"Turnirə Avropa çempionatına hazırlıq kimi yollandıq”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında güləş üzrə U17 milli komandasının böyük məşqçisi Mariya Stadnik deyib.
O, Estoniyada yeniyetmə güləşçilər arasında keçirilən “Tallin Open” turnirində yığmamızın çıxışını dəyərləndirib:
“Qızlar üçün əsas məqsəd nəticə yox, öyrənmək idi. Mənə isə məşqçi kimi yarış zamanı onların vəziyyətini görmək, psixologiyalarını daha yaxşı anlamaq və hər birinə fərdi yanaşmanı müəyyən etmək vacib idi. Onların hamısı fərqlidir, hərəsinin özünəməxsus istedadı və fərdi keyfiyyətləri var. Qızlar 5-7 görüş keçirdilər və bu, onlar üçün çox yaxşı təcrübə oldu. Onların çıxışından razı qaldım. Çünki hamısı sona qədər mübarizə apardı.
Bu, mənim məşqçi kimi iştirak etdiyim ilk yarış idi. İdmançı kimi çox şey bilirəm. Amma məşqçi kimi hələ öyrənirəm və bu sahədə uğurlarımdan danışmaq üçün hələ tezdir”.
Stadnik turnirin önəmindən də söz açıb: "Tallin Open" turniri başa çatdıqdan sonra Estoniyada qalıb, beynəlxalq təlim-məşq toplanışına qatıldıq. Bu toplanışda müxtəlif ölkələrdən 250-dən çox idmançı iştirak edir. Bu, qızlar üçün sparrinq tərəfdaşları tapmaq baxımından çox yaxşı imkandır ki, bu da güləşçilərin hazırlığında çox vacibdir".
Qeyd edək ki, 41 ölkənin təmsil olunduğu ənənəvi yarışda U17 milli komandanın böyük məşqçisi Mariya Stadnik və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi çıxış edib ki, onların da 5-i fəxri kürsüyə qalxıb.


