“Qarabağ”ın Avropa Liqasındakı 1-ci təsnifat mərhələsindəki rəqibi bəlli oldu.
Offsideplus.az xəbər verir ki, “kəhər atlar” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq.
1986-cı ildə yaranmış klub İslandiyanın qərbini, ucqar ərazisini - İsafyordur şəhərini təmsil edir. Maraqlıdır ki, şəhərin cəmi 2700 nəfərlik əhalisi var. Ev stadionunun azarkeş tutumu isə 1600-dür.
“Vestri” ötən mövsümü 12 nəfərlik çempionatda 11-ci bitirib. Tarixində ilk böyük kuboku qazanaraq - ölkə kubokunun finalında “Valur”u məğlub edərək avrokuboklara vəsiqə qazanıb.
2016-cı ildən idman cəmiyyəti kimi fəaliyyət göstərən “Vestri” bundan sonra ölkəsinin ən sürətlə inkişaf edən komandalarından biri olub.
İslandiyada hazırda mövsüm davam edir. Qərb təmsilçisi 9 oyundan sonra 13 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunu 9 iyulda, cavab matçı isə bundan bir həftə sonra baş tutacaq.


