacib 3 xal

"Kəhər atlar" bu turda "Şəfa"nı sınağa çəkirdi. Qarşılaşmada Qurban Qurbanovun kollektivinin qol imkanlarının sayı az olsa da, vacib olan 3 xalı aktivinə yazdıraraq xalını 13-ə çatdırdı. Paytaxt təmsilçisi isə autsayderlər arasında qalmaqda davam edir.

Tovuzda derbi ab-havası

4000 tamaşaçının izlədiyi oyunda "Turan Tovuz" "Zirə"ni qəbul etdi. Oyunun taleyi son saniyələrdə həll olundu. Tovuz təmsilçisinə qələbə gətirən qola Filip Damyanoviç imza atıb. Lakin matçdan sonra baş verənlər — Rəşad Sadıqovla Kurban Berdıyev arasında mətbuat konfransındakı "atışma" oyundan daha çox müzakirə edildi.

"Sabah" 3 xalı 3 qolla qazandı

Son çempion "İmişli"ni qəbul etdi. İlk hissədə vurulan 2 baxımlı qol artıq hər şeyi həll etdi. İkinci yarıda "pələnglər" müqavimət göstərməyə çalışsa da, bu, yetərsiz oldu. Beləliklə, paytaxt təmsilçisi "Neftçi" ilə birgə liderliyi bölüşür. Fərid Namazov isə sisteminin işə düşməsi üçün milli fasilənin vacib olduğunu bildirib.

Şamaxıdan növbəti qələbə, "Araz-Naxçıvan" dibə doğru

Turun son oyun günündə "Şamaxı" "Araz-Naxçıvan"la qarşılaşdı. Açığı, gözləniləndən daha maraqlı oyun alındı — xüsusilə də ikinci hissədə. "Şamaxı" mövsümdə 2-ci qələbəsini qazanaraq 6-cı pilləyə yüksəldi. "Araz-Naxçıvan" isə 2 xalla 12-ci sıradadır.

Gəncədə növbəti bayram

Yenə "Kəpəz", yenə Gəncə, yenə anşlaq. Peşəkar Futbol Liqasının protokolunda 14 500 nəfərin göstərildiyi matçda qalib müəyyənləşmədi. Hər iki tərəf qələbəyə yaxın olsa da, komandalar meydandan sülhlə ayrıldı. "Kəpəz" mövsümdə 7-ci xalını qazandı. Azarkeşlərin yaratdığı bayram əhval-ruhiyyəsi bu turun da ən yaddaqalan görüşünün Gəncədə olmasına gətirib çıxardı.