Premyer Liqaya yüksələn bir klub var ki, vədləri ilə əməlləri üst-üstə düşmür. Söhbətin “Şəfa”dan getdiyi bəllidir. Məsələ bundadır ki, onlar ötən mövsüm elitaya çıxacaqları təqdirdə, ancaq yerli futbolçularla oynayacaqlarına söz vermişdilər...
İş burasındadır ki, bunu da etmədilər. Səhvmiz etdilər? Yox. İgidi öldür, haqqını yemə – doğru qərardır. Bu səviyyədə çempionatda ən yaxşı yerli futbolçularla belə baş çıxarmaq çətindirsə, ortabablarla nə etmək olar?
Ötən mövsümün əvvəlindən “Şəfa”nın 1-ci Liqada çempion olacağı görünürdü. Komandanın qeyri-rəsmi müşaviri həm də “Araz-Naxçıvan”ın əsas komandasında köməkçi məşqçi idi. Bəli, Əfran İsmayılov. Yadımdadır, dekabr-yanvar ayları idi. Açıqlama alarkən soruşmuşdum ki, “Şəfa” çempion olsa, hansı komandanı seçəcəksiniz? Əvvəlcə zarafata salıb “hələ görək o vaxta qədər yaşayırıq?” – dedi. Daha sonra penetrates edərək: “Mən özümü məşqçi kimi görürəm, klub idarəçisi olmaq fikrim yoxdur” – deyə bildirdi. Amma öz arzusuna vəfasız davrandı, bəlkə də pulu istəklərindən üstün tutdu...
Və “Şəfa” rəsmisindən növbəti addım: Klub Premyer Liqaya yüksəlir, Əfran İsmayılov “Araz-Naxçıvan”dan ayrılaraq “Şəfa”nın vitse-prezidenti təyin edilir...
Kiçik xatırlatma: 2017/18-ci illərdə "ilin en zəif çıxış edən futbolçusu"nu seçirdik. Adını da “Qızıl makasin” qoymuşduq. "Offside" izləyicilərinin səsverməsinə əsasən, bu mükafata hazırda “Şəfa”nın vitse-prezidenti vəzifəsində çalışan Əfran İsmayılov layiq görülmüşdü.
Bəs Elgiz Kərəmli? Ölkənin gənc və istedadlı məşqçilərindən olan Kərəmli “Şəfa”nı 2-ci Liqadan Premyer Liqaya qədər gətirdi. Amma elitaya yüksələn kimi onunla müqavilə uzadılmadı, yollar ayrıldı. Əvəzinə gətirilən mütəxəssis isə uzun müddətdir APL-də baş məşqçilikdən uzaq qalan Zaur Həşimov oldu.
Adlarını Bakını təmsil edən paytaxt klubu qoydular, amma nəyə görənsə ilk imkandanca “doğma” şəhərlərindən qaçdılar. Klub böyük ehtimalla oyunlarını Sumqayıtda keçirəcək. Bu gedişlə “Araz-Naxçıvan” və ya “İmişli”dən heç bir fərqi olmayan bu komanda paytaxtı necə təmsil edəcək?
Hələ ki bu klubla bağlı ilkin təəssürat heç də müsbət deyil. Amma hər şeyi zaman göstərəcək. Görünən odur ki, bu gedişlə “Şəfa”ya heç kəs şəfa verə bilməyəcək...


