“Maraqlı oyunlar izlədik”.

Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Mütəxəssis Misli Premyer Liqasının XX turunda keçirilən oyunlarla bağlı fikirlərini bölüşüb: “İlk oyun “İmişli”-“Qarabağ” (0:1) matçının aşkar favoriti Ağdam təmsilçisi idi. Həm təcrübə, həm də keyfiyyət baxımından rəqibindən bir baş üstün görünürdü. Lakin burada əsas məqamlardan biri meydança amili idi. Oyun çətin şəraitdə keçdi və “Qarabağ” bu səbəbdən istədiyi futbolu sərgiləyə bilmirdi. Azlıqda qalmalarına baxmayaraq, sonda “Qarabağ” qələbəni əldə etməklə lazım olan 3 xalı qazandı. Hamıya məlumdur ki, Azərbaycan çempionunu qarşıda “Nyukasl”la çətin oyun gözləyir. Bu dövrdə çempionatda qələbə qazanmaq vacibdir. “İmişli” isə yaxşı mübarizə apardı, lakin sonda səviyyə fərqi öz sözünü dedi.

“Zirə” - “Karvan-Yevlax” (1:0) oyununa gəldikdə isə, favorit “Zirə” idi və evdə oynayırdı. Aydın məsələdir ki, “Zirə” belə oyunlarda xal itirmək istəmir. “Karvan-Yevlax” da istəkli görünürdü. Komanda taktiki baxımdan yaxşı təsir bağışlasa da, keyfiyyət burada da həlledici rol oynadı. “Zirə”nin nəticəyə oynadığı hiss olunurdu və komanda istəyinə nail oldu. Turnir cədvəlinə baxsaq, 3-cü və 6-cı yerlər uğrunda mübarizə daha da gərginləşib. Bu baxımdan hər qarşılaşma “Zirə” üçün xüsusi əhəmiyyət daşıyır.

Maraqlı oyunlardan biri “Araz Naxçıvan” – “Sumqayıt” (1:0) qarşılaşması oldu. Bu komandalar turnir cədvəlində bir-birinə çox yaxın olduqları üçün hər iki komanda üçün 3 xal olduqca vacib idi. Matç bərabər səviyyədə keçdi. Əvvəlki oyunlara baxdıqda “Araz-Naxçıvan” daha yaxşı təsir bağışlayırdı. Bu dəfə daha inamlı oyun nümayiş etdirərək istədiyi 3 xalı qazandı. “Sumqayıt” isə növbəti xallarını itirməklə vəziyyətini bir qədər çətinləşdirdi. Əgər komanda avrokuboklara vəsiqə qazanmaq istəyirsə, maksimum xal toplamalıdır”.

 Mütəxəssis  “Kəpəz” – “Neftçi” (1:3) matçının da maraqlı keçdiyini vurğulayıb: “Son oyunlarda “Neftçi”nin qazandığı qələbələr sual doğururdu: bu, təsadüfdür, yoxsa komandada doğrudan da irəliləyiş var? “Neftçi” bu oyunda həmin suallara cavab verdi. Komanda avrokubok zonasına düşmək üçün vacib qələbə qazandı. “Kəpəz” ilk hissədə müqavimət göstərsə də, ikinci hissədə Neftçi açıq-aşkar üstün oyun nümayiş etdirərək layiqli qələbə əldə etdi.

“Şamaxı” – “Turan Tovuz” (0:0) oyununa gəldikdə isə, həm gərginliyi, həm də prinsipiallığı ilə diqqət çəkirdi. Turnir cədvəlindəki vəziyyətə baxsaq, “Turan Tovuz”a  3 xal daha vacib idi ki, avrokubok zonası uğrunda mübarizədə şanslarını artırsın. Lakin “Şamaxı” hər komanda üçün başağrısı ola bilir.  Bu oyunda da mübarizliyi və istəyi sayəsində 1 xal qazanmağı bacardı. Qarşılaşma bərabər səviyyədə keçdi və meydanın hər qarışı uğrunda amansız mübarizə getdi. Sonda ədalətli nəticə qeydə alındı — heç-heçə.

Turun sonuncu oyunu olan “Qəbələ” – “Sabah” (0:1) qarşılaşmasına gəldikdə isə, liderlə autsayderin oyunu olsa da, olduqca maraqlı keçdi. İki fərqli hissə izlədik. İlk hissədə “Sabah” üstün təsir bağışlayırdı, “Qəbələ” isə əks-hücumlarda qol vurmağa çalışırdı. Lakin ikinci hissədə tam fərqli “Qəbələ” gördük. Komanda bundan əvvəl “Neftçi” ilə oyunda da ikinci hissədə yaxşı təsir bağışlamışdı. “Qəbələ” bu oyuna görə alqışa layiqdir. Lakin belə qarşılaşmalarda nəticə gözəl oyundan daha vacib sayılır”.

Qeyd edək ki, 20 turdan sonra 49 xalı olan “Sabah” turnir cədvəlinin lideridir.