Misli Premyer Liqasında 1-ci tura yekun vurulur. İki mövsümlük fasilədən sonra “Kəpəz”in ev oyunlarını nəhayət öz doğma meydanında — Gəncədə keçirəcəyini azarkeşlər böyük heyəcanla gözləyirdi. Lakin çempionatın startında bu arzunun reallaşması bir qədər təxirə düşdü. “Sabah”ın UEFA Çempionlar Liqasındakı sıx oyun qrafikini və beynəlxalq matçların əhəmiyyətini nəzərə alan Gəncə təmsilçisi rəqibin müraciətinə anlayışla yanaşdı. Qərb klubu ilk turun matçının Bakıda keçirilməsinə razılıq verərək böyük idman centlmenliyi nümayiş etdirdi. Həmin görüşdə “Kəpəz” 0:2 hesabı ilə yenilsə də, meydandan kənardakı duruşu ilə alqış qazandı.

Püşkün nəticəsinə əsasən, gəncəlilərin şansına ilk turlarda yalnız avrokuboklarda ölkəmizi təmsil edən klublarla qarşılaşmaq düşüb. “Kəpəz” rəhbərliyi II turda da eyni milli təəssübkeşliyi nümayış etdirərək növbəti nümunəvi addımını atdı. “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” ilə keçirəcəyi həyati vacib qarşılaşma öncəsi gücünü bərpa etməsi və oyuna daha yaxşı hazırlaşması üçün Gəncə klubu Ağdam təmsilçisinin təxirəsalma müraciətinə də müsbət cavab verdi. Tərəflərin qarşılıqlı razılığı və Peşəkar Futbol Liqasının (PFL) qərarı ilə II turun “Qarabağ” – “Kəpəz” matçı daha sonrakı tarixə keçirildi.

Beləliklə, “Kəpəz” çempionatın elə ilk həftələrində sərgilədiyi mövqe ilə bir daha sübut etdi ki, fərdi nəticələrdən və təqvim narahatlıqlarından asılı olmayaraq, Azərbaycan futbolunun beynəlxalq arenadakı uğuru və ölkənin idman nüfuzu hər şeydən üstündür.