“Komandada çox dəyişikliklər baş verdi”. 

Bu sözləri Offsideplus.az saytına açıqlamasında “Sabah” basketbol klubunun oyunçusu Endər Poladxanlı deyib. O, yeni mövsümə hazırlıqlardan danışıb:

“Baş məşqçi, həmçinin oyunçular dəyişildi. Hazırda Litvada təlim-məşq toplanışındayıq. Hər şey əla gedir. Bu gün ilk yoxlama görüşünə çıxacağıq. Fikrimcə, ötən ildən daha iddialı bir kollektiv formalaşdırmışıq.

Çempionlar Liqasında məqsədimiz bacardığımız qədər irəli getməkdir. Ən azından qrup mərhələsindən pley-offa və ya pley-inə vəsiqə qazanmaq istəyirik. Rəqiblər çox güclüdür. Biz də onlardan geri qalmırıq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Poladxanlı gələcək hədəflərindən də söz açıb:

“Son iki il çətin keçdi. Bu il mənim üçün çox vacibdir. Öz oyunumu qaytarmaq, formaya düşmək və komandaya fayda vermək istəyirəm. Düşünürəm ki, bu il əvvəlki formama qayıda biləcəyəm.

Bu arada, futbol klubumuzu da təbrik edirəm. İnanıram ki, həm futbolda, həm də basketbolda “Sabah” klubu ölkəmizi ən yüksək səviyyədə təmsil edəcək”.

Qeyd edək ki, “Sabah” yoxlama oyununda  Litvanın “Juventus Utena” komandası ilə qarşılaşacaq.