Avrokuboklarda ölkəmizi təmsil edəcək növbəti komanda - “Qarabağ” bu gün ilk sınağına çıxır. 

Offsideplus.az bu mövsüm ənənəvi olaraq təmsilçilərimizin oyunundan əvvəl son illərdəki avrokubok çıxışı haqda məqalə hazırlayır. Əlbəttə ki, ən çətini “Qarabağ” haqdadır. Çünki “kəhər atlar”ın hər mövsümü digərindən daha məhsuldar, böyük uğurlarla yadda qalır.  

2020/21 mövsümündə çempionluğu “Neftçi”yə təhvil verəndən sonra komandadaxili yenilənmə oldu, çempionatda və avrokuboklarda heç vaxt görmədiyimiz səviyyədə “Qarabağ” görməyə başladıq.   

Həmin mövsüm yaradılan Konfrans Liqasında “Qarabağ” pley-offa adlayan ilk təmsilçimiz oldu. Pley-off mərhələsində “Marsel”lə hər iki görüşdə məğlub olaraq mübarizəni dayandırdı. 

Növbəti mövsüm də olduqca uğurlu alındı. “Nant”, “Olimpiyakos” kimi köklü klubları 3 cavabsız topla məğlub etməyi bacardılar. “Frayburq”un da olduğu qrupdan 3-cü kimi çıxan “Qarabağ” KL-nin 1/16 final mərhələsində “Gent”ə penaltilər seriyasında məğlub oldu.  

İldən-ilə böyüyən son 3 mövsümün ikisində Avropaya səs salıb. 2023/24 mövsümünün ən güclü komandalarından biri “Bayer”ə qarşı əzmkar oyunlar yaddaşlardan silinmir. Qrupda elə yanlız almanlardan geri qalan ağdamlılar Nəriman Axundzadənin yaddaşlara həkk olan qolu sayəsində 1/16 finalda “Braqa”nı keçdi, 1/8-də “Bayer”lə qarşılaşdı. Mövsüm ərzində heç bir alman komandası da Xabi Alonsonun kollektivi ilə 4 dəfə qarşılaşmamışdı. Bakıda 2:2 hesablı bərabərliyin ardından “Qarabağ” azlıqda ola-ola səfərdə 2 topluq üstünlük yaratsa da, say azlığı və klass sonda “Qarabağ”ın 1/4 finala yüksəlməsinə mane oldu. 

2024/25 mövsümü müəyyən qədər uğursuz alındı. Qrup mərhələsinin, liqa formatı ilə əvəzlənməsi, uyğunlaşma problemi “Qarabağ”a yaxşı təsir göstərmədi.  

Son mövsüm isə Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazıldı. Nəinki Çempionlar Liqasına yüksəldilər, ən yaxşı 24 komandadan biri kimi pley-offa da adladılar.  Ağdamlılar bu yolda liqa mərhələsində “Benfika” səfərində əzmkar geridönüş etdi, “Kopenhagen”, “Ayntraxt” kimi komandaları məğlubiyyətə uğratdı, “Çelsi”dən 1 xal aldı. 

İki futbolçumuz - Kamilo Duranla Elvin Cəfərquliyev “oyunun ən yaxşısı” seçildi və Bəhlul Mustafazadə və Elvin ÇL-də qol vuran azərbaycanlı kimi tarixə düşdülər.

Bu mövsüm daha böyük uğurlar gözləyirik. Bunun bünövrəsi isə bu gün qoyulacaq. Qurban Qurbanovun yenilənməkdə olan ordusu “Vestri”ni qəbul edəcək. Görüş 20:00-da start götürəcək.