Sosial şəbəkələrdə "Qarabağ"ı dəstəkləməsi ilə məhşur olan 6 yaşlı Əlinin atası Rövşən Mövsümov Offsideplus.az saytına oğlunda yaranan "Qarabağ" sevgisi, eləcə də futbola yaranan marağı barədə müsahibə verib.
Müsahibəni təqdim edirik:
– Əslən haralısız?
– Biz Rusiyadanıq, lakin artıq il yarımdır ki, Azərbaycanda yaşayırıq. Əli yarı azərbaycanlı, yarı yakutdur.
– Əlidə futbola maraq nə vaxtdan başlayıb?
– Onun 6 yaşı var, Əlini futbolla mən tanış etmişəm. Futbola olan əlavə sevgisi və marağı isə Kriştianu Ronaldu sayəsində yaranıb.
– "Qarabağ"a azarkeşlik etməsi və sevgisi necə formalaşıb?
– Əlidə "Qarabağ" sevgisi də mənim vasitəmlə formalaşıb. Mən özüm azərbaycanlı olsam da, Azərbaycanda yaşamamışam, Rusiyada böyümüşəm. Mənim üçün "Qarabağ" futbol klubu hər zaman Vətənin təcəssümü olub, buna görə də qəlbim həmişə "Qarabağ"la döyünüb. Bu sevgini oğlum Əliyə də ötürmüşəm.
– Komandada ən çox sevdiyi əncəbi və azərbaycanlı futbolçu kimdir?
– Qarabağ"dan 2 futbolçunu bəyənir: Elvin Cəfərquliyev və Kamilo Duran. Digər ölkələrdən isə, təbii ki, Ronaldu, Messi, Dembele və Məhəmməd Salah.
– Başqa hansı komandalara azarkeşlik edir?
– Əli, həmçinin Ronaldu orada oynadığı üçün "Əl-Nəsr" klubuna və eyni zamanda "Barselona"ya azarkeşlik edir.
– Sosial şəbəkələrdə məşq görüntüləri var. Hansısa akademiyada çıxış edir?
– Əli hələ ki heç bir peşəkar klubun üzvü deyil, lakin "Ulduz" klubunda ödənişli kurslarda məşq edir. Qrupları kiçik olduğu üçün hələ ki müəyyən bir mövqe olmadan, bacardıqları kimi oynayırlar. Gələcəkdə ya "Qarabağ", ya da "Sabah" klubunun akademiyasına daxil olmaq istəyirik. Həmçinin, əgər Bakıda "Barselona"nın akademiyası açılarsa, ora qəbul olmağı çox istərdik.
– Gələcəkdə hansı klubda oynamağı arzulayır?
– Gələcəkdə hansı klubda oynamasından asılı olmayaraq, istəyirəm ki, Əli Azərbaycanı təmsil etsin və beynəlxalq turnirlərdə bizim milli komandamızın şərəfini qorusun.
– “Qarabağ”ın cari mövsüm Çempionlar Liqasında çıxışını necə dəyərləndirirsiniz?
– Əli "Liverpul"a uduzduqları üçün çox məyus oldu və ağladı, çünki qələbəyə ümid edirdi. İndi isə "Nyukasl"la oyunda "Qarabağ"ın qələbə qazanacağına tam əmindir. "Qarabağ"ın Çempionlar Liqasına vəsiqə qazanması və orada belə parlaq çıxış etməsi bütün ölkə üçün böyük qürur mənbəyidir. "Nyukasl"la oyuna gəlincə, təəssüf ki, biletləri vaxtında ala bilmədiyim üçün oyuna stadionda baxa bilməyəcəyik. Ümumiyyətlə, "Qarabağ"ın Çempionlar Liqasındakı oyunu mənim xoşuma gəlir. Futbolçulardan xüsusilə Kamilo Duran yaddaşımda qalıb. Eyni zamanda, sosial şəbəkələrdə digər ölkələrdən olan insanların "Qarabağ"ın oyununa heyran qaldıqlarını müşahidə edirəm. Bu, məndə qürur hissi yaradır. Hesab edirəm ki, ayın 18-də "Nyukasl"a qarşı keçiriləcək matçda "Qarabağ" gərgin mübarizədə qalib gələcək.
@offside.aze “Qarabağ”ın azyaşlı azarkeşi Əli “Liverpul"a uduzduqları üçün ağladı #futbol #qarabağ #liverpool ♬ original sound - Offside



