Albaniyanın "Eqnatiya" klubunun formasını geyinən Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev ardıcıl ikinci dəfə bu ölkənin çempionu olub. Lakin Zamiq xaricdə çempionluq sevinci yaşayan yeganə futbolçumuz deyil. Maraqlıdır ki, digər oyunçumuz Vüsal İsgəndərli də məhz bu klubun heyətində 2023/24 mövsümündə Albaniya çempionluğunu bayram edib.
Azərbaycan futbolunun tarixinə xaricdə çempionluq yaşayan ilk legioner kimi Nazim Süleymanov düşüb. O, 1995-ci ildə "Alaniya" ilə Rusiya çempionatının qızıl medallarına sahib çıxıb.

Bu uğuru fərqli ölkələrdə təkrarlayan oyunçularımız da var. Ramil Şeydayev iki fərqli çempionatda qızıl medal qazanıb. Hücumçu 2014/15 mövsümündə "Zenit" ilə Rusiya, 2016/17 mövsümündə isə "Jilina" ilə Slovakiya çempionu adını qazanıb.
Siyahıda aşağı liqa çempionluğu yaşayan futbolçumuz da yer alır. Bir müddət millimizin uğurları üçün tər tökən Dmitri Nazarov yüksək liqada olmasa da, "Ertsgebirge" klubu ilə 3-cü Bundesliqanın qalibi olaraq 2-ci Bundesliqaya vəsiqə qazanıb.
Mahir Emreli xaricdə ən çox çempionluq sevinci yaşayan futbolçumuzdur. Emreli nə az, nə çox 5 titul qazanıb. 2021/22, 2022/23, 2023/24-ci illər mövsümündə "Dinamo" ilə Xorvatiya çempionu olan Mahir sonuncu dəfə - 2023/24 mövsümündə ölkədaxili "trebl" edib. Belə ki, o ölkə çempionluğu ilə yanaşı, kubok və superkubokun da qalibi olub.

"Tvente" ilə heç bir oyuna çıxmasa da, Vaqif Cavadov da çempionluq sevinci yaşayan azərbaycanlı futbolçulardandır. O, 2009/10 mövsümünün Niderland çempionudur.
Bonus: Kubok sevinci yaşayanlar
Çempionluq qədər olmasa da, ölkə xaricində kubok sevinci dadan oyunçularımız da mövcuddur. Hazırda "Karvan-Yevlax" komandasında çıxış edən Araz Abdullayev 2012/13 mövsümündə Kiprin "Anortosis" klubu ilə ölkə kubokunun qalibi olmağı bacarıb.


