Bu gün Region Liqasında mübarizə aparan “Lənkəran” FK-nın prezidenti Rəhman Abasov media nümayəndələri ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, funksioner sponsor yoxluğundan şikayət edib:
“İş adamlarına müraciət edirik ki, kluba dəstək olsunlar. Fəaliyyətimiz dayana bilər. Komanda hazırdır, yeni mövsümdə oynamaq istəyirik. Futbolçular maaşsız oynayır, istirahət günlərini kluba həsr edirlər. Bütün dəstək məndən və Elnur Əliyevdən olub. Sağ olsun, o da çox dəstək olub”.
O, AFFA-nın kluba münasibətdən də söz açıb:
“Federasiyadan heç vaxt mənfi cavab eşitməmişik. Mənə deyirdilər ki, hakimliklə bağlı problem olanda AFFA-ya demə, reaksiya olmayacaq. Amma qətiyyən belə olmadı. Necə lazımdırsa, reaksiya verildi. Kim cəzalanmalıdırsa, cəzalanıb. Futbolun inkişafı üçün maksimumu edirlər. Nümunə kimi onu deyə bilərəm ki, 1/4-ə yüksələn 8 komandaya da 2-ci liqa üçün lisenziya verildi”.


