“Sabah” tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının təsnifat mərhələsində liqa mərhələsinə adlaya bilər. “Bayquşlar” bunun üçün “Orhus” səddini aşmalıdır.
Təmsilçimizin oyunu haqda AFFA-nın Texniki Departamentin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev fikirlərini Offsideplus.az-la bölüşüb. Onun Dambrauskasın kollektivindən gözləntiləri nələrdir?
“İlk növbədə “Sabah”a uğurlar arzu edirəm. Ümid edirəm ki, gülən, sevinən tərəf təmsilçimiz olar. İlk oyun göstərdi ki, rəqib keçilməz deyil. İlk oyunda hesabda iki top geridə olsalar da, rəqibdən çəkinmədilər. Hətta iki qol vurdular, biri sayılmadı. Çox sevindirici haldır ki, sona qədər inamlı mübarizə apardılar. İkinci hissənin sonlarındakı oyunu Bakıda davam etdirəcəyimizə böyük ümidim var. “Sabah” çox inamlı təsir bağışlayır. Bu mərhələni adlamaq şansı olduqca yüksəkdir. İnşallah, bu baş verər və Azərbaycan futbolu tarixində yeni səhifə açılar”.


