“Qarabağ” sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Tvente”ni qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, Niderland təmsilçisinin baş məşqçisi Con van den Brom oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bir gün öncədən gəlmək komandaya yaxşı təsir edir. Bu şəkildə oyuna daha rahat hazırlaşmışıq. Bu müddət ərzində əvvəlki oyunumuzu analiz etmişik. Daha çox hücum etməliyik. “Qarabağ”a qarşı oynamaq heç də asan deyil. Hazırda hesabda geridəyik. Bütün futbolçularımı hazır görürəm. Problem yaranmasa, iştirak edəcəklər. Çətinliyimiz olacaq. Biz də bu çətinliyə hazırlaşırıq”.

Çalışdırıcı ötən oyunla bağlı da danışıb:

“Ev sahibi olsaq da, qələbə qazana bilmədik. Oyunu analiz etmişik. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bu, Avropadakı son şansımızdır. Zədəli futbolçularımızın olmamasının oyuna təsir etməyəcəyinə ümid edirik”.

Van den Brom “Qarabağ”ın futbolçuları haqqında bunları deyib:

“Çəkindiyim konkret bir futbolçunun olduğunu deyə bilmərəm. Amma əvvəldən də onların yaxşı futbolçularının olduğunu bilirdim. Topla yaxşı oynayırlar. Konkret bir futbolçunun adını çəkə bilmərəm, amma ümumilikdə yaxşı komandadırlar”.

2014-cü ildəki qarşılaşmalarla bağlı sualı cavablandıran baş məşqçi bildirib:

“Həmin hadisədən xəbərim var. Lakin həmin matçı izləməmişəm. Qarşılaşmanı izləmədiyim üçün fərqlər barədə fikir bildirə bilmərəm. Amma “Qarabağ”ın kifayət qədər güclü komanda olduğunu deyə bilərəm”.

“Ötən mövsüm “Qarabağ”ın Çempionlar Liqasında “Benfika” və “Ayntraxt”ı məğlub etməsi, “Çelsi” ilə heç-heçə etməsi sizin futbolçularınıza əlavə motivasiya verirmi?” sualına van den Brom belə cavab verib:

“Bu, bizim üçün böyük motivasiyadır. “Qarabağ” daha yüksək liqalarda oynamağa layiqdir. Onlar təkcə ötən mövsüm deyil, digər illərdə də Çempionlar Liqasında uğurlu çıxış ediblər”.