Misli Premyer Liqası avqustun 14-də start götürsə də, turnirin həqiqi futbol ab-havasını, o coşqu və həyəcanı yalnız ayın 30-da tam mənası ilə hiss edə bildik. Bunun əsas səbəbi isə hər kəsə bəllidir: "Kəpəz" nəhayət ki, öz doğma evinə — Gəncə şəhər stadionuna qayıtdı.
Həqiqətən də bir daha sübut olundu ki, futbolun yarısı, bəlkə də ən böyük hərəkətverici qüvvəsi məhz azarkeşlərdir. Tribunalardakı mühit və azarkeş dəstəyi sanki sıradan bir ölkə çempionatı matçını yox, mötəbər bir avrokubok qarşılaşmasını xatırladırdı. Gəncəli futbolsevərlərin tribunadan verdiyi möhtəşəm dəstək meydandakı mübarizənin tempini və oyunun ümumi keyfiyyətini birə-beş qaldırmışdı. Qarşılaşmanın ilk 15 dəqiqəsində "Turan Tovuz"un meydanda ciddi üstünlüyü hiss olunsa da, ev sahibləri tədricən toparlanaraq oyunda balansı bərpa etməyi bacardılar. Hətta birinci hissənin sonlarına doğru "Kəpəz"in rəqib qapısı önündə təhlükəli və ardıcıl həmlələri də xeyli çoxaldı.
Ev sahiblərinin heyətində Namiq Ələskərov və Kennet Kalunqa gözlənilməz anlarda etdikləri aktiv hərəkətlərlə və hücum variantları ilə xüsusilə yadda qaldılar. Ümumiyyətlə, komandanın heyətindəki digər futbolçuların da zəif çıxış etdiyini demək ədalətsizlik olardı. Qonaq "Turan Tovuz" cəbhəsindəki əsas problem isə bilavasitə hücum xətti ilə bağlıdır. Burada məsələ təkcə şansları dəyərləndirə bilməməkdə və qol vurmamaqda deyil, rəqib müdafiəsinə hücumda lazımi təzyiqi göstərə, yəni "diş göstərə" bilməməkdir. Nə Jo Batista, nə də İbrahima Vaci, təəssüf ki, meydanda təkrar-təkrar şans alsalar da, komandanın gözlədiyi o effekti verə bilmirlər.
Növbəti turlarda "Kəpəz"i çox əlverişli bir qrafik gözləyir. Gəncə təmsilçisinin bundan sonrakı 3 matçı da məhz doğma meydanda, Gəncədə keçiriləcək. Bu qarşılaşmalarda rəqiblər sırası ilə "Şamaxı", "Qəbələ" və "Sumqayıt" klubları olacaq. Öz meydanında komandaya inanılmaz dəstək verən coşqulu azarkeşlər isə keçiriləcək bu 3 vacib qarşılaşmadan "Kəpəz"dən ən azı 7 xal toplamağı tələb edir və gözləyirlər.


