"Araz-Naxçıvan" futbol komandası hər mövsüm iddiası ilə seçilir.
Offsideplus.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi təyin olunan Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlama verib.
38 yaşlı mütəxəssis məsuliyyətli işi ona həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edib:
"Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. "Araz-Naxçıvan" Premyer Liqaya rəng qatan komandalardandır. Hər mövsüm iddiası ilə seçilir".
C.Hüseynov bu komanda ilə uğur qazanmağa çalışacağını vurğulayıb:
"Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək".
Qeyd edək ki, "Araz-Naxçıvan" Cavid Hüseynovla 1 mövsümlük müqavilə imzalayıb.


