İyulun 7-də "Sabah" klubu tarixində ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində debüt edəcək.
"Bayquşlar"ın ilk rəqibi Uels təmsilçisi TNS-dir. Britaniya təmsilçisi iki mövsüm əvvəl Konfrans Liqasının əsas mərhələsində oynamaq təcrübəsinə malikdir. Çempionlar Liqasına vəsiqə qazanmaqla növbəti uğura imza atan "Sabah"ın avrokubok keçmişi isə fərqli nəticələrlə yaddan qalıb.
Paytaxt klubunun beynəlxalq arenadakı debütü Murad Musayevin rəhbərliyi dövrünə təsadüf edir. 2022/23 mövsümündə daxili çempionatı 2-ci pillədə başa vuran komanda tarixində ilk dəfə Konfrans Liqasına vəsiqə qazanmışdı. Turnirdəki ilk sınağında Latviya RFS klubunu sıradan çıxaran Masazır təmsilçisi, növbəti mərhələdə Serbiyanın "Partizan" klubu ilə qarşılaşdı. Bakıdakı 2:0-lıq qələbəyə rəğmən, səfərdə eyni hesabla uduzan "Sabah" penaltilər seriyasında turnirlə vidalaşıb.
Klub növbəti - 2024/25 mövsümündə də Konfrans Liqasında mübarizə aparıb. İsrailin "Makkabi" (Hayfa) klubu ilə oyunlar qeyri-adi ssenari ilə yadda qalıb. Səfərdəki 3:0 hesablı qələbənin ardınca, doğma meydanda 3:6 hesablı məğlubiyyət qeydə alındı. Lakin penaltilər seriyasında daha dəqiq oynayan "Sabah", Azərbaycan futbolu tarixində avrokuboklarda penaltilər seriyası ilə mərhələ adlayan ilk komanda oldu. Növbəti mərhələdə isə təmsilçimiz İrlandiyanın "Sent Patriks" klubuna məğlub olaraq turnirdəki mübarizəsini dayandırmışdı.
“Sabah” ötən mövsüm də avrokuboklar səhnəsində idi. "Bayquşlar" bu dəfə mübarizəyə Avropa Liqasından başlayıb. Klub bu turnirdə “Selye” ilə qarşılaşıb. Təmsilçimiz iki oyunun nəticəsinə görə, 5:6 hesabı ilə uduzaraq mübarizəni Konfrans Liqasında davam etdirməli olmuşdu.Bu turnirdə isə əvvəlcə “Petrokub” səddi rahatlıqla aşıldı - 6:1 (ümumi hesab). Növbəti mərhələdə “Levski” səddi isə təmsilçimiz üçün keçilməz olub .
Ötən mövsüm əldə olunan təcrübədən sonra hazırda komandanın qarşısında tamamilə fərqli və daha çətin bir sınaq durur. "Sabah"ın əsas hədəfi TNS səddini keçərək turnirdə mümkün qədər irəliləmək və avrokuboklarda liqa mərhələsinə vəsiqə qazanmaqdır.


